Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya üzrə 2 saatlıq "durğunluq"... "Rəqəmsal dünya kəsinti, hücum kimi problemlərdən sığortalanmayıb"
Dünya üzrə 2 saatlıq "durğunluq"... "Rəqəmsal dünya kəsinti, hücum kimi problemlərdən sığortalanmayıb"

İki gün öncə "Meta" şirkətinə bağlı "Facebook", "Instagram", eləcə də "Google" şirkətinə məxsus "YouTube"-da baş verən "durğunluq" istifadəçilərdə ciddi narahatlıq yaradıb. Belə ki, sosial şəbəkə istifadəçiləri iki saat müddətində bu tətbiqlərdən istifadə edə bilməyiblər. Yaranmış vəziyyətin səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də, problemin əsasən "Meta" şirkətinin daxilində, yeniliklərin tətbiqi zamanı baş verdiyi bildirilir. Bəzi açıqlamalara görə Yəmən istiqamətində dəniz altından keçən kabellərin zədələnməsi nəticəsində belə bir hadisə baş verib. Yayılan məlumatlara görə, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi quruplaşması tərəfindən törədilib. Avropa, Asiya və Afrika arasındakı rabitə kabelləri isə qlobal trafikin 25 faizini təşkil edir.

  • Bu cür problemlərin tez-tez təkrarlanmasının səbəbi nədir?
  • Son zamanlar təkrarlanan bu "kəsintilər"in qarşısını almaq mümkündürmü?

Məsələ ilə əlaqədar informasiya və kommunikasiya sahəsi üzrə mütəxəssis Elvin Abbasov iki gün öncə sosial şəbəkələrdə yaranmış durğunluğun səbəbini Bizimyol.info xəbər portalına şərh edib.

Elvin Abbasov Elvin Abbasov

"Öncəliklə qeyd etməliyik ki, bu hadisə bir ilk deyil. Əvvəlki dövrlərdə, müxtəlif vaxtlarda xüsusilə "Meta" şirkətində anoloji hadisələr baş verib. İki il öncə də "Meta" şirkətinin platforması qarışdığı üçün ora giriş bir neçə saatlıq məhdudlaşmışdı. Həmçinin, bir neçə gün öncə baş verən məhdudlaşma yenə də şirkətin daxili problemi idi. Bu tip informasiya texnologiyaları məhsullarında, istər sosial şəbəkələr olsun, istərsə də bank tədbiqləri olsun, bunlarda müxtəlif vaxt dilimlərində belə halların yaşanması, ümumiyyətlə gözləniləndir. Heç bir məhsul yüz faizlik qarantiya vermir ki, daimi olaraq problemsiz çalışacaq. Bu, xüsusilə informasiya texnologiyalarına aid bir haldırsa, burada "Meta" kimi beynəlmiləl şirkətlərində kibertəhlükəsizlik nöqteyi-nəzərdən pozuntu əmələ gəlmir. Bu, daha çox şirkətin daxildə etmək istədikləri yeniliklər və başqa problemlərlə əlaqədar olur. Məsələn, daha öncəki anoloji təcrübələrdə yaşanan problemlərin hər biri müxtəlif səbəblərdən baş vermişdi.

Azərbaycanda da bankların fəaliyyətinin saatlarca fəaliyyətsiz qalması müşahidə edilə bilir. Həmçinin, dövlət qurumları xüsusi kampaniyalar vaxtı dayana bilir. Sosial şəbəkələrdə də hadisə oxşardır. Ola bilsin, şirkət hər hansı bir şifr dəyişikliyi etdikdə, həmin şifr test rejimində normal işləyir, elə ki, onu işlək versiyaya buraxırlar və orada müxtəlif şifr uyğunsuzluğu yarana bilir. Başqa problemlərin də olması qaçılmazdır.

Düşünürəm ki, bundan sonra da belə hallar baş verəcək. Çünki rəqəmsal dünya bu cür problemlərdən sığortalanmayıb" - deyə, informasiya və kommunikasiya sahəsi üzrə mütəxəssis Elvin Abbasov qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »