Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyada “Xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna dəyişiklik miqrantlara ciddi təsir edəcək"
"Rusiyada “Xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna dəyişiklik miqrantlara ciddi təsir edəcək"

Rusiyada əməkçi miqrantların işini tənzimləməyi planlaşdırırlar. Belə ki, əcnəbilərin işə qəbul üçün şirkətlər bir sıra məhdudiyyətlərlə razılaşmalı olacaqlar. Qeyd edək ki, qanun layihəsi ilə “Xarici vətəndaşların hüquqi statusu haqqında” qanuna dəyişiklik edilir. Məqsədli işə qəbulun bir hissəsi olaraq, işəgötürənlər Rusiyada qanuni yaşayan on səkkiz yaşına çatmış əcnəbiləri işə götürmək hüququna malik olacaqlar. Miqrantlara əmək müqaviləsi müddəti ərzində, lakin iki ildən çox olmamaq şərti ilə iş icazəsi veriləcək.

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, Rusiya artıq bir neçə müddətdir ki, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı bu ya digər müstəvidə bəzi fikirləri xüsusilə də hansısa bir qanun lahiyələrini və qanunlara hansısa dəyişikliklər barədə olan məlumatı gündəmə buraxır. Bu təkliflər hansısa dövlət qurumu və ya hansısa siyasi partiya və ya dövlət dumasında təmsil olunan fraksiyalar tərəfindən irəli sürülür. Bunun başlıca səbəbi miqrasiya sahəsində müəyyən nizam-intizamın qurulması ilə bağlıdır.

Azər Allahverənov Azər Allahverənov

“Rusiyanın rəsmiləri vaxtaşırı miqrasiya sahəsində olan nizamsızlıq barədə müəyyən fikirlər irəli sürürlər və bunu hətta müəyyən statistik rəqəmlər ölkə ərazisində olan qeyri-qanuni miqrantların sayı ilə bağlı və ya miqrantların iştirakı ilə baş verən hansısa kriminal hadisələrlə əsaslandırırlar. Bu da müəyyən mənada antimiqrant ritorikasının gücləndirməsinə səbəb olur ki, bu da heç də xoş təəssürat yaratmır. Ən azından bəlli məsələdir ki, antimiqrant ritorikası güclənən zaman, yerli əhali ilə miqrant qrupları arasında müəyyən ölçüdə gərginliklər yaşana bilər. Bu da istər-istəməz sonrakı məsələlərdə insanlar arasında münasibətlərə təsir edir. Xüsusilə, miqrantların kompakt yaşadığı şəhərlərdə bu daha çox biruzə verir”-deyən Azər Allahverənov əlavə edib ki, bu, ümumiyyətlə siyasi müstəvidə siyasiləşmiş bir şəkildə gündəmə gətirilən bir məsələdir.

Azər Allahverənovun fikrincə, reallığa gəldikdə, Rusiya ərazisində çoxsaylı qeyri-qanuni əsaslarla yaşayan miqrant var. Hətta bir müddət əvvəl bu şəxslərin sayı milyonlarla olduğu qeyd edilirdi. Bu səbəbdən də zaman-zaman miqrasiya qanunvericiliyi təkmilləşdirilir. Təkmilləşdirilmə prosesi zamanı bəzi komponentlər üzrə müəyyən miqdarda qanunun sərtləşdirildiyini görürük.

Ekspert bildirib ki, indiki hadisələr fonunda yenidən miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi və müəyyən məhdudiyyətlərin tətbiq edilməsi gözləniləndir. Ən azından irəli sürülən təkliflər bunu deməyə əsas verir. Faktiki olaraq, həmin o məhdudiyyətlər müəyyən mənada, həm də sərtləşdirilməklə müşahidə olunan yeniliklərdir.

“Biz bir neçə komponentdə bu məhdudiyyəti görürük. Birincisi ölkə ərazisində miqrantlar əmək müqaviləsi bağlamaqla əmək fəaliyyəti ilə məşğuldurlar. Əmək müqaviləsi müddətli və müddətsiz olur. Hazırda təklif edilə bilən vasitə onunla bağlıdır ki, əməkli miqrantlarla müddətsiz müqavilələr bağlanmasın. Bu hardasa həminki miqrantların müəyyən perspektivlərinə mənfi təsir göstərən bir haldır. Yəni mütləqdir ki, müqavilələr müddətli olmalıdır və bu da maksimum iki il ola bilər. İki ildən çox ola bilməz. Digər bir məsələ həminki miqrantların ölkə ərazisində olarkən müqavilə bağladıqdan sonra bir ay müddətində imtahanın verilməsi, Rusiya tarixi və mədəniyyəti ilə bağlı imtahanın verilməsidir. Bu, kompleks şəkildə yerinə yetirilə biləcək bir fəaliyyətdir. Bu da yeni və əlavə problemlərə yol açmış olur.

Rusiya ərazisində olan miqrantların çox hissəsi, xüsusilə də orta Asiyadan olan miqrantların sayından söhbət gedir. Xüsusilə də Tacikistanı misal gətirə bilərik. Orada olan miqrantların heç də hamısı rus dilində danışmır. Bu da birbaşa olaraq, bunlara toxuna biləcək məsələdir.

Digər üçüncü vacib bir komponent, işə götürüləcək miqrantların ixtisaslarının götürüldüyü vəzifəyə uyğun olması məsələsidir. Uyğunluq olduğu təqdirdə, həmin şəxslə müvafiq qaydada əmək münasibətləri rəsmiləşdirilir. Olmadığı təqdirdə, təbii ki, onunla müqavilə bağlanmır. Bu da üçüncü bir komponentdir ki, bu da miqrantların ümumi vəziyyətnə təsir edəcək”-deyə Azər Allahverənov əlavə edib.

Azərbaycanlılara gəldikdə, Azər Allahverənov bildirib ki, Rusiyanın rəsmi orqanlarından əldə olunan məlumata görə, Rusiya ərazisində 200 minə qədər Azərbaycan Respublikasının vətəndaşı əmək fəaliyyəti ilə məşğul olur. Yəni söhbət qanuni əmək fəaliyyəti ilə məşğul olan şəxslərdən gedir. Onların böyük bir qismi ticarət sahəsində təmsil olunurlar. Bununla yanaşı, tikinti və digər sektorlarda da onlar fəaəliyyət göstərirlər. İqtisadiyatın müxtəlif seqmentlərdə Azərbaycan Respublikasının vətəndaşlarının əmək fəaliyyəti ilə məşğul olduğunu görə bilərik.

Ekspertin fikrincə, hansı vəzifələrdə xüsusi ixtisasa sahib olma tələb olunacaqsa, burada müəyyən bir uyğunsuzluq olduğu təqdirdə onlarla bağlanmış əmək müqavilələri dayandırıla bilər. Qanun lahiyəsi qüvvəyə mindikdən sonra bu yeniliklər həmin şəxslərə toxuna bilər.

“Bu gün Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan şəxlər arasında, son illər Rusiya federasiyasının vətəndaşlığını əldə etmiş şəxslər də var. Keçən ildən etibarən Rusiya Federasiyanın vətəndaşlığını əldə edən şəxslərə qarşı öz ölkə vətəndaşlığından çıxma tələbi irəli sürülürdü. Söhbət Azərbaycan Respublikasının vətəndaşlarından da gedir. Rusiya ilə Azərbaycan arasında keçən ilin fevral ayından bu tələb götürüldü. Yəni artıq şəxs Azərbaycan Respublikasının vətəndaşı qalaraq, Rusiya Federasiyanın vətəndaşlığını da əldə edə bilirlər. Bu gün əmək fəaliyyətiylə məşğul olan şəxslər arasında bu kateqoriyadan olan şəxslər də varsa təbii ki, bu onlara da toxunmayacaq. Çünki onlar artıq Rusiya Federasiyanın vətəndaşlarıdır. İstənilən məhdudiyyət istənilən sənədləşmə və ya sərtləşdirilmə o miqrantların hüquqi vəziyyətinə mənfi təsir göstərir.

Azər Allahverənov əlavə edib ki, bundan əziyyət çəkən minlərlə insan olacaq. Onlar iş yerlərini itirəcək və ya öz ixtisaslarına uyğun iş yerləri axtarışına çıxacaqlar, ya da öz ölkələrinə qayıdacaqlar.

Ekspertin sözlərinə görə, Azərbaycanlı miqrantlar arasında bu ikinci kateqoriyadan olan şəxslər çoxluq təşkil etməyəcək.

“İstənilən halda Rusiyanın əmək bazarında xüsusilə də onun miqrantlarla bağlı olan seqmentində və ya kəsiyində müəyyən dəyişikliklərin baş verəcəyinin biz şahidi olacağıq. Rusiya höküməti o nizam intizamı yaratmaq məqsədilə, xüsusilə də əmək miqrasiyası üzərində xüsusi dövlət nəzarətinin tətbiq olunmasında maraqlıdır. Həmin miqrantlara bağlı tətbiq ediləcək rəqəmsal nəzarət sisteminin işə salınması, həmin o dövlət nəzarətini yeni mexanizm əsasında həyata keçirilməsindən və ya keçiriləcəyindən xəbər verir ki, bu da bir növ miqrasiya siyasətində yenilik deməkdir. Bu da hardasa müəyyən mənada ölkə ərazisində olan əməkçi miqrantlarla bağlı və ya potensial miqrantlarla bağlı ümumi bir mənzərənin və ya vahid bir bazanın yaradılmasında xidmət edir. Bu proses həmin əmək miqrasiyası ilə bağlı effektiv idarəetmə sisteminin tətbiq olunması məqsədilə baş verəcəkdir. Sözügedən "yenilik" tətbiq edildikdə biz həmin idarə etmə sisteminin təkmil şəkildə qurulduğunu izləyə bilərik”-deyən Azər Allahverənov qeyd edib ki, bu dəyişiklik də qısa bir müddətdə baş tutmayacaq, çünkü bu proses vaxt aparan bir məsələdir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »