Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik statistika ilə öyünür... Adında torpaq və ya "qocalmış" maşını olan vətəndaş sosial yardım almır
Nazirlik statistika ilə öyünür... Adında torpaq və ya "qocalmış" maşını olan vətəndaş sosial yardım almır

Xüsusilə, son illərdə əhalinin yoxsullaşması hiss olunur. Sosial şərtlər ağırlaşıb. İşsizlik özünü daha qabarıq göstərməyə başlayıb. Pensiyaçıların sayı çox azalıb. Sosial yardım almaq çətinləşib. Dövlət Statistika Komitəsinin məlumatları vəziyyəti daha aydın göstərir. Sosial yardım alanların sayı da nəzərəçarpan dərəcədə azalıb.

Bizimyol.info xəbər verir ki, yeni məlumat təxminən 18 min 500 nəfərin dövlətin yardımından məhrum edildiyini ortaya qoyur. 2023-cü ilin yekunlarına görə, 64 min ailənin 272 min 300 üzvü ünvanlı sosial yardım alıb. Keçən il say 290 min nəfərdən çox olub. Təbii ki, yardım görən ailə sayının azalması da müşahidə edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha çox bir statistika ilə öyünə bilər. Bir nəfərə düşən orta aylıq məbləğ 88,09 manatdan 114,3 manata yüksəlib. Keçən il ehtiyac meyarı həddinin artması özünü göstərib. Dəyişiklik həmin meyarın 2022-ci illə müqayisədə 23 faiz artırılaraq 246 manat müəyyənləşdirilməsi ilə bağlı olub.

Deputat Vüqar Bayramov hesab edir ki, sosial yardım məsələsinə yanaşma dəyişməlidir: “Ünvanlı sosial yardım alanların sayındakı azalma bu istiqamətdə şərtlərə yenidən baxılmasını daha da aktuallaşdırır. Məsələn, ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda yardıma müraciət etmək hüququna malik olmur. Halbuki daha məqsədəuyğun olardı ki, bu tələb istehsal ili çox köhnə olan avtomobillərə şamil edilməsin. Aydındır ki, buraxılış ili çox köhnə olan avtomobil nə dəyər baxımından, nə də ailənin gəlir mənbəyi baxımından xüsusi paya malik ola bilmir. Bütövlükdə, son statistika ünvanlı sosial yardım proqramı ilə bağlı mövcud fiskal imkanlar çərçivəsində təkmilləşdirilmələrin aparılmasını daha da prioritetləşdirir”.

Vüqar Bayramov Vüqar Bayramov

Deputat vacib məqama toxunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşın köhnə də olsa, avtomobilinin olmasını xüsusi fərqləndirir. Bununla da, həmin şəxsə imtina cavabı verilir. Halbuki, yaşı 30-a çatan avtomobilinin olması hələ yoxsul həyatı yaşamadığı anlamına da gəlmir.

Torpaqla bağlı məsələ, lap gülməlidir. Adında pay torpaq sahəsi olanlara dərhal imtina cavabı verilir. Axı ucqar dağ kəndində torpaq sahəsinin olması hələ üstünlük deyil. Nazirlik onu əsas gətirir ki, kəndlinin torpağı varsa, əkib-becərmək imkanı qazanıb. Hansı pulla? Hansı su ilə? Bunu düşünən var? Nazirliyinin sahəyə qulluq üçün texnikanın kirayə qiymətlərindən xəbəri yoxdur, deyəsən. İndi dağ kəndində yaşayanlar çox aciz durumdadır. Ümidləri sosial yardımadır, o da verilmir.

Baş Prokurorluqdan da Bizimyol.info xəbər portalına bildirilib ki, vətəndaşların ən çox şikayətçi olduğu məsələlərdən biri sosial təminatla bağlıdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş vətəndaş müraciətlərlə bağlı təhlillər bu nəticəni ortaya qoyub.

"Təhlillərdən görünür ki, vətəndaşları narahat edən məsələlər sırasına sosial müdafiə və sosial təminat sahəsi ilə bağlı mövcud olan hüquqpozmalar və sui-istifadə hallarıdır", - Baş Prokurorluqdan bildirilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »