Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələrdə insanlıqdan meymunluğa "təkamül" edənlərin müasir "pul vahidi" - Uşaqlar...
Sosial şəbəkələrdə insanlıqdan meymunluğa "təkamül" edənlərin müasir "pul vahidi" - Uşaqlar...

Dilimizdə məşhur bir deyim var: "Uşaq evin güzgüsüdür". Ancaq "evin güzgü"ləri sosial şəbəkələrdə fenomenə, qazanc vasitəsinə çevriləndən sonra anlaşıldı ki, evin "güzgü"sü uşaq yox, elə məhz valideynin özüdür.

Necə? İzah edək. Əgər bir valideyn "TikTok" kimi sosial platformalarda öz övladı üzərindən gəlir əldə edirsə, onu populyarlaşdırıb, videoları üzərindən izlənmə, reytinq yığırsa, bu "seçim" həm də onun xarakterinin, beynindəki ailə anlayışının və məhrəmiyyət dəyərinin əks olunduğu güzgüdür. Günümüzdə gözümüzə batan acı həqiqət həm də ondan ibarətdir ki, artıq valideynlər övladlarının yox, övladları valideyninin tərbiyəsi və mənəviyyatına görə məsuliyyət daşıyırlar. Artıq övladlar valideynlərini tərbiyələndirməli olurlar. Təbii ki, bu, heç də hər ailəyə şamil edilmir. Öz ailə dəyərlərini qoruyan yetəri qədər mərifət sahibi, məhrəmiyyət anlayışına və etikasına sahib ailələr var. Ancaq bu ailələrin sayı get-gedə azalır. Sosial şəbəkələrin "qazan-qazan" girdabında şöhrət və qazanc əldə etmək üçün öz qanından, canından yaranan övladlarını sirk meymunu kimi sosial şəbəkələrdə oynadan, onun həm psixologiyasını, həm də gələcəyini məhv edən "ata-ana"ların sayı hər gün get-gedə artır. Körpə uşaqları "istifadə" yolu ilə gəlir əldə etmək, populyarlaşmaq insan istismarının, hətta ən sərt ritorika ilə desək, insan alverinin "şirinləşdirilmiş" daha zəhərli versiyasıdır. Dünya dövlətlərinin narkotik maddələrlə, qaçaqmalçılıqla, silah və insan alveri ilə qatı mübarizə apardığı bir dövrdə bütün bu çirkli əməllərin daha asan və sadələşdirilmiş versiyaları sosial şəbəkələr üzərindən rahatlıqla aparıla bilir.

Bir çox valideynlər məsələnin dərininə varmadan, birbaşa bu axına qoşulur. Gələn qazanc, artan izlənmə sayı və reytinqlər bu insanların həqiqəti görməməsinə, görsə də vaz keçə bilməməsinə zəmin yaradır, onların iradəsinə təsir göstərir. Hətta dünyaya sırf bu məqsədlə uşaq gətirən ailələr də var. Bu rəzillik şousunu əslində bir neçə nəfərlə ailə qurub, boşandıqdan sonra "aliment biznesi" formalaşdıran təfəkkür sahiblərinin daha həyasız versiyası da adlandırmaq olar. Qazanc və reytinq aludəçiliyi insan ləyaqətinin, mənliyinin üzərini elə örtüb, malalayıb ki, əkiz övladı olacağını bilən "valideyn"lər hələ körpə dünyaya gəlməmiş, onların adına sosial şəbəkə hesabı açır. Beləliklə, uşaq dünyaya gəlməmiş, onun sosial şəbəkə səhifəsi hazır olur. Elə ki, dünyaya gəldi, "yarış" başlayır. Kənardan olduqca məsum və "şirin" bir fəaliyyət olaraq görünə bilər, amma bir müddət sonra o şirinliyin şoru çıxır: evində it-pişik, siçan, meymun, quş bəsləyib, videoları ilə yüksək dərəcədə izlənmə və sürətli reytinq yığanların cərgəsinə indi məsum körpələr də qoşulub. Bu fəlakətli tendensiyadan bəzi azərbaycanlı ailələr də necə deyərlər, öz nəsibini alıb.

"TikTok" və bənzəri platformalar artıq insanların öz insanlıq simasından çıxarıldığı, ata-ananın övlad, övladın heyvan, hətta ailə üzvləri üzərindən reytinq qazandığı, virtual hədiyyələr üçün insanlıqdan meymunluğa "təkamül" etdiyi "insan bazarı"na çevrilib. Burada indi daha çox gəlir gətirənlər, məhz, uşaqlardır. İndi boğulmamaq üçün təkcə meymun yox, hətta insan öz balasını ayağının altına qoya bilir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »