Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Alternativ hərbi xidmət müəyyən sayda insanın inanc və etiqad azadlığına müsbət təsir göstərəcək"
"Alternativ hərbi xidmət müəyyən sayda insanın inanc və etiqad azadlığına müsbət təsir göstərəcək"

Dünyada bir çox təriqətlər, məzhəblər hərbi xidməti qəbul etmir. Amma dini inanclar insanı dövləti müdafiə etmək vəzifəsindən azad etmir. O, alternativ (qeyri-hərbi) xidmətə keçmək xahişi ilə hərbi komissarlığa ərizə yazmağı məsləhət görür. Bunun üçün siz həmçinin müəyyən dini icmaya üzvlük sertifikatı təqdim etməlisiniz. Bu dini qrup, üzvlərinə silahdan istifadə etmək qadağan olunanların siyahısında olmalıdır. Etiqadları silahdan istifadəyə icazə verməyən dini qurumlar İslahat Adventistləri, Yeddinci günün Adventistləri, Evangelist xristianlar, Yevangelist Xristian Baptistlər, Pokutniki, Yehovanın Şahidləri, Xarizmatik xristian kilsələri (və qeydiyyatdan keçmiş nizamnamələrə uyğun olaraq onlara bərabər olan kilsələr), Yevangelist inanclı xristianlardır (və qeydiyyatdan keçmiş qanunlara görə onlara bərabər tutulan kilsələr). Bu təriqətlərdən bəziləri Azərbaycanda da var. Və Azərbaycan vətəndaşlarından da o təriqətlərin üzvü olanlar var. Bir neçə gündür ki, Azərbaycanda alternativ hərbi xidmət və ya bədəlli əsgərlik məsələsi müzakirə edilir. Hətta ötən gün ombudsmanın məruzəsində də bu barədə qeyd edilib.

Bəs Azərbaycanda alternativ hərbi xidmət ola bilərmi?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində bu gün alternativ xidmət dünyanın əksər ölkələrində tətbiq edilən xidmətlərdən biridir. Bu gün Azərbaycan bu barədə də öz üzərinə müəyyən öhdəliklər götürüb. Qeyd etdiyimiz kimi Türkiyədə ayrı-ayrı ölkələrdə belə xidmət nəzərdə tutulub. Və o anlamda Azərbaycanda da belə bir xidmətin nəzərdə tutulması və bu istiqamətdə addımların atılması önəmlidir.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

“Bu gün bəzi dinlər, bəzi təriqətlər, bəzi məzhəblər hərbi xidməti qəbul etmirlər və hərbidə xidmət etməyi öz inanclarına və etiqadlarına zidd hesab edirlər. Əlbəttə, bunun gələcəkdə narahatlıq və problem yaradacaq müəyyən tərəfləri də var, ola bilər. Bu gün Azərbaycan dünyanın ən tolerant, ən multikultural ölkələrindən biridir. Bu gün ölkəmizdə bütün dinlərə, məzhəblərə, təriqətlərə bərabər imkan və şərait yaradılır. Nəzərə alsaq ki, bu qərarın qəbul edilməsi də, az da olsa müəyyən sayda insanın inanc və etiqad azadlığına da müəyyən bir müsbət təsir göstərəcək”-deyə Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın dünyada qazandığı bir imic var. Azərbaycan bu gün dünyada ən tolerant, ən multikultural ölkərdən biri sayılır. Ceyhun Məmmədovun fikrincə, bu gün belə bir xidmətin, alternativ xidmətin düşünülməsi və ərsəyə gətirilməsi Azərbaycanda qeyd etdiyimiz ənənələrin güclənməsinə və möhkəmlənməsinə töhfə verə bilər.

“Eyni zamanda bu məsələ elə formada düşünülməlidir ki, gələcəkdə bundan sui-istifadə halları da olmasın. Kimlərsə bu məsələyə sığınaraq, öz fərqli niyyətləri uğruna istifadə etməsin”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »