Şirkətdən verilən məlumata görə, "Karsan Otonom e-ATAK" Finlandiyanın ilk sürücüsüz elektrik avtobusu olub.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, son illərdə avtomobil dünyasında avtonom və elektrik nəqliyyat vasitələri iki görkəmli texnologiya olaraq seçilir. "Karsan" avtonom nəqliyyat vasitəsi "e-ATAK" ilə hər iki texnologiyanı ictimai nəqliyyat sistemlərinə gətirir. Xüsusilə, Skandinaviya ölkələrində getdikcə populyarlaşan "Karsan" Finlandiyanın ilk avtonom elektrik avtobusu olmağı bacardı.
Mövzu ilə bağlı şirkətdən verilən açıqlamada "Karsan"ın elektrikli və avtonom avtomobilləri ilə Avropanın nəqliyyat infrastrukturunu yeniləməyə davam etdiyi bildirilib: "Bu çərçivədə "Karsan", keçən noyabr ayında Skandinaviya ölkələrinin ən böyük ictimai nəqliyyat orqanlarından biri olan Norveç "VY Group" ilə avtonom avtomobil satışı müqaviləsi imzalayıb. İndi isə müqavilə çərçivəsində "Karsan" Tampere şəhərində istifadə edilmək üçün "VY Group" və Finlandiyanın "REMOTED" şirkətinə 1 ədəd 8 metrlik Avtonom e-ATAK-ı təhvil verdi", - deyə bildirib.
Tampere şəhərində istifadə olunacaq
"Karsan" direktoru Okan Baş bildirib ki, avtomobil Finlandiyanın sərnişin daşıyan və real yol şəraitində istifadə edilə bilən ilk tam ölçülü sürücüsüz avtobusu olacaq: "Artıq "Karsan" planlaşdırılmış satış strategiyaları ilə hər bazarda ilklərə imza atmağa davam edir. Bu yeni layihə ilə biz Tampere şəhərini ictimai nəqliyyat təminatının həllində bir addım irəli aparırıq. Biz Skandinaviya bazarlarında avtonom və elektrik nəqliyyat vasitələrimizlə ictimai nəqliyyat problemlərinin həlli üçün əsas tərəfdaş olmağa davam edəcəyik", - deyə şirkətin rəhbəri bildirib.
Karsan ilə işləyən "ADASTEC"in baş direktoru Dr Ali Peker də açıqlama verib. "Biz "REMOTED"ə "Karsan" və "Applied Autonomy" ilə əməkdaşlığımız çərçivəsində layihəmizi həyata keçirməyimizə icazə verdiyi və baxışımıza etibar etdiyi üçün təşəkkür etmək istərdik. Bütün şəraitdə təhlükəsizlik və səmərəliliyi prioritetləşdirən texnologiyamız təkcə mövcud əməkdaşlığımızın gücünü nümayiş etdirmir, həm də gələcəyin daşıma həlləri ilə bağlı ümumi baxışımızı təcəssüm etdirir", - deyə o bildirib.
Qadir, Bizimyol.info