Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
7 yaşlı uşağın ölümünə görə idman məşqçisinə 19 il cəza: “Mən o tərbiyənin yiyəsi deyildim ki, azyaşlı uşağı...”
7 yaşlı uşağın ölümünə görə idman məşqçisinə 19 il cəza: “Mən o tərbiyənin yiyəsi deyildim ki, azyaşlı uşağı...”

Sumqayıtdakı məktəblərdən birinin idman zalında sambo idman növü üzrə keçirilən təlim zamanı məşqçinin 7 yaşlı tələbəsini döyüb öldürməsilə bağlı məhkəmə araşdırmaları başa çatıb.

Bizimyol.info xəbər verir ki, martın 19-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində azyaşlını döyüb öldürməkdə ittiham olunan məşqçi Mehman Xəlilova hökm oxunub. Hakim Fəhmin Hümbətovun sədrliyilə çıxarılan hökmə əsasən, Mehman Xəlilov 19 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən adamı öldürmə) maddələrilə təqsirli bilinib.

30 yaşlı Mehman Xəlilov son sözündə bildirib ki, Fərid onun ən çox sevdiyi tələbələrindən biri olub. Deyib ki, Fəridə görə lazım gəlsə, canını belə, verməyə hazır idi. Onun sözlərinə görə, bu, qəsdən törədilmiş cinayət deyil, ehtiyatsızlıqdan baş vermiş hadisədir: “Mən o tərbiyənin yiyəsi deyildim azyaşlı uşağı öldürüm. 7 yaşlı uşaqla mənim nə qərəzim ola bilər?! Heç kim bilmir ki, başına nə gələcək. Bu hadisə mənim üçün şeytanın, o uşaq üçün əcəlin gəlişi idi...”

Mehman Xəlilov idmanda uğurları ilə Azərbaycan bayrağını dəfələrlə ucaltdığını xatırladıb. Əlavə edib ki, bu hadisənin videogörüntülərinin sosial şəbəkələrdə, mediada yayılması ona qarşı qərəzli mövqeyə gətirib çıxartdı. Onun sözlərinə görə, uşağı qəsdən öldürmədiyi halda, ona qəsdən adam öldürmə ittihamı verilib.

Bu iş üzrə məhkəmə araşdırmaları qapalı prosesdə keçirilib. Bunun belə olmasını da uşağın anası – zərərçəkmişin hüquqi varisi qismində tanınan Aynurə Məlikova istəmişdi.

Lakin təqsirləndirilən Mehman Xəlilov özü də, vəkili də məhkəmənin açıq keçirilməsini istəyirdilər.

Aynurə Məlikova məhkəmənin qapalı keçirilməsi haqda tələbini əsaslandırarkən bildirmişdi ki, təqsirləndirilən Mehman Xəlilovla aralarında olanların başqalarına aidiyyəti yoxdur: “Aramızda nə olubsa, özümüz bilərik...”

Hakimlər də cinayət işində təqsirləndirilən Mehman Xəlilovla uşağın anası arasındakı münasibətlərə, onların şəxsi həyatına aid yazışmaların, bir sıra başqa məsələlərin olduğunu əsas gətirərək, məhkəmə istintaqının qapalı keçirilməsinə qərar verdi.

Aynurə Məlikova istintaqa ifadəsində məşqçinin ondan qisas almaq üçün uşağı öldürdüyünü iddia edib. Çünki onların münasibəti olub, sonradan ayrılıblar.

Mehman Xəlilov isə Aynurə Məlikovanın bu iddiasının yalan olduğunu bildirib.

Aprelin 29-da hadisə hadisə baş verərkən Aynurə Məlikova özü də orada olub.

2016-cı il təvəllüdlü Fərid Bakarovun məşqdən sonra vəziyyəti pisləşib. O, ağır xəsarətlərlə Sumqayıt şəhər Uşaq Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »