Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xalqımızın keçdiyi yolları, başına gətirilən faciələri daim xatırlatmalı və gələcək nəsillərə çatdırmalıyıq"
"Xalqımızın keçdiyi yolları, başına gətirilən faciələri daim xatırlatmalı və gələcək nəsillərə çatdırmalıyıq"

106 il əvvəl 31 martda baş vermiş hadisələr Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri hesab olunur. Çar Rusiyasının süqutu zamanı əvvəllər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış ermənilər hakimiyyət böhranından istifadə edərək Azərbaycanın kənd və şəhərlərinin əhalisini qıraraq azərbaycanlıların torpaqlarını ələ keçirməyə başladılar. 1905-ci ildən başlayaraq ermənilərin hərəkətləri mütəşəkkil xarakter alır. Ermənilər fəal surətdə silahlanır, Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakıda vəziyyətin sabitliyini pozurdular. Onlar yerli əhalini qorxutmağa, bölgədəki vəziyyətdə çaşqınlıq yaratmağa çalışırdılar. Rusiyada Oktyabr inqilabından sonra bolşeviklər və erməni daşnakları Bakıya nəzarəti ələ keçirdilər. 1918-ci il martın 30-dan aprelin 3-dək erməni və bolşevik quldur dəstələri Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və Azərbaycanın digər bölgələrində 50 min azərbaycanlını qətlə yetirdilər. Ermənilərin vəhşiliklərinə yalnız Osmanlı dövlətinin hərb naziri Ənvər Paşanın göstərişi ilə yaradılmış Qafqaz İslam Ordusu Azərbaycana gəldikdən sonra son qoyuldu.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına 31 mart soyqırımının tarixindən danışıb.

Vüqar İskəndərov Vüqar İskəndərov

“1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisinin kütləvi surətdə qətlə yetirilməsi erməni millətçilərinin bəşəriyyət qarşısında növbəti vəhşiliyinin təzahürüdür. İnsanlığın ləkəsi olan bu mənfur qonşular tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər”.

Deputat qeyd edib ki, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar bunu deməyə əsas verir ki, xalqımız 20-ci əsrin əvvəllərində tarixinin ən böyük faciələrindən birini - mart soyqırımını yaşayıb. Statistikaya nəzər saldıqda, bu dəhşətin miqyasını görə bilərik. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, on minlərlə insanı öz torpaqlarından qovub, işgəncələrə məruz qoyub, onlara qəsdən fiziki xəsarət yetiriblər. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etməklə uşaqdan böyüyədək hər kəsi qətlə yetirib. Əlbəttə, bu baş verənlər ötən əsrin əvvəllərində olsa da faciə qurbanları bizim soydaşlarımızdır və biz dünyaya bu soyqırımı xatırlatmalı və özlərini hər çətinə düşəndə “yazıq” vəziyyətinə qoyan mənfur qonşularımızın əsl xislətini, iç üzünü açıb göstərməliyik. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı faciə qurbanlarının araşdırılması, faciə haqqında informasiyaların daha da geniş kütləyə çatdırılması istiqamətində atılmış addımların başlanğıcı idi.

“Ulu öndər çıxışlarının birində bu məsələnin araşdırılması və dünyaya çatdırılmasını gələcək nəsillərin müqəddəs borcu adlandırmışdı: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırım qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.” – deyə Vüqar İskəndərov bildirib.

Deputat bildirib ki, bu gün bu istiqamətdə cənab prezident İlham Əliyevin də atdığı addımlar hadisələrin daha təfərrüatlı formada araşdırılmasına imkan yaradıb. Soyqırımı qurbanları üçün yaradılmış memorial kompleks, 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzalanan sərəncam məsələnin aktuallığını qoruyub saxlayır.

“Düzdür, bu gün biz Ali Baş Komandanımızın rəhbərliyi ilə xalq olaraq bütün faciə qurbanlarımızın qisasını düşmənlərdən almışıq. Ancaq bu tarixi də unutmamaq üçün xalqımızın keçdiyi yolları, başına gətirilən faciələri daim xatırlatmalı və gələcək nəsillərə çatdırmalıyıq”-deyə Vüqar İskəndərov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Son xəbərlər
Bütün xəbərlər »