Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qlamur" cahilin anatomiyası
"Qlamur" cahilin anatomiyası

Ötən yay bizimkilər türk seçkisi ilə bağlı elə bir hava yaratmışdı ki...

Elə bilirdim, səhər oyanan kimi məhəlləmizdəki seçki məntəqəsinə səs verməyə qaçacam.

Qapıda parıltılı qalstuk taxmış lovğa seçki məmurlarını və nimdaş geyimli, boynubükük müxalif müşahidəçiləri görəcəm.

Bir də sanmışdım ki, itələyici ironik təbəssümünü tanınma nişanı kimi daim üstündə gəzdirən çoxbilmiş "bitərəf"lərin məqsədsiz vurnuxmalarını seyr edəcəm.

Elə bilmişdim, yenə görəcəm ki, səkkizbloklu "Leninqrad proyektli" çoxmərtəbəlinin alatoran küncündə hər axşamçağı məhəllənin "üçulduz" müvəkkili ilə "ticarət qarışdıran" ahıl alverçi məntəqədəki səs növbəsinə ikinci dəfə soxuldu.

Bu dəfə siyasət qarışdırmağa...

Nədir bunun adı?! Əlbəttə, cəhalət!

...Gecə bitir, axır ki səhər açılır. Həm də güllə kimi...

Görürsən ki, qutudan ədalət əvəzinə ətalət çıxıb! O zaman az qala inanacaqsan ki, deyəsən, dahi dramaturq özü "təkərə düşüb"; bəlkə də inqilab-filan da yalanmış! Bəlkə elə, doğrudan da, Parisi "baba dərviş" partlatmışdı...

...Baxırsan, yekə-yekə kişilərdi, ürəyinin üstündə partbilet, professor vəsiqəsi, yazıçı, ziyalı... kimliyi gəzdirir, axırda bir də mandata "sulananda", ərinmir, utanıb-qızarmır, durub gedir ekstrasensdən soruşur: "Bax, gör, mənim falımda deputat kreslosu görünür?!"

Bəlkə də içinizdən bir səs deyəcək: "Adam, sən adını siyahıya yazdırmısansa, falçı yanına niyə gedirsən?! Yox, adını siyahıya yazdırmamısansa, falçı yanına niyə gedirsən?!"

Yaxud adını təmiz ürəklərə yazdırmısansa, kirli işlərlə nə işin var?!

O təmiz ürəklər milyonlarladırsa, cəhalətin çirkli dövriyyəsində niyə sərmayə olasan ki?!

Amma yox! Heç bir açılan səhər cəhalətin zülmətini hələ tamam dağıdıb yox etməyib. Nə yazıq ki!

...Baxırsan, paqonunda ulduzları yanbayan düzüb, amma rütbənin daha yüksəyini yenə falçının "sehrli" nimdaş nimçəsinin dibində axtarır.

Ulduz falına bu qədər inanmaq da buradanmış!

Hə, elə vaxtlar olur ki, gecələr "ulduz"larla "əlləşirlər", ona görə zənginlərimiz "ulduz xəstəliyi"nə "ulduz"ların özündən tez yoluxur (biz də deyirdik, bu toy-nişan, "paltarkəsdi" "xınayaxdı" "star"larında bunca bahalı evlər, belə dəbdəbəli saraylar, görəsən, hardandır).

Gecə-gündüz "ulduzların təsiri altında" olmağın nəticəsidir ki, mandat üçün də seçicinin yox, baxıcının yanına qaçanlar var. Belə getsə, bir azdan sürücülər də tıxacsız yolları naviqasiyanın monitorunda axtarmaqdansa, öngörücü şarlatanların "böyüdücü ekranına" cumacaq. Bəlkə də artıq...

Yox, artıq!

Seçilmişlərdən olmağı taleyin lütfü sayacaq qədər cahil zehniyyət komformist çoxluğun bozluğunda əvvəl-axır itib-batacaq. İmkanla iddia bir-biri ilə tərs düşəndə belə olur axırda...

Ancaq cahil elə ona görə cahildir ki, bunu bilmir; öz cəhalətinin "cənnət"ində rahatdır; əlinə keçən səlahiyyəti də bu ortamı qorumaq üçün istifadə edir. Ona görə də seçkidə səsvermə qutusuna səs atanın yox, mis kasada rəml atanın, fala baxanın qapısında zaman-zaman ağac olub bitirlər.

Dindirsən, özünü elitadan sayacaq; nəsil ağacını çoxəsrlik müqəddəslərin, ya da müqəddəsəyaxın dahilərin soy-kökünə calayacaq. Şəcərəsini hansısa Bakıxanovlara, Şəkixanovlara, Seyidbəyovlara "yamayacaq". Və hər şeyə hər kəsdən daha çox haqqı olduğunu düşünüb, özü haqqında gerçəyi cənab Haqqın özündən belə gizlətmək qəflətinə düşəcək.

Beləcə QLAMUR CAHİL deyə yeni bir tipajın zühuru təhlükəsi ilə üzbəüzük. Daha doğrusu, təhlükə ehtimal olmaqdan çıxıb; təhlükəli reallığın içindəyik.

Seyşel ingiliscəsində danışıb, matros ruscasında söyüşən, xurafatın ərəbcəsində siğələşib, flirtin fransızcasında, melodramın ispancasında öpüşən, "eksport" məzhəbçiliyin farscasında ağlaşıb, azad intimin yaponcasında sevişən, ya da ekzotikanın taycasında "cütləşən", mafiyanın italyancasında azğınlaşıb, ivritdən çevrilmə lətifələrə gülüşən, öz doğma türkcəsində korrupsiyalaşıb, Çincə - "mandarincə" kommersiyalaşan, axır bir gün xəstə canı ilə təbabətin almancasında əlləşən bir tip!

"Ay-kü"sü hay-küyünə uduzan - zəka qıtlığını, təfəkkür qısırlığını qaraqışqırığın qulaqbatırıcı destibelində "gizlətməyə" çalışan bir obraz!

Bax, bizi - "Qarabağ"lı komandanı Leverkuzenin qolçu almanlarına "uduzduran" ingilisəsilli hakimi günlərlə "yuyub-sərdik", "asıb-kəsdik", "yıxıb-sürüdük". Bəs özümüzü öz "doğma" məhkəmələrimizdə özümüzə uduzduran hakimlər?! Onlar ki ingilis deyil.

Bəli, ingilis dünyanın hakimidir, ancaq dünyanın hər nöqtəsində hər beyinə, hər vicdana hakim deyil axı.

Hər vicdan özü bir hakimdir - istər futbol meydanı olsun, istər seçki məntəqəsi, istər məhkəmə zalı...

Həkim də əməliyyat masasına uzatdığı xəstə talenin o anda hakimidir. Əlində qələm tutan yazıçı da hakimdir, əlində silah tutan əsgər də. Müəllim də hakimdir, alim də. Hətta çoban da...

Sağıcı belə çox süd verən inəyi daha çox sığallayır; kənd uşağıyam, görmüşəm...

Özgənin hakim olduğu oyunu uduzanda günah axtarmaq da, günahkarı tapmaq da asandır. Amma öz məhkəməndə günahsızı günahkar çıxaran hökmləri kimlər verir?!

Ədalət düşüncəsinin qərəzsiz hakimini həmişə qıraqdamı axtarasıyıq?! Əlbəttə, yox!

Məncə, ədalətsizliyin özündən daha ağır cəhalət yoxdur. İlk dəfə bumeranqı kim düşünübsə, kim düzəldibsə, deməli, haqsızlığın düşüncə darlığından qaynaqlandığını da hamıdan qabaq çözüb...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »