Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda insanlar bir-birinin dini inancına və ibadətinə hörmət edir"
"Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda insanlar bir-birinin dini inancına və ibadətinə hörmət edir"

Azərbaycan Qafqazın multikultural və tolerant ölkəsi və lider dövlətidir. Multikulturalizm və tolerantlıq ta qədim dövrlərdən qədim zamanlardan yaşam tərzi olub. Azərbaycan bütün dünyada məscidlərin, kilsələrin və sinaqoqların yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı milli və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı multikulturalizm mərkəzi kimi qəbul edilir.

Qeyd edək ki, Azərbaycanda din dövlətdən ayrıdır. Yəni bütün dinlər qanun qarşısında bərabərdir. Hər kəs sərbəst şəkildə öz dinini müəyyən edə, istədiyi kimi istər sərbəst istərsə də başqalar ilə birlikdə istənilən dinə etiqad edə bilər və yaxud heç bir dinə inanmaya bilər. Bu barədə Azərbaycan Respublikasının Konstursiyasında da qeyd edilb. Məsələn, Azərbaycanda Katolik icması 1999-cu ildə qeydiyyatdan keçib. Bu da 70 illik ateist dönəmindən sonra ilk dini icma olub. Bu gün Azərbaycanda 8 sineqoq var. Bu da o deməkdir ki, Azərbaycanda hər kəs sərbəst şəkildə öz dininə etiqad edə və bütün zəruri ayinləri yerinə yetirə bilər.

Tolerantlıq, Azərbaycan xalqının və dövlətinin əsl milli-mənəvi dəyəridir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində qeyd edib ki, “əsrlər boyu Azərbaycanda müxtəlif millətlərin, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi dostluq və qardaşlıq şəraitində yaşayıblar. Azərbaycanda dini və milli tolerantlığın çox uzun və şərəfli tarixi var”…

Hazırda müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Qeyd etdiyim kimi Azərbaycan o qədər tolerant bir ölkədir ki, hər kəs müstəqil şəkildə oruc tuta da bilər, tutmaya da… Bütün restoranlar, kafelər fəaliyyətini davam etdirir, oruc tutanlarla tutmayanlar eyni masa arxasında otura bilir. Hər kəs bir-birinə hörmət edir. Amma biz bunun əksini bəzi ölkələrdə görə bilirik. Məsələn, bəzi ölkələrdə Ramazan ayında kafelər və restoranlar sadəcə iftar saatlarında fəaliyyət göstərir.

Hətta oruc tutanlar oruc tutmayan gördükləri zaman mübahisələr də müşahidə olunur. Yəni insanlar bir-birinin dini inancına və seçimlərinə müdaxilə etməkdə özlərini "haqlı" bilirlər. Amma din seçimi, oruc tutmaq və ya tutmamaq hər kəsin öz seçimidir. Ən azından bu, Azərbaycanda belədir. Azərbaycanda heç kim heç kimi dinini dəyişməyə, din seçiminə təsir etməyə, dini ayinlər keçirməyə və dini ayinlərdə iştirak etməyə məcbir edə bilməz. Çünki hər kəs dini inancını yaşamaqda azaddır…

Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, bu kimi məsələlər Azərbaycanda ənənəyə əsaslanır. Bu səbəbdən də, proseslərə baxdığımız zaman bu mənada Azərbaycan, əksər müsəlman ölkələrindən seçilir. Ceyhun Məmmədov qeyd edib ki, bu mənada bizim ölkəmizdə tolerantlıq və bir-birinə hörmət ən yüksək səviyyədədir.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

“Yəni bu gün insanlarımız bir-birinə hörmətlə yanaşmağı və bir-birinə hörmət etməyi ən yüksək səviyyədə bacarır. Bu isə, bizim ən böyük uğurlarımızdan və nailiyyətlərimizdən biridir. Və oruc tutan tutmayana, tutmayan tutana hörmət edir”-deyə deputat vurğulayıb.

Ceyhun Məmmədov qeyd edib ki, hansısa bir məhdudiyyət və qadağanın tətbiqi barədə heç kim heç nə danışmır. Deputat hesab edir ki, bu çox güclü bir ənənə və çox önəmli bir dəyərdir. Biz də bu dəyərləri qorumalıyıq.

“Bu gün Azərbaycan bu mənada əksər müsəlman ölkələrindən seçilir. Bu gün restoranların, ticarət mərkəzlərinin fəaliyyət göstərməsi, oruc tutmaq istəyən insanların oruc tutması, oruc tutmaq istəməyənlərin tutmaması və insanların bir-birinə bu mənada hörmətlə yanaşması düşünürəm ki, bizim böyük mədəniyyət və ənənə sahibi olduğumuzu göstərir. Biz bu gün bu ənənələri və dəyərləri qorumağa çalışmalıyıq. Bunun üçün çox ciddi formada iş aparmalıyıq. Çünki bu, çox önəmli və dəyərli bir nümunədir”-deyə deputat əlavə edib.

P.S. Azərbaycan insanı din seçimində azad olduğu üçün və din ilə istismar edilmədiyi üçün daha ağıllı qərarlar verməyi bacarır. İnsanları din ilə aldadıb, din ilə sınamaq, din ilə köləyə çevirmək mümkündür. Azərbaycanda heç kim dini ilə sınanmır, köləyə çevrilmir, din ilə aldadılmır, din ilə məcbur edilmir. Bu baxımdan Azərbaycan dini mövzu çərçivəsində dünyanın ən azad ölkəsidir…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.

Son xəbərlər
Bütün xəbərlər »