Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın baş naziri qətiyyətli siyasətçi deyil ki, havadarlarından "azad" olub sülhə əyani addım atsın"
"Ermənistanın baş naziri qətiyyətli siyasətçi deyil ki, havadarlarından "azad" olub sülhə əyani addım atsın"

"Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, qısa müddət ərzində dörd kəndin Azərbaycana qaytarılması baş verməlidir. O, yaxın günlərdə üçüncü ordu korpusunun bu ərazilərdən çıxarıla biləcəyinə və Paşinyanın dediyi kimi, Azərbaycanın olan dörd yaşayış məntəqəsinin sahiblərinə qaytarıla biləcəyinə eyham vurub.

Paşinyan konkret fikirli siyasətçi olmadığı üçün onun bu düşüncələrinə də inanmaq mümkün deyil. Əgər Ermənistan xoşluqla Azərbaycanın 8 kəndini geri qaytarmasa, Azərbaycan alternativ yolla bu kəndləri geri alacaq…

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bütün münaqişələr, problemlər ortaq məxrəcə gəlmək, münasibətləri qurmaq yolu ilə həll olunur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev daimi olaraq sülh yolunu əsas tutub. Daim əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə dəstək verir. Bu dəstək torpaqlarımız işğal altında olduğu dövrdə də bəyan edilib. Ermənistan rəhbərliyi sülhə və torpaqların müharibəsiz işğaldan azad edilməsinə dəvət olunub. Ancaq bu danışıqlar fayda vermədikdə hərb yolu seçilib və Azərbaycan ordusu öz gücünü düşmənə göstərərək, torpaqlarımızı işğaldan tam azad edib. Bu məqsəd, bu niyyət bu gün də gündəmdədir və ölkəmizin rəhbəri bəyan edir ki, Azərbaycan sərhədləri toxunulmazdır, suverenliyimiz tam bərpa olunub. Əgər bu suverenliyə hansısa təsir olarsa yenidən hərb yolu seçiləcək və düşmən layiqli cavabını alacaqdır. Prezident qeyd edib ki, sərhədlərdə törədilən o təxribatlar göstərdi ki, Azərbaycan ordusu öz suverenliyini qorumağa qadirdir və düşmənin istənilən cəhdini tez bir zaman da aradan qaldırmaq mümkündür. Bu gün də bu prinsip gündəmdədir və işğal altında olan 8 kəndimizin danışıqlar yolu ilə geri qaytarılması prosesi gedir.

Tahir Rzayev Tahir Rzayev

“Ermənistan baş naziri Nikol Paşinyan da reallıqları görür, dərk edir və yaxşı bilir ki, əgər danışıqlar yolu ilə bu kəndlər geri qaytarılmazsa Azərbaycan yenidən antiterror tədbirləri keçirib, həmin kəndləri geri qaytaracaq. Ancaq təəssüflər olsun ki, Paşinyan sözündə qətiyyətli deyil. Ermənistanın baş naziri beynəlxalq tribunalardan sülhdən əmin-amanlıqdan, sülh müqaviləsinin bağlanmasından danışdıqdan qısa bir müddət sonra yenidən müharibəyə çağırışlar edir. Ölkənin silahlandırılmasından, ordu quruculuğundan danışır. Sözsüz ki, baş nazir bu bəyanatlarda öz gücünə deyil, xarici havadarlarının dəstəyinə arxalanır. Çünki Qərb, eləcə də Avropa ölkələrinin bir çoxu Cənubi Qafqazda sülhün əmin-amanlığın təmin olunmasını istəmir. Onlar bu regionda yerləşmək, güclənmək fikrindədirlər və bu məqsədlərini həyata keçirmək üçün Ermənistandan bir vasitə kimi istifadə edirlər. Ona görə də onlar münaqişənin uzadılmasının və yeni müharibə ocaqlarının yaradılmasının arzusundadırlar”-deyə deputat əlavə edib.

Tahir Rzayev qeyd edib ki, Azərbaycan ordusunun son cəhdləri və prezident İlham Əliyevin verdiyi bəyanatlar, Paşinyanı yenidən bu kəndlərin qaytarılması ilə əlaqədar fikir söyləməyə məcbur edib. Paşinyan işğal olunmuş Azərbaycan kəndlərinə səfər etmiş orada yaşayan əhaliyə qəti olaraq bildirmişdir ki, dörd kənd geri qaytarılmalıdır. Ancaq Paşinyanın bu çağırışından sonra müharibə arzusunda olan və millətçilik ideologiyasını əsas tutan ermənilər, bəzi siyasi dairələr Paşinyanı bu bəyanatda günahkar hesab etmiş hətta onu xalqın düşməni kimi qələmə verərək yeni mintiqlərə, yeni qarşıdurmalara çağırışlar edirlər.

“Ölkəmizin rəhbəri təmkinlidir, səbrlidir. Bütün hadisələri diqqətlə izləyir, nəyin nə vaxt necə yerinə yetirilməsini, hansı işin hansı vaxtda görülməsini yaxşı bilir və bütün bunları hesablayıb. Ona görə də Ermənistana yenidən vaxt zaman verilir, onlardan qəti cavab gözlənilir. Biz mütləq həmin kəndlərimizi geri qaytaracağıq. Bu, sözsüzdür. Ancaq beynəlxalq aləmin bu gün Azərbaycana göstərdiyi təpkilər, müəyyən təzyiqlər heç bir beynəlxalq hüquq normalarına sığmır. Öz ərazilərini düşməndən azad edən ölkəyə qarşı yönələn bu "oxlar" sözsüz ki, sülhə yox müharibələrə və münaqişələrə hesablanmışdır. Bunu Azərbaycan xalqı da, dövlətimizin rəhbəri də çox yaxşı bilir və buna görə də əldə olan bütün vasitələri sülhün möhkəmləndirilməsinə, danışıqlara yönəldir.

Paşinyan son bəyanatı ilə düşdüyü vəziyyəti qiymətləndirir. Çünki 23 saatlıq antiterror tədbirləri göstərdi ki, Azərbaycan ordusunun qarşısında heç bir qüvvə dayana bilməz. Əgər lazım gələrsə, yenə də işğal altında olan kəndlərdə hər hansı bir hərbi əməliyyat keçirilə bilər və bir neçə saatın içində düşmən təmamilə məhv ola bilər. Paşinyan bu qənaətində haqlıdır, çünki o yaxşı dərk edib, başa düşür ki, bu torpaqlar Azərbaycan ərazisidir. Vaxtı ilə separatçılar tərəfindən işğal olunub və onun geri qaytarılması beynəlxalq hüquq normalarına əsaslanır. Və Azərbaycanın haqqı var ki, beynəlxalq normalara əsaslanaraq həmin torpaqlarını istənilən vaxt azad etsin.

Deputat bildirib ki, danışıqlar müəyyən qaydada öz nəticələrini verir. Prezident İlham Əliyev bu fikri özünün son çıxışlarında bir daha göstərib ki, “biz sülhə yaxınıq, indiki qədər sülhə yaxın olmamışıq və biz Cənubi Qafqazda, regionda sülhün təmin olunmasını dəstəkləyirik ona tərəfdarıq və bunun üçün Azərbaycan xalqı əlindən gələn bütün imkanlardan istifadə edir. İndi son qərar, Ermənistanındır və sözsüz ki, Ermənistan rəhbərliyi mövcud vəziyyəti və reallıqları nəzərə alıb, çıxış yolu tapmalı və eyni zamanda erməni xalqının gələcəyini ciddi düşünməlidir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »