Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror İqtisadiyyat İnstitutunun direktoru, keçmiş rektora 15 il həbs istədi: prorektorun qətlinə sifariş verib
Prokuror İqtisadiyyat İnstitutunun direktoru, keçmiş rektora 15 il həbs istədi: prorektorun qətlinə sifariş verib

Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun 2011-ci ildə qətlə yetirilməsilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses yekunlaşmaq üzrədir. Martın 27-də məhkəmədə prokuror çıxış edib.

Bizimyol.info xəbər verir ki, prokuror təqsirləndirilən şəxslərin hər birinə - Təfəkkür Universitetinin keçmiş rektoru, iqtisad elmləri namizədi Müşfiq Atakişiyev, bacısı oğlu Dəyanət Quliyev və onun dostu Samir Quliyevin hər birinin 15 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı təklif edib ki, adları çəkilən şəxslər onlara verilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksinlər.

Mərhum prorektorun oğlu Zaur Əhmədov da zərərçəkmişin hüquqi varisi qismində çıxış edərkən prokurorun istədiyi cəza ilə razı olduğunu bildirib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi aprelin 6-da vəkillərin çıxışıyla davam edəcək. Daha sonra təqsirləndirilən şəxslər son sözlərini deyəcəklər.

Keçmiş rektor, 1966-cı il təvəllüdlü professor Müşfiq Atakişiyev 2023-cü ilin noyabrında həbs olunub. Həmin vaxt o, Elm və Təhsil Nazirliyinin tabeliyindəki İqtisadiyyat İnstitutunun icraçı direktoru idi. Müşdiq Atakişiyev həmçinin İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri olub.

Digər təqsirləndirilən şəxslərdən Dəyanət Quliyev 2000-ci ildən 2020-ci ilə qədər (hadisə baş verəndə vaxt da) polis əməkdaşı olub, mayor rütbəsində xidmət edib.

Üçüncü təqsirləndirilən Samir Quliyev isə taksi sürücüsü olub.

“Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədov 16 sentyabr 2011-ci ildə qətlə yetirilib. Cinayətin üstü 2023-cü ildə - təqsirləndirilən şəxslərdən Dəyanət Quliyevin könüllü şəkildə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, cinayəti etiraf etməsilə açılıb.

İttihama əsasən, universitetin rektoru Müşfiq Atakişiyev Tariyel Əhmədovu öldürməyi bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. O isə bu işi İmişli rayonunda yaşayan həmyerlisi və uşaqlıqdan dost olduğu Samir Quliyevə tapşırıb. İttihama görə, prorektoru öldürmək üçün Müşfiq Atakişiyev 40 min dollar pul verib.

Prorektorun qətlində ittiham olunanlar özlərini qismən təqsirli biliblər. Müşfiq Atakişiyev bildirib ki, o, bacısı oğlundan Tariyel Əhmədovu öldürməyi yox, ona xəsarət yetirilməsini istəyib. Məqsəd də bu olub ki, prorektor bir müddət işdən uzaqlaşsın. Çünki həmin dövrdə onun rektorluq müddətinin uzadılması məsələsi vardı və Tariyel Əhmədov bunun qarşısını almaq istəyirdi.

Samir Quliyev isə bildirib ki, bu cinayəti pul müqabilində törətməyib, uşaqlıq dostu olan Dəyanət Quliyevin xahişini yerinə yetirib. Onun sözlərinə görə, bu cinayəti Müşfiq Atakişiyevin sifariş verdiyini də bilməyib.

Dəyanət Quliyev uşaq olarkən atasını itirdiyini, dayısının ona və ailəsinə çox kömək etdiyini, pul verdiyini desə də, bu cinayətə görə ondan 40 min dollar almaları haqda ittihamda yazılanları təkzib edir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »