Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Fazil Mustafa ona qarşı sui-qəsdlə bağlı məhkəməyə ərizə verdi: orada yazılanlar...
Deputat Fazil Mustafa ona qarşı sui-qəsdlə bağlı məhkəməyə ərizə verdi: orada yazılanlar...

Deputat Fazil Mustafaya qarşı avtomat silahla sui-qəsddə ittiham olunan Azər Səricanov, Səbuhi Şirinov, Elşad Əsgərov, Rəşad Əhmədov və Emin Əliyarovun məhkəməsi martın 29-da davam etdirilib.

Bizimyol.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində zərərçəkmiş deputat Fazil Mustafanın ərizəsi elan olunub. Ərizədə millət vəkili zərərçəkmiş qismində istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edib. O, həmin ifadəsində başına gələnləri ətraflı təsvir edib.

Deputat Fazil Mustafanın ərizəsi cinayət işinə əlavə olunub.

Daha sonra məhkəmədə təqsirləndirilən Rəşad Əhmədovun tanışı Xəyyam Musayev şahid qismində ifadə verib. O bildirib ki, Rəşad Əhmədov ona silah verib. O isə həmin silahı 800 manata Elşən adlı şəxsə satıb. Həmin Elşəni də, onu da qanunsuz silah saxlamağa görə həbs ediblər. Xəyyam Musayevin sözlərinə görə, o, Qaradağ rayon Məhkəməsinin hökmü ilə silaha görə 4 il azadlıqdan məhrum edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin iki əməkdaşı da bugünkü məhkəmədə şahid qismində ifadə verib. Onlar təqsirləndirilən Rəşad Əhmədovun ötən il aprelin 14-də saxlanması haqda ifadə verib. Polis əməkdaşları bildirib ki, Rəşad Əhmədovu daxil olmuş əməliyyat məlumatı əsasında Ələt qəsəbəsində şübhəli şəxs qismində saxlayıblar. Məlumat onun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idi. Saxlanılanda onun üstündən narkotik tapıldığını da qeyd ediblər.

Hakim Elnur Nuriyev elan edib ki, ittiham tərəfin şahidlərindən məhkəmədə dindirilməmiş iki nəfər qalıb - polis əməkdaşı və Fazil Mustafanın qonşusu Tünzalə Kərimova.

Proses iştirakçıları Tünzalə Kərimovanın istintaqa ifadəsini elan etməyə razılıq verib. O, ifadəsində hadisə günü atəş səsləri eşitdiyini, çölə baxanda 170-175 santimetr boyu olan, qara paltarlı, başında papaq olan bir kişinin qaçdığını bildirib. Onun sözlərinə görə, hava

qaranlıq olduğuna görə həmin kişinin üzünü görə bilməyib.

Digər şahid Rüstəm Rüstəmov isə növbəti dəfə məhkəməyə dəvət olunacaq.

Bu iş üzrə növbəti məhkəmə prosesi aprelin 5-də keçiriləcək.

Deputat Fazil Mustafaya qarşı sui-qəsd martın 28-də axşam saat 22.00 radələrində baş verib. Millət vəkili Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Araşdırmalar zamanı deputata “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açıldığı müəyyənləşdirilib.

Hadisədən sonra Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb, millət vəkilinə qarşı baş verənlər terror aktı kimi qiymətləndirilib. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxslər İrandan gələn sifariş və 30 min dollar müqabilində Fazil Mustafanı öldürməyə cəhddə ittiham olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) və 277-ci (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb. Bəzilərinə əlavə olaraq, Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 234 (narkotik əldə etmə, saxlama) və 274-cü (dövlətə xəyanət) maddələrilə də ittiham irəli sürülüb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »