Su, yaradılışın dörd ünsüründən biri olaraq görülür. Su, həyat və canlılıq mənbəyidir. Real həyatda da, mifoloji baxışlarda olduğu kimi "su", oyanmağa kömək edən əsas gücdür. Su, hər şeyin başlanğıc nöqtəsidir. Bütün varlıqlar və onların yer üzündə mövcudluğu və həyatının yaradılmasının əsas səbəbidir. Novruza qədər 4 çərşənbə Türk xalqları üçün böyük əhəmiyyətə malikdir.
Novruz öncəsi son dörd çərşənbəyə, xüsusilə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Novruz yaradılış mərhələlərini simvolizə edən dörd ünsürlə (su, od, külək və torpaq) bağlı bayram ənənələrini ehtiva edir. Hesab olunur ki, ümumilikdə çərşənbələrdə və xüsusən də ilaxır dördüncü çərşənbədə gecə vaxtı ehtiyatlı olmaq, təbiətə hörmətsizlik etməmək lazımdır.
Novruz bayramının ilk çərşənbəsi Su adlanır ki, bu da insanın yaradılış prosesinin ilk mərhələsini göstərir. Bu gün 4 çərşənbədən birincisi, Su çərşənbəsidir. Xalq arasında bu çərşənbələr “Sular novruzu”, “Əzəl Çərşənbə” də adlandırırlar. Məhz bu çərşənbədə su hövzələrində təmizləmə işləri aparılır, su mənbələri, quyular təmizlənir. Günəş çıxmazdan əvvəl bütün insanlar su olan ərazilərə, sahillərə və ya quyulara gedirlər.
Adətə görə, su yaxınlığına gedən şəxslər əvvəlcə əl-üzünü yuyur, sonra suyun üstündən tullanır, yaralılar yaralarına su vururlar. İnsanlar bir-birinə su səpir və belə düşünülür ki, bu gün səpilən su, il boyu insanın həyatını su kimi aydın edəcək. Eyni zamanda həmin gün sudan keçənlərin il boyu xəstəliyə yoluxmayacağına inanılır.
Qədim insanlar, su "tanrı"ları Aban və Yadanın şərəfinə xalq mahnıları və dualar oxuyurdular.
Su çərşənbəsinin özünə məxsus inancları var. Adət-ənənəyə görə, su çərşənbəsində su oyandığı üçün mütləq həyət-bacaya su səpmək lazımdır. Su çərşənbəsində sudan bolluca istifadə etmək lazımdır.
Su, İslam dinində də müqəddəs sayılırdı. Su çərşənbəsində insanlar arasında keçirilən mərasimlər bu fikri təsdiqləyir.
İlahin, Bizimyol.info