Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mümkün olmayanın sənəti?!
Mümkün olmayanın sənəti?!

"Rəqs - üfüqi arzuların perpendikylyar ifadəsidir" deyirdi dünyaca məşhur Bernard Şou. Avropada, eləcə də, Amerikada bəzi siyasi rəqqasların çılğın performasını izləyirik.

Fransa prezidenti Emmanuel Makronun: "Ukraynaya qoşun göndərək" çağırışı da, Bernard Şounun təbirincə desək, üfüqi arzunun perpendikulyar ifadəsidir. Amma baş tutmadı. Fransızsayağı daha bir üfüqi arzu elə arzu olaraq qaldı. Afrikadan qoşun olaraq qovulan dövlət Ukraynaya əsgər göndərməkdən danışır. Təkcə Afrikadan deyil, elə məcazi mənada Avropanın özündən də qovulur Fransa təsiri. ABŞ və Böyük Britaniya fransız-alman mərkəzli Avropanı anqlo-sakson mərkəzli Avropaya çevirmək arzularına çox yaxındırlar. Fransa: "Ukraynaya qoşun göndərək" deyəndə bunun qəbul olunmayacağını əvvəlcədən bilir. Kim qəbul etməyəcək?! Təbii ki, Vaşinqton və London. Beləliklə, prezident Makron Rusiyanın Ukraynadakı irəliləyişinin, mümkün qələbəsinin hesabını Vaşinqtona və Londona kəsir indidən. Avropa cəmiyyətlərini anqlo-sakson perspektivinin məğlubiyyət və məhrumiyyətlər gətirəcəyi şantajı ilə öz yanında, yaxud təsiri altında tutmaq istəyir. Bu səbəblə Ukraynaya "qoşun göndərir". Həm də təkcə Ukraynaya yox, elə Ermənistana da... Azərbaycana qarşı. Almaniya isə Azərbaycana bir qoşun... iş adamı göndərib. Azərbaycanın iqtisadiyyatında iştirak imkanlarını araşdırmaq və yatırımlar edib qazanmaq üçün. Fransanın öz yanlışları üzündən itirdiyi mövqelərə onun Avropadakı "müttəfiq-rəqibi" Almaniya yerləşməyə çalışır.

Təkcə iqtisadi məsələlərlə iş bitmir. Azərbaycan prezidenti Təhlükəsizlik üzrə Münhen Konfransı çərçivəsində Ermənistan baş naziri ilə görüşdü. Kim görüşdürdü?! Kasler Şolts.

Azərbaycan Avropa İttifaqının iki lokomotivindən birini - Almaniyanı öz tərəfinə çəkməyə çalışır. İlkin nəticələrə baxsaq, bacarır da. "Cənubi Qafqazın ən böyük ölkəsiyik" deyir almanlara, prezident İlham Əliyev.

Yəni Ermənistanla Gürcüstan ikisi birlikdə tək Azərbaycandan kiçik qalır. Təkcə coğrafiya olaraq deyil, güc olaraq. Gürcüstan 2008-ci ildə müharibə edib, uduzub. Ermənistan 2020-ci ildə müharibə uduzub. 2023-cü ilin sentyabrında isə tam məğlub olub. Rusiya Ukraynada müharibə aparır, hələ ki qalib gəlməyib. İran Livanda, Qəzzada, Suriyada, İraqda, Yəməndə - Qırmızı dənizdə... bütün Yaxın Şərqdə lokal müharibələri uduzub. Bölgədə iki qalib dövlət var: Azərbaycan və Türkiyə.

Prezident Əliyevin məntiqi açıq və turarlıdır; almanlarla görüş üzərindən bütün Avropaya və hər kəsə mesaj göndərdi. Həmin mesajın məzmunu belə idi: bölgənin güclü, qalib dövləti ilə işləyin, zəif və məğlub tərəflə deyil. Məsələ heç məğlub da deyil; əvvəl biz də məğlub durumdaydıq. İndi şərtlər dəyişib; haqlı və güclü olan qalib gəlib. Rəsmi Bakı da bunu deyir: haqqın yanında olmaq istəyənə də, gücün yanında olmaq istəyənə də yanımızda yer var. 2020-2023-cü illərdə Cənubi Qafqaz dəyişib. Çox şey dəyişib. Kim yeni reallıqları qəbul edibsə, ona qapımız açıqdır. Kim də Makronun Fransası kimi reallıq hissini itiribsə, yenidən formatlanmış Qafqazı itirib. Ya da Qafqazda çox şey itirib.

Almaniyanın və Fransanın davranışlarındakı fərq - geosiyasi və geostrateji maraqlarına müxtəlif yollar seçdiyi aydın görünür. Azərbaycan bu reallığın güzgüsü oldu. Almaniya klassik düstura yönəldi: siyasəti mümkün olanın sənəti kimi qəbul edir. Fransanın indiki mövqeyində məlum olur ki, kansler Şoltsdan fərqli olaraq, Makron siyasəti mümkün olmayanı əldə etmək sənəti kimi görür.

Təhrif olunmuş qavrayış sağlam olmayan psixologiyadan xəbər verir. Simptomlar ortada! Vaxtında müalicə olunmazsa, adam, məcazi olaraq desək, psixatriya stasionarının pasiyentinə çevriləcək.

Odur ki, bu cür Parissayağı geosiyasi rəqslər rəqqasa ancaq məğlubiyyət gətirə bilər. Və gətirir də. Özü özünə uduzmuş bir zehniyyət başqasını revanşa həvəsləndirir. Həm də kimə qarşı!

Məşhur qanadlı fraza ilə desək: "xəstədir, dəlidir, nədir!"

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »