Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rekord həddə bahalaşma... "Qızıla dəyər daşıyıcısı və ya təhlükəsiz investisiya aktivi kimi baxılır"
Rekord həddə bahalaşma... "Qızıla dəyər daşıyıcısı və ya təhlükəsiz investisiya aktivi kimi baxılır"

Qızıl rekord həddə qədər bahalaşdı. Tarixdə ilk dəfə qiymətli metalın kotirovkaları bir troya unsiyası üçün 2100 dolları keçib.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasına bildirib ki, fiziki bir əmtəə olduğundan qızılın da qiymətini formalaşdıran əsas amillər təbii ki, ilk növbədə tələb və təklifdir. Hansı ki, pandemiya zamanı hasilat dayandığına görə digər metallar kimi qızılın da müntəzəm tədarükü azaldı və qiyməti 2020-ci ildə ən yüksək həddə çatdı. O vaxtdan bəri əməliyyatların normala qayıtması qızıl təklifini artırmaqla qiymətləri sabitləşdirdi. Son bahalaşma, qlobal faiz dərəcələrinin azalması ilə bağlı artan optimizm, geosiyasi risklər və qeyri-müəyyən iqtisadi təəssürat fonunda güclü “təhlükəsiz liman” arayışı ilə birləşmənin nəticəsi kimi də dəyərləndirilə bilər. Bunun səbəbi də ənənəvi olaraq qızıla dəyər daşıyıcısı və ya təhlükəsiz investisiya aktivi kimi baxılmasıdır. Çünki qiymətli metalın bir çox ümumi istifadə təyinatı var.

Pünhan Musayev Pünhan Musayev

“Məsələn, qızıl pul vahidi, zərgərlik materialı və istehsalın mühüm komponenti olması ilə yanaşı, bazar dəyişkənliyindən və iqtisadi iğtişaşlardan qorunma vasitəsi qismində də istifadə olunur. Bu xüsusiyyətlər isə birja və iqtisadiyyatda işlər qaydasında getmədiyində insanların adətən ona müraciət etməsinə şərait yaradır”-deyə Pünhan Musayev bildirib. İqtisadçı vurğulayıb ki, bununla belə, müşahidələr göstərir ki, qızıl cari geosiyasi konyukturdan gözlənilən qədər təsirlənə bilmir. Hansı ki, dünya faktiki olaraq ikinci dünya müharibəsindən sonra yaxın 100 ildə bəlkə də qarşılaşa biləcəyi ən gərgin vəziyyətə şahidlik edir, ancaq nəticəsini qızılın performansında görə bilmirik.

“Məsələn, Ukrayna müharibəsi cəmi iki ay ərzində nefti az qala 2 dəfə bahalandırsa da, eyni dövrdə qızılın qiyməti heç 10 faiz artmamışdı. Ötən il qərb bank sistemində baş verən müvəqqəti çalxalanma və bir sıra ölkələrin qızıl alışını son 50 ilin maksimumuna çatdırmaları yenə də qiymətli metalın qiymətinin gözlənilən yüksək performansı ilə nəticələnmədi. Halbuki bütün bu faktorlar fonunda qızılın hazırki qiyməti bəlkə də 3-5 min dollar arasında olmalı idi. Bu isə onu deməyə əsas verir ki, əvvəlki dövrlərdən fərqli olaraq qızıl artıq “hedcinq” üçün alternativ və iqtisadi sarsıntının xəbərçisi yox, növbəti dövri aktivlərdən birinə çevrilməkdədir”-deyə Pünhan Musayev əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »