Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşə qəbul imtahanla, diplomla, müsabiqə ilə olmur, get, özünə "day-day" tap, ya da "əlin cibində olsun"...
İşə qəbul imtahanla, diplomla, müsabiqə ilə olmur, get, özünə "day-day" tap, ya da "əlin cibində olsun"...

Azərbaycanda minimal əməkhaqqı 350 manatdan başlayır. Ay sonu bu miqdarı alan işçilər arasında illiyi iki-üç min, hətta dörd min beş yüz manat olan universitetlərin diplomunu daşıyan şəxslər var. Əksəriyyəti də heç ixtisasına uyğun yerlərdə işləmir. Hələ özəl universitetləri bir kənara qoyub, dövlət universitetləri üzərindən bu statistikanı aparsaq, görəcəyik ki, illiyi od qiymətinə olan bu universitetlərin məzunlarının çoxunun aylıq əməkhaqqı heç altı yüz manatı keçmir. Yaxşı, onda bu universitetlərin illik dörd min manat qarşılığında öyrətdikləri nədir? Hələ buna pulla bərabər dörd il kimi "bir igidin ömrü" də israf olunur.

11 il orta məktəb oxuyub, ayda beş-altı yüz manat pulu hazırlıqlara tökdükdən sonra bal toplayıb, universitetə qəbul olursan. Universitetdə hazırlıq kursundan fərqli olaraq, ödənişi aylıq yox, illik ödəyirsən, amma bir fərq var ki, burda "tas" daha fantastikdir. 4 il ərzində bu "elm ocağı"na minimum altı min manat (hətta bəzi universitetlərin tək bir illiyi elə altı min manatdır - M.Ş.) ödədikdən sonra - təbii ki, bura kəsr imtahanlarına qalmağı, onun üçün də ayrıca ödənişlər etməyi saymasaq - bir diplom alırsan.

Universitet həyatı bitdikdən sonra real iş həyatına atılmaq istəyirsən, ancaq alınmır. Bu dəfə də səndən o dörd il minbir zülmlə başa vurduğun universitetin diplomundan əlavə, bir də dövlət qulluğuna qəbul üçün sertifikat tələb olunur. Yenə normal işlə təmin oluna bilmirsən. Bu dəfə aylığı minimum 250 manatdan başlayan dövlət qulluğu imtahan kurslarından birinə yazılırsan. Təsəvvür edək ki, 2 ay sonra "möcüzəvi" şəkildə o imtahanı keçdin və sertifikatı aldın. Bitdiyini zənn edirsən? Yox, hələ bu, fraqmandır. Qarşıda səni bir də müsabiqə imtahanı gözləyir. İstədiyin dövlət qulluğuna qəbul üçün 5 nəfərlik müsiflər heyətinin təsdiqini almalısan. 4-ü normal suallarla səni yoxlayır və cavablandıra bilirsən. Ancaq beşinci elə bir sual verir ki, sən qalırsan kənarda, digər 4 nəfər oturub o sual üstündə "baş" sındırır. Xülasə, kəsildin.

Güclü iradə və səbr sahibisənsə, oturub yenidən hazırlaşırsan. Bir müddət sonra müdrikləşirsən. "Həqiqət günəşi" tunelin o başından parıldayır: "İşə qəbul imtahanla, diplomla, müsabiqə ilə olmur, get, özünə yaxşı bir "day-day" tap, ya da "əlin cibində olsun"".

Yəni 11 illik məktəbdə, 4 illik universitetdə və bir neçə aylıq o imtahan kurslarında öyrəndiklərini büküb, qoyursan... evin bir küncünə. Anlayırsan ki, o qədər pul-para tökməyin bir mənası yox imiş. İmkanı yaxşı, "əli uzun" bir tanış yaşadığımız ölkədə elə diploma, dövlət işinə, yüksək əmək haqqına bərabər bir şeydir. O da ki, baxır, sənin şansına, bəxtinin aydınlığına.

Rəhmətlik Sabir öz satirasında "Oxutmuram, əl çəkin!" deyəndə, biz onu elə satira kimi də qəbul etmişdik. Bəlkə də şair dolayı yolla mesaj verirmiş ki, "a kişi, oxutmuram da, tanış adam var, ona tapşıracam".

...Ona görə də, indi çörək oxuyanların yox, oxumaqdan əl çəkənlərin qapısını döyür.

Mətin Şükürlü, Bizimyol info

Son xəbərlər
Bütün xəbərlər »