Qərb dini ayrıseçkilik, müstəmləkəçilik prinsipləri və öz siyasi iqtisadi məqsədləri uğruna çevriliş, böhran, xaos kimi oxşar dağıdıcı fəaliyyətlərindən əl çəkmir. Vaxtilə Gürcüstanı indi də Ukraynanı Rusiyanın hədəf taxtasından asıb kənardan izləməyə davam edir. Afrikanı başdan başa zəncirləyib sərvətini daşımaqdan doymadı, indi də çoxsaylı üzündən birini də Qafqaza tutub bölgəni qəfəsə çevirmək istəyir. Ermənistanı Rusiyanın önünə atır. Azərbaycanı da bölgədə yaranacaq növbəti xaotik vəziyyətlə daxildən yaralamağa, parçalamağa çalışır.
Qərb Azərbaycandan nə istəyir?
Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qərb "qaraladığı" xalqları müstəmləkə altında saxlayaraq onların milli sərvətlərini talan etməklə dünya tarixində öz mənfi imicini yaradıb. Bu baxımdan uzun illər "yaşatdıqları" kolonial siyasəti nəticəsində xalqları əsarət altında saxlayaraq haqlarını tapdalamışdır. Amma tarix dəyişilir və uzun illər müstəmləkəçilikdə yaşamış ölkələr də öz azadlıqlarına qovuşmağa başladı. Qərbin kolonial dövlətləri Afrika, Cənubi Amerika, Asiya ölkələrindən qovulmağa başlandı. Koloniyaları əsarət altında saxlamağa öyrəşmiş Qərb, talan etdikləri ölkələrin əsarətdən çıxmağına görə daha da azğınılaşır və daha müasir yollarla digər ölkələrdə insan haqları və demokratiya adı altında müstəqil dövlətləri dağıdaraq özlərinin poliqonuna çevirməyə başladılar.

“Vyetnamda, Əfqanıstanda uzun illər bir uğura nail olmayan Qərb, ərəb baharları və kimyəvi silah adı altında ərəb ölkələrində mövcud hakimiyyətləri yıxaraq xalqları fəlakətlə üzləşdirdilər. Nəticədə, təbii resurslarını talamağa başladılar və bu gün də bu fəaliyyət davam edirlər. O cümlədən, Sovetlər İttifaqının dağılmasından sonra Rusiya dünyanın ən böyük təbii resurslarına malik ölkə olduğundan Qərbin növbəti "siyasi" planı bu ölkəyə qarşı həyata keçirilməyə başlandı. Məhz bu planın tərkib hissəsi olaraq, Rusiya ilə eyni ittifaqda olmuş ölkələrdə demokratiya və insan haqlarının müdafiəsi adı altında rəngli inqilablar törətdilər. Nəticədə Moldova və Gürcüstan torpaqlarının itirilməsi ilə qarşılandı. Ukrayna, məhz Qərbin müdaxiləsindən sonra müharibə meydanına çevrildi. Qərb Rusiyanı daxildən dağıtmaq planını da işə saldı. Amma Rusiya dövləti Qərbin çirkin planlarının ayaq açıb yeriməsinə imkan vermədi”-deyən deputat vurğulayıb ki, Ukraynada davam edən müharibənin əsas məqsədi də Rusiyanı zəifltmək və dağıtmaqdan ibarətdir.
Azər Badamovun fikrincə, məhz Rusiyaya qarşı aparılan dağıdıcı planın tərkib hissəsinə Ermənistan da daxildir. Ona görə də bu gün Qərb Ermənistanda möhkəmləməyə çalışır və Avropa İttifaqına qəbul olunacağı ilə bağlı şirin vədlər verilərək, Rusiyadan uzaqlaşdırılması siyasəti yürüdülür. Qərbin Ermənistanda apardığı siyasət həm də Azərbaycana qarşı da yönəlmişdir. Çünki, Ermənistana dəstək verəcəyi ilə bağlı nümayiş etdirdikləri planlarından biri də Azərbaycana qarşı çirkin niyyətlərini reallaşdırmaq istəkləridir.
Deputat deyir ki, əslində Qərb üçün Ermənistan heç də o qədər əhəmiyyət kəsb edən ölkə deyil. Onlara əsas maraqlı olan nüans, təbii resurslara malik Azərbaycan və Rusiyadır. Məhz ona görə də, USAID və Samanta Pauerin, eyni zamanda digər fondların dəstəklədiyi şəbəkələri vasitəsilə Azərbaycanda daxili sabitliyi pozmaq və dövləti zəiflətmək planlarını reallaşdırmağa çalışırlar.
“Təbii ki, Qərb belə oyunları Azərbaycanla oynaya bilməz. Çünki, ilk növbədə Azərbaycanda sarsılmaz xalq-iqtidar birliyi var. Digər tərəfdən dövlətin müvafiq orqanları çox ciddi fəaliyyət göstərirlər və Qərbin çirkin planlarını ifşa edirlər. Qərb Azərbaycanın müstəmləkə etdiyi ölkələrdən fərqli olduğunu anlamalıdır. Çünki son 50 illik dünya tarixində öz gücü ilə torpaqlarını işğaldan azad edən ikinci ölkə yoxdur. Əgər biz Qərbin Ermənistana dəstəyi fonunda torpaqlarımızı işğaldan qurtarıb, ədalətimizi bərpa edə bilmişiksə, bundan sonra da dövlətimizin müstəqilliyini qoruyaraq xalqımızın firavan gələcəyini təmin edə biləcəyik”-deyə deputat əlavə edib.
İradə Cəlil, Bizimyol.info