“Qarabağ” avrokuboklarda tarix yazır. Ağdamın futbol klubu UEFA Avropa Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanıb. Qurban Qurbanovun komandası axırıncı dəfə onminlərlə azarkeşin önündə Portuqaliyanın “Braga”sını mübarizədən kənarlaşdırmışdı. Amma tarixi zəfərdən bir neçə gün sonra həmin onminlərlə azarkeş “Sumqayıt”la çempionat oyununda gözə dəymədi. Tribunada əyləşənləri hətta bir-bir saymaq mümkün idi. İllərlə eyni situasiya yaranır, eyni yanaşma müşahidə edilir. “Qarabağ”ın avrokubok azarkeşləri formalaşıb. Amma başqa müstəviyə gələndə azarkeşlər tamam yad adama çevrilirlər.
Bizimyol.info xəbər verir ki, futbolsevərlərin belə münasibəti “Qarabağ” rəhbərliyinin də xoşuna gəlmir. Hələ 2022-ci ilin oktyabrında bununla bağlı açıqlama da verilmişdi. “Qarabağ” rəhbərliyi Fransa, Almaniya klubları ilə oyunlara böyük maraq göstərildiyi halda çempionat qarşılaşmalarına laqeydliyi qınamışdı. “Turan Tovuz”la görüşü cəmi 650 nəfərin izləməsi klub idarəçilərini məyus etmişdi.
Azarkeşlər “Qarabağ”ın çempionat oyunlarına niyə gəlmirlər? Hər şeydən əvvəl AFFA, PFL rəhbərliyi qınanmalıdır. Çünki ölkə birinciliyi daha çox paytaxt çempionatını xatırladır. Hətta bölgə komandaları da bir sıra ev oyunlarını Bakıda keçirirlər. O cümlədən, “Qarabağ” da. Komandanın Quzanlıdakı qarşılaşmalarına inanılmaz azarkeş marağı olurdu. Tribunalarda yer tapmayanlar kənardan meydançanı görmək üçün müxtəlif yollar axtarırdılar. Necə də olmasa, “Qarabağ” paytaxt yox, Ağdam klubudur. Bakıdakı yadlığın kökündə də bu dayanır. Yəni başqa bölgələri təmsil edənlərlə oyunlar lazımi maraq doğurmur. Çünki ortada yaxşı mənada intriqa yoxdur. Avrokuboklarda isə “Qarabağ” daha çox Azərbaycan təmsilçisi kimi qəbul edilir. Ağdam amili bu müstəvidə bir az arxa plana keçir.
Milli çempionat çox məzmunsuz bir yarış meydanına çevrilib. Bölgə komandaları sıradan çıxıb. “Xəzər-Lənkəran”ın, “MKT-Araz”ın, “Karvan”ın dövrünü, “Qarabağ” Quzanlıya qayıtdığı günləri xatırlayın. Necə gərgin oyunlar keçirdi. İndi klubların əksəri hər hansı şəkildə Dövlət Neft Şirkətindən maliyyələşir. Hətta çempionat belə, bir mərkəzdən idarə olunur. Bu şərtlərlə “Qarabağ”ın çempionat oyununa maraq yarana bilməz. Hər şeydən əvvəl çempionat dirçəlməlidir.
Azarkeşlərin “Qarabağ” sevgisinə də şübhə ilə yanaşmaq lazım gəlir. Guya Serbiya çempionatı çox maraqlıdır? “Partizan”ın, “Srvena Zvezda”nın azarkeşləri həmin qarşılaşmalarda da tribunaları bəzəyirlər. Bizdə isə “Qarabağ”ın oyunu həm də vətənpərvər görünmək cəhdinə çevrilir. Tribunalar şəkil çəkdirmək meydançasına dönür. “Qarabağ” indki oyunu, nəticələri ilə bütün qarşlılaşmalarda azarkeş dəstəyini haqq edir.
Aytən, Bizimyol.info