Elmi, sosial, siyasi yazıları ilə tanıdığımız məşhur alim, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Nemət Məmmədlinin poetik ifadələri.
MƏN BURA ANAMI GÖRMƏYƏ GƏLDİM
Sevimli Xalq şairimiz Ramiz Rövsənə hörmət və sayğılarla.
Mən bu sevilməli, mən bu sevməli,
Dünyaya sevilib, sevməyə gəldim.
Bir dünya tapılmaz bundan sevməli,
Mən də tamahlanıb sevməyə gəldim.
Hələ bu dünyada izim yox idi,
Ana bətnindəydim, sözüm yox idi
Duyurdum anamın məhəbbətini,
Mən bura anamı görməyə gəldim.
İşıqlı dünyada gözümü açdım,
Bəsirət gözüylə dünyaya baxdım
Allahın nurundan bəhrələnərək
Sevməli kim varsa hamısın tapdım.
25.06.2023
SAZ HAVASINDA...
Bu millət uludur, çox da qədimdir.
Sorağı tarixin dibindən gəlir.
Şeri də, sözü də qəlbəyatandır.
Atalar sözləri dada çatandır.
Ozanlar söz deyib, rahatlanıblar
Aşıqlar saz çalıb, qanadlanıblar.
Şairlər fəlsəfi fikirlərilə,
Könül dünyamıza işiq saçıblar.
Biz də böyümüşük söz yarışında,
Aşıq avazında, söz savaşında.
Dünya at belində qılınc çalanda,
Hünər göstərmişik saz havasında.
Aşıq Ələsgərin hikməti vardır,
Aşıq Ədalətin simli sazında.
Onun "Rühanisi "aparır bizi,
Ruhlar dünyasına saz havasında.
18.08.2023
HƏR ÖMÜR BİR KİTABDIR
Hər ömür bir kitabdır,
Sözlü, söhbətli, sirli.
Ya qatı açılmamış,
Ya solmuş, əzik, kirli.
Solmaq zamandan gəlir,
Vaxt ömür ölçüsüdür.
Qocalığa aparan,
Qəlbin üzüntüsüdür.
Əziklik, sıxıntıdan,
Qəmdən, kədərdən gəlir
Gözlənməyən məqamda
Dəyən zərbədən gəlir.
Kitab rəfdə qalanda,
Qatı açılmayanda,
Dilbilməz, qaradinməz,
Adamlara bənzəyir.
Heç kəsin əli dəymir
Heç kəslə sövdələşmir.
Cansızlaşır, bütləşir,
Məramını dəyişir.
Kitabla söhbət edin,
Kitab canlı aləmdir.
Orada yazılanlar
Ağıl-zəkadan gəlir.
Zəka sahiblərinin
Dünyaya verdikləri
Allahın dərgahından,
Göydən, səmadan gəlir.
11.10.2023
CİSMƏ ƏSİR DÜŞMƏYİN
Cismə əsir düşməyin.
Çünki yolu daşlıdır.
Görüntüsü cəlbbedən,
Məğzi bulaşıqlıdır.
Çingiz xanın məzarı
Bilinməyir hardadır,
Napalyon soyduqları
Parisdə, Luvrdadır
Nefertiti Piterdə
Nevanın sahilində,
Afrikanın şirləri
Qədim bulvarlardadır.
Bəs, dəbilqəli-cüssəli,
Qəzəbli və hikkəli,
Gəzəndə Yer titrədən
Şərqi soyub gətirən
Pəzəvənglər hardadır?
Əlbətdə Yerin altda,
Lıqqada, qaramatda,
Əbədi qazamatda.
Adı it dəftərində,
Ruhu da çarmıxdadır.
9.01.2024
AZƏRBƏYCAN
Qədim dünyamızın mərdlik məkanı,
Şöhrəti dolaşır bütün dünyanı.
Hər yeri cənnətdir, bağdır, bağatdır,
Vücudu ürəkdir, qoldur, qanaddır.
Altı da, üstü də zərdir, qızıldır.
Ən böyük sərvəti insanlarıdır.
Günəşdən götürür, nuru, qüdrəti,
Adında gizlənib kodu-hikməti:
Azər-ucalıqdır, oddur-atəşdir.
Müdrik babaların ruhundan gəlir.
Bəycan, bəy canlıdır, vətən canlıdır.
Kökdən gələn bəylik nəslə bağlıdır.
Qüvvədir, ürəkdir, bəxtəvərlikdir
Mərdləri yüksəldən hünərvərlikdir.
Əjdadlarımızın qıllnc səsləri,
Bədo atlarının ayaq səsləri,
Sərin bulaqların şırıltısında,
Əsən küləklərin sədasındadır.
Azərbəycan, Azərbəycan!
Həmişə yaşıl, həmişə cavan!
11.01.2024
DANIŞMAQ BİR BAŞQA, YAZMAQ BİR BAŞQA
Danışmaq asandır, yazmaq çətindir,
Çünki yazılanlar zəkadan gəlir.
Kim bilir, kim yazıb, kim oxuyacaq,
Özündən razılar nə uyduracaq.
Səhərdən-axşama hamı danışırr,
Evin pişiyindən, çölün itindən,
Səhranın zülmündən, dağın risqindən,
Qədim insanların mətinliyindın.
İnsan nə görürsə, onu götürür,
Yaxşı bildiyini yazıb ötürür.
Yazmaq danışığı rəsmiləşdirir,
Fikri-düşüncəni dəqiqləşdirir.
Əvvəl dediyini sonra danarsan,
Amma, yazdığına təslim olarsan.
Odur ki, yazını uçuz tutmayın,
Ömür sonsuz deyil, heç unutmayın.
Yazılan nə varsa, hardasa qalır,
Gələn nəsillərə müjdə aparır.
Çalışın millətin qeydinə qalın,
Düşünün danışın, düşünün yazın.
Zaman da dəyişir, dövranda başqa,
Danışmaq bir başqa, yazmaq bir başqa.
Hər biri vacibdir ünsiyyət üçün,
Ömrü gülüstana çevirmək üçün.
22.01.2024
PARA-PULİT XƏSTƏLƏRİ
Para-pulit xəstəlikdir,
Xroniki ağır, illət.
Görünməmiş bir bəladır,
Düçar olub bir çoxları.
Cəfası çox, ağrısı yox
Həm dərd verir, həm əziyyət.
Para heç vaxt bütöv olmaz,
Milyon olsun, ya da milyard.
Yığılacaq manat-manat.
Xərclənəcək karat-karat.
Mən demirəm, bunu deyir,
Bizim Quran, İncil, Tövrat.
Sağın para, solun para,
Qoy sandığa, tik divara.
Arkadaşın xəstə yatır,
Versən,verəcəy dərmana
Vermə saxla, yekələnsin,
Bir az da ərsəyə gəlsin,
Puçurlansın, yarpaqlansın,
Aşsın-daşsın, ərşə çatsın
Ərşin yolu haçalıdır,
Para-pulit israrlıdır.
Əvvəl-axır "Dur!" deməsən
Sonun iflas məqamlıdır.
Duyacaqlar, pusacaqlar,
Qazacaqlar, tapacaqlar,
Alacaqlar, satacaqlar,
Axırına catacaqlar.
Pulun sadiq nökərləri,
Para-polit xəstələri.
7.02.2024
TƏFƏKKÜRÜN AÇARI
İndi hamı danışır,
Bilən də, bilməyən də,
Atır sözü havaya
Ürəyi istəyəndə.
××××××
Demir ki, ətrafında
Bəlkə düşünən də var,
Kəlməni göydə tutar,
Atar-tutar qaytarar.
×××××××
Çalışın tələsməyin,
Hardasa danışanda,
Xüsusilə cəm olun
Millətdən danışanda.
×××××××
Millət hamının deyil,
Dərdini, sevgisini,
Zehnində cəmləşdirən
Vətənpərvərlərindir.
×××××××
Odur ki, tələsməyin
Əvvəl yaxşı dinləyin,
Sonra götür-qoy edib
Fikrinizi söyləyin.
×××××××
Söz kəlamdır, yerində,
Yazarsan, danışarsan,
Fikrini nizamlayıb,
İstəyinə çatarsan.
×××××××
İnsanın qiymətini
Düşüncəsi artırır.
Düşüncənin saflığı
Nitqi aydınlaşdırır.
××××××××
Nitqə bəlağət verən,
Düşüncədir, zəkadır,
Bütün bu deyilənlər
Təfəkkürlə bağlıdır.
××××××××
Təfəkkürün açarı,
Yalnız oxumaqdadır;
Bünövrəsi oxumaq,
Divarları oxumaq,
Zirvəsi oxumaqdır.
24.03.2024