Alimlər aşkar ediblər ki, tardiqrad zülallar insan hüceyrələrində maddələr mübadiləsini ləngidə bilər və bu, bir gün qocalma prosesini yavaşladan texnologiyalara gətirib çıxara bilər.
Bizimyol.info xəbər verir ki, tardigradlar (su ayıları) dünyanın ən pozulmaz həyat formalarından biridir və ekstremal şəraitdə yaşamaq qabiliyyətini nümayiş etdirir.
Onlar tamamilə qurudulmuş, dondurulmuş, 150 dərəcədən yuxarı qızdırılanda, insanın dözə biləcəyindən bir neçə min dəfə artıq işığa məruz qalanda və hətta kosmos vakuumunda da sağ qala bilirlər.
Əvvəlki araşdırmalar göstərib ki, uzunluğu yarım millimetrdən az olan bu canlılar ekstremal şəraitə məruz qaldıqda bədənlərini qorumaq üçün vegetativ vəziyyətə keçə bilirlər.
Alimlər tardiqradların ekoloji stresslərlə qarşılaşdıqları zaman bu müvəqqəti ölüm vəziyyətinə daxil olub çıxmaq üçün hansı mexanizmlərdən istifadə etdiyini öyrənməyə çalışıblar.
İndi ABŞ-ın Vayominq Universitetinin ("UW") rəhbərlik etdiyi tədqiqat qrupu, tardiqradların həyat proseslərini yavaşlatmaq üçün hüceyrələrinin içərisində gel əmələ gətirən zülallardan istifadə etdiyini aşkar etdi.
Onlar kəşf etdilər ki, bu zülallar insan hüceyrələrinə əlavə edildikdə, molekullar tardiqradlarda olduğu kimi jelləşir və maddələr mübadiləsini yavaşlatır.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, bu tardiqrad zülallarını istehsal edən insan hüceyrələri müvəqqəti ölüm vəziyyətinə gətiriləndə hüceyrələr stresslərə qarşı daha davamlı olur.
Su ayılarının bəzi qabiliyyətlərini insan hüceyrələrinə qazandıran bu prosesin geri dönə bilən olduğu da müəyyən edilib. "Stress aradan qaldırıldıqdan sonra, tardiqrad gellər əriyir və insan hüceyrələri normal metabolizmə qayıdır", - deyə "UW"dan tədqiqatın həmmüəllifi Thomas Boothby.
Əvvəlki araşdırmalar, hemofiliyalı xəstələrin müalicəsində istifadə edilən əhəmiyyətli bir dərmanın müxtəlif növ tardiqrad zülalları ilə sabitləşdirilə biləcəyini ortaya qoyub. Ən son tapıntı, qocalmanı yavaşlatmaq üçün hüceyrələrdə və hətta bütün orqanizmlərdə müvəqqəti ölüm vəziyyətinə səbəb olan yeni texnologiyaların inkişafına səbəb ola bilər.
Tapıntı, həmçinin tardiqradlardan əldə edilən zülalların, soyuducuda saxlanması mümkün olmayan insanlara həyat qurtaran müalicələr çatdırmaq və kök hüceyrələr kimi müalicələrin saxlama potensialını artırmaq üçün istifadə oluna biləcəyinə dair əlavə sübutlar təqdim edir.
Qadir, Bizimyol.info