Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken: ABŞ əsaslı dəyişikliklərin həyata keçirilməsində Qazaxıstana yardım etməyə hazırdır
Blinken: ABŞ əsaslı dəyişikliklərin həyata keçirilməsində Qazaxıstana yardım etməyə hazırdır

ABŞ dövlət katibi Antoni Blinken Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə görüşdə Vaşinqtonun respublikaya fundamental dəyişikliklərin həyata keçirilməsində bundan sonra da yardım etməyə hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Vaşinqtonda keçirilən görüşün yekunlarına dair verdiyi məlumatda bildirilir.

“ABŞ dövlət katibi Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin fundamental islahatlar proqramının ardıcıllığını və sistemliliyini alqışlayıb, eləcə də Vaşinqtonun onların praktiki həyata keçirilməsində bundan sonra da hər cür yardım göstərməyə hazır olduğunu vurğulayıb”, - deyə məlumatda qeyd edilir.

Bildirilir ki, görüşdə Qazaxıstanla ABŞ arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə genişləndirilmiş strateji tərəfdaşlığın mütərəqqi inkişafı müzakirə edilib: “ABŞ Qazaxıstanın bir çox qlobal məsələlərdə əsl liderliyini tanıyır”, - deyə mətbuat xidməti dövlət katibinə istinadən xəbər verib.

"Xarici işlər naziri “Qazaxıstan Respublikasının xarici siyasətinin balanslaşdırılmış xarakterini vurğulayaraq” qabaqcıl Amerika texnologiyalarının cəlb edilməsi və iki ölkə arasında işgüzar əlaqələrin gücləndirilməsi yolu ilə Qazaxıstanın nəqliyyat, logistika, infrastruktur, ticarət və investisiya potensialının praqmatik həyata keçirilməsinə xüsusi diqqət yetirib", - deyə mətbuat xidməti qeyd edib. Xatırladaq ki, son bir ildə ölkələr arasında ticarət dövriyyəsi 33 faiz artaraq 4 milyard dollara çatıb.

Qeyd olunur ki, Nurtleu və Blinken ölkələr arasında enerji təhlükəsizliyi, kritik minerallar, iqlim, sülhməramlılıq sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər.

Tərəflər həmçinin "C5+1" formatında dialoqun genişləndirilməsi və bu formatda ötən ilin sentyabrında Nyu-Yorkda ilk dəfə dövlət başçıları səviyyəsində keçirilmiş sammitin razılaşmalarının həyata keçirilməsi məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, "C5+1" formatı Mərkəzi Asiyanın beş ölkəsi (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan) və ABŞ arasında çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizmidir. O, 2015-ci ildə iqtisadiyyat, ekologiya və təhlükəsizlik sahələrində regional məsələləri müzakirə etmək üçün yaradılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »