Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşsizlik, susuzluq, pulsuzluq... Son 4 ilin statistikası deyir ki, "Azərbaycanda kənd əhalisi sürətlə yoxsullaşır"
İşsizlik, susuzluq, pulsuzluq... Son 4 ilin statistikası deyir ki, "Azərbaycanda kənd əhalisi sürətlə yoxsullaşır"

Son illər Azərbaycan əhalisinin ümumi çəkisində kənddə yaşayanların payı azalıb. Ölkədə insanların 45,4 faizinin kənd yerlərində məskunlaşdığı bildirilir. Əlbəttə, bu statistika da şübhəli görünür. Çünki ölkə əhalisinin təxminən bu qədər hissəsi paytaxt və Abşeron yarımadasından kənarda yaşayır. Şəhər əhalisi deyiləndə təkcə Bakı nəzərdə tutulmur. Böyük ehtimalla kənddə yaşayanların ümumi çəkidə payı 30-35 faiz civarındadır. Müxtəlif kriteriyalar buna işarə vurur.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda kənd əhalisi təkcə say itirmir, həm də sürətlə yoxsullaşır. Rəsmi rəqəmlərə görə, kəndlərdə yaşayanlar arasında yoxsulların sayı son 4 ildə 1,7 dəfə artıb. Statistika ölkədəki sosial-iqtisadi mənzərəni aydın göstərir. Kənd əhalisinin vəziyyəti çox ağırlaşıb.

Keçən il açıqlanan daha bir statistika durumun kritik olmasına eyham vururdu. Kənd əhalisinin 60 faizindən çoxunun yoxsulluq həddinə çatdığı bildirilirdi. Məsələn, 2022-ci ildə həmin risklə üz-üzə qalan kəndlilərin payı 57 faizi keçmirdi. Hər il vəziyyətin bir az da mürəkkəbləşdiyini görürük.

Kənd əhalisi niyə yoxsullaşır?

Suala o qədər sadə cavablar vermək olar ki! Hər şeydən əvvəl kütləvi işsizlik var. Kəndlərdə məşğulluq aşağı səviyyədədir. İnsanlar aylarla pul üzü görmür. Buna görə də işıq gələn tərəflərə üz tuturlar.

Başqa bir səbəb susuzluqdur. Fərdi təsərrüfatlar xeyir gətirmir. Hətta mal-qara saxlamaqla adicə ailəni aşağı səviyyədə dolandırmaq olmur. Çünki su problemi ən yüksək həddə çatıb. Az-çox əldə olan torpaqları da məmur-oliqarx tayfası zəbt edib.

Kəndli çarəsiz durumda qalıb. Kənd camaatı dövlətin dəstəyini hiss etmir. Hökumətin kiçik yaşayış məntəqələri ilə bağlı sosial proqramları gözə dəymir. Əksinə, sosial yardım alanların sayı azaldılır. Nəticədə kənd əhalisi aclıq təhlükəsi ilə üz-üzə qalır.

Deməkdən, yazmaqdan yorulmuşuq. Hökumət bölgə camaatına qayğı göstərməlidir. Ayağı tutan paytaxta, Abşeron yarımadasına üz tutur. Çox çarəsiz vəziyyətdə qalanlar yoxsulluq girdabında boğulur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »