Hər il Novruza qədər olan 4 çərşənbədə və elə bayram axşamı da tonqal qalamaq müxtəlif fəsadlarla nəticələnir. Bəzən yanğınlara, bəzən xəsarətlərə səbəb olur. Bu kimi təhlükələrin qarşısının alınması üçün Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib. Qeyd edilib ki, bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı,süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Mütəxəssislərin fikrincə, Novruz tonqalları ilə ehtiyyatlı davranmaq lazımdır. Bunun isə, müxtəlif səbəbləri var. Birincisi ona görə ki, Bakı əvvəlki Bakı deyil. 2016-cı ildən sonra Bakını elə söküb tikdilər ki, Bakı çətin ki, bir də özünə gələ… Binaların bir-birinə yaxın olması, binalarn həyətyanı sahələrinin az olması və binaların qarşısında saxlanılan avtomobillər də əhalinin Novruz tonqallarından zövq almasına mane olur. İndi bu binalarda yaşayanlar çalışır ki, heç kəsə zərər vermədən bayramı keçirə bilsinlər.
Mütəxəsisslər tövsiyyə edir ki, Novruz tonqalları qalayarkən avtomobil şinləri, plastik materiallar və s. bu kimi materiallardan istifadə edilməsin. Çünki bu materialların tüstüsü olmaqla yanaşı, əmələ gətirdiyi alov və tonqalda əriyən material insan sağlamlığı üçün təhlükə hesab edilir.
Belə… Bu gün ilk çərşənbə su çərşənbəsidir. Tonqalınızı qalayarkən təhlükəsizlik qaydalarına əməl etməyi unutmayın.
İlahin, Bizimyol.info