Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərb müstəqil siyasət yürüdən ölkələrə agentura şəbəkəsi vasitəsilə təzyiq etməyə çalışır"
"Qərb müstəqil siyasət yürüdən ölkələrə agentura şəbəkəsi vasitəsilə təzyiq etməyə çalışır"

"Bəzi ölkələr Azərbaycana təsir etmək, özləri üçün münbit şərait formalaşdırmaq, özlərinin dini, etnik, mədəni dəyərlərini təbliğ etmək, yerli cəmiyyətin əsasını təşkil edən ailə və dini dəyərləri gözdən salmaq, cəmiyyətdə parçalanma və gərginlik yaratmaq, siyasi mübarizənin qeyri-sivil vasitələrlə aparılmasının vacibliyi təəssüratını formalaşdırmaq, dövlətimizə qarşı inamsızlıq səpmək və sair hallarla nəticədə öz məqsədlərinə çatmaq üçün müxtəlif qeyri-hüquqi yollara əl atırlar. Bunlardan ən çox yayılmışı mülki fəaliyyət sahəsində öz agentura şəbəkələrini qurmaqdır. Belə sahələr adətən kütləvi informasiya vasitələri, qeyri-hökümət təşkilatları, dini qurumlar və cərəyanlar olur. Ölkəmizdə xarici qüvvələrin maraqlarına xidmət edən şəbəkələrə qarşı xüsusi hüquqi tədbirlər aparılır və ifşa edilirlər. Təəssüflər olsun ki, belə agentura şəbəkələri bizim vətəndaşların cəlb edilməsi ilə aparılır. Burda söhbət dövlətə xəyanət və xarici dövlətlərin kəşfiyyatları tərəfindən ələ alınaraq birbaşa həmin ölkəyə casusluq edən fəaliyyətdən (əməldən) getmir. Belə hərəkətlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət əməli sayılır. Söhbət xarici dövlətlərin hökümətlərindən, partiyalarından, fondlarından və ayrı-ayrı şəxslərindən maliyyə yardımı alan (almış) və onların maraqlarına xidmət göstərən şəxslərdən və şəbəkələrdən gedir".

Bu barədə Bizimyol.info xəbər portalına “Ana Vətən” Partiyasının sədr müavini Yalçın Hacızadə danışıb. Sədr müavini qeyd edib ki, daxili sabitliyi pozmaq, formalaşdırılmış və bizi uğurlara aparan dövlət-xalq-prezident birliyini parçalamaq istiqamətində fəaliyyət aparsalar da, cəmiyyətdə onların fikirləri qəbul olunmur.

Yalçın Hacızadə Yalçın Hacızadə

“Vətəndaşlarımız 30 il müddətində torpaqlarımızın işğal olumasına göz yummuş, işğalçıya yardım etmiş, milyonlarla insanın didərgin salınmasına və on minlərlə insanımızın öldürülməsinə reaksiya verməyən qüvvələrin bu gün “insan hüquqlarının carçısı” kimi davranmasına inanmır. Bilirik ki, qərb ölkələrinin bəziləri insan hüquqları və demokratiya kimi universal dəyərlərdən digər dövlətlərə və xalqlara təsir vasitəsi kimi istifadə edir. Onlar bu prinsiplərdən öz imperialist maraqları üçün istifadə edirlər. Bu məsələlərə ikili yanaşma tətbiq edərək, maraqları təmin olunan ölkələrdə insan hüquqları, demokratik prinsiplərin pozulmasına göz yumur. Maraqlarını təmin etmək istəməyən və müstəqil siyasət aparan ölkələrdə bu məsələlər daim qabardılaraq, gündəmə gətirilərək təsir və təzyiq vasitəsi kimi istifadə edilir”-deyə politoloq bildirib.

Yalçın Hacızadənin sözlərinə görə, dövlət quruluşuna və xalqımızın vahidliyinə zidd olan, milli, dini, hüquqi dəyərlərimizi pozmağa çalışan agentura şəbəkələrinə qarşı daim ciddi tədbirlər görülür və görüləcək.

“Azərbaycan dövləti heç vaxt imkan verməz ki, təməl prinsiplərimizi pozmağa yönəlmiş fəaliyyət ölkəmizdə həyata keçirilsin. Belə şər qüvvələrinə qarşı ölkəmizdə geniş və hüquqi mübarizə aparıldıqca, bunları təşkil edən, maliyyələşdirən ölkələrin medialarında bizə qarşı qarayaxma kampaniyaları daha da artır. Bu da o deməkdir ki, dövlət düzgün nöqtəyə toxunur ki, onlar da belə reaksiya verirlər. Əlbəttə, ölkəmizə yönəlmiş bütün neqativ hərəkətlərin başında müstəqil siyasətimizin qarşısının alınmasına çalışılması, bizim üçün yaradılmış və uzun müddətdir təsir vasitəsi kimi istifadə etdikləri işğal siyasətini darmadağın etməyimizdir.

Güclü dövlətimiz heç şübhəsiz ki, bütün bunların da öhdəsindən gələrək müstəqil şəkildə siyasi, iqtisadi və təhükəsizlik sahəsində dövlət marağına uyğun öz fəaliyyətini davam etdirəcək. Azərbaycanda dövlət-xalq-prezident birliyi var. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, “bizimlə kimsə təhdid və şantaj dilində danışa bilməz”. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar da bunu sübut edir”-deyə Yalçın Hacızadə əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »