1992- ci il fevral ayının 27- si idi. Ailəmizin ilk nəvəsi Elnurun bir yaşını qeyd edirdik.
O zaman ölkədə qıtlıq, bahalıq, inflyasiya olmasına baxmayaraq, bacım süfrəyə dünyanın naz- nemətini düzmüşdü. Hamımız şən əhval- ruhiyyədə idik. Deyib- gülür, əylənirdik. Mən bacım oğluna hədiyyə olaraq ayaqqabı almışdım. Dünyagörmüş anam hədiyyəmi görəndə acıqlandı. Demə, ayaqqabı darlıq olduğundan onu hədiyyə etmək olmazmış. Sonradan öyrəndim ki, bu səbəbdən hətta nişan xonçalarına da ayaqqabı qoyulmur. Bilmirəm, bunu xurafat adlandırım, ya yox, amma deyəsən xalqın inancında nəsə bir hikmət varmış.
Məclisin şirin yerində televiziyadan o vaxtkı Azərbaycan Respublikası Prezidentinin (Ayaz Mütəllibov) mətbuat xidmətinin məlumatı səsləndirildi. Məlum oldu ki, dünən gecə saatlarında Xocalıya basqın olmuş, erməni quldurları iki vətəndaşımızı qətlə yetirmişlər. Araya ağır bir sükut çökdü. Hamımız kədərləndik. Daha məclisi davam etdirməyə heç kəsin həvəsi qalmadı.
Qonaqların arasında ən çox pərt olan mən idim. Elə bil hər şeyin səbəbi mənim hədiyyə aldığım ayaqqabıda idi.
Çox keçmədi ki, Xocalı faciəsi haqqında doğru məlumat əldə etdik. Biz iki nəfərin ölümünə üzülmüşdük, demə, o gecə 613 nəfər öldürülmüş, 487 nəfər yaralanmışdı.
Dövlət televiziyasının ilk hərbi operatoru Seyidağa Mövsümov faciənin elə ertəsi günü Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun müşayiətilə Xocalıya getmiş, faciə qurbanlarının şəkillərini təkcə kameranın deyil, həm də xalqın qan yaddaşına əbədi köçürmüşdü.
Vaqif Mustafayevin "Dərdimi çəkirəm" filmində Seyidağa Mövsümovun Xocalı qətliamının günahsız qurbanlarını necə ürək ağrısı ilə lentə aldığından danışılır. Filmin müəyyən kadrlarında Seyidağa Mövsümovun göz yaşları tamaşaçıya Xocalı faciəsinin özü qədər, onun çəkdiyi kadrların dəhşəti qədər agrı verir.
Seyidağa Mövsümovun qızı Ellada Mövsümova mənə danışır ki, atası müharibə vaxtı çəkilişdə ayağından yaralansa da, həyatını risqə qoyub yenə də ön cəbhədə, odun- alovun içində işini davam etdirib. Taqım komandiri olub, bir əlində silah, digərində kamera düşmənə qarşı vuruşub. Amma "Məglub xalqın qəhrəmanı olmaz" deyərək ona verilən Milli Qəhrəman adından təvazokarlıqla imtina edib. Buna baxmayaraq, həmişə qalib gələcəyimizə inanıb və son nəfəsində " Azərbaycan" deyərək həyatla vidalaşıb.
Çox təəssüf edirəm ki, Seyidağa Mövsümov arzusunda olduğu möhtəşəm qələbəmizi görə bilmədi.
Xocalı faciəsi hər bir azərbaycanlı kimi mənə də ağır təsir etdi. O vaxt mən universitetin sonuncu kursunda oxuyurdum. Faciənin baş verməsindən bir neçə ay əvvəl yay tətilində tələbə yoldaşlarımız Xocalı şəhərinin abadlaşdırıması üçün ora köməyə getmişdilər. Hal- hazırda Quba rayonunda tarix müəllimi işləyən tələbə yoldaşımız Nəzər Sultanlı dəstənin komandiri idi. Erməni quldurları bir gecədə insanların əməyini puç edib, qədim bir şəhəri xarabazara çevirdilər.
Əsrin faciəsi olan Xocalı qətliamı məni elə sarsıtmışdı ki, o vaxt bu mövzuda şeir yazmışdım. Mənə ən şox təsir edən həm də hakimiyyət hərisliyinə görə həqiqətin saxtalaşdırılması idi. Axı acı da olsa həqiqət- deyiblər. Bu boyda faciəni xalqdan necə gizlətmək olardı?
İllər sonra özüm öz yaddaşıma şübhə etdim ki, bəlkə o zaman biz səhv eşitmişik, iki nəfər söhbəti heç olmayıb. Bu məqsədlə 1992- ci ilin 27 fevral tarixli qəzetlərinə nəzər yetirdim və yanılmadığımı gördüm. O boyda faciə bir neçə cümləlik yalan məlumata sığışdırılmışdı. Amma qəzetlərin sonrakı saylarında əsl həqiqət öz əksini tapmışdı. Deyəsən, faciə gec də olsa yatmış vicdanları oyatmışdı. Bugün biz doğma Qarabağımızı düşməndən azad etsək də, başımıza gələn faciələri unutmamalıyıq. Çünki tarix təkrar olur. Tarixdən böyük müəllim, tarixdən böyük dərs yoxdur. Hələ o vaxt münaqişə təzəcə başlayanda universitetin qocaman müəllimləri bizə danışırdılar ki, bu düşmənçiliyin kökləri çox qədimlərə gedir, bunu unutmayın. Başımıza nə gəlirsə, unutqanlığımızdan gəlir.
Həqiqətən, biz o qədər humanist xalqıq ki, bütün dönəmlərdə düşməni bağışlamışıq. Elə təkcə "Fəryad" filmində İsmayılın körpə erməni uşağına baxıb ağlaması səhnəsi buna sübutdur.
Həm də ki, həqiqəti həmişə bizdən gizlədiblər.
Keçən əsrin səksəninci illərində nəşr olunan "Azərbaycan tarixi" dərsliklərində mart qırğınları haqqında qısa bir cümlə var: 1918- ci ilin martında Bakıda qırğın olmuşdur. Başqa heç nə. Bir də Sona xanım Cabbarlının "Onu kim unudar" əsərində təxminən belə bir epizod: Cəfər evə gəlib Sonaya deyir ki, hazırlaşın, sizi Xızıya aparıram, Bakıda qarışıqlıqdır.
Yalnız məlum hadisələr üzə çıxandan sonra mən bu qısa cümlələrdə gizlənmiş acı həqiqətləri aşkar etdim. Çox təəssüf ki, illərlə bizə olanları unutdurub xorla
Kür, Araz, Ararat,
Gözəldir bu həyat.
Qardaş olub Hayastan- Azərbaycan
mahnısını oxutdurublar.
Ürəyimiz erməni millətinə sevgi ilə elə doldurulub ki, şəxsən mən o vaxt kəndləri işğal olunan tələbə yoldaşlarımıza etiraz edib, "ermənilər belə iş tutmaz " demişdim və bu sözləri dediyimə görə indi xəcalət çəkirəm. Çünki Bakıdakı erməni qonşularımız şirin dillərini işə salıb bizim sevgimizi, etibarımızı qazanmağa müvəffəq olmuşdular.
Amma bizimlə danışanda adımızın sonuna bir də " can" sözünü qoşan bədnam qonşu əlinə fürsət düşən kimi canımıza qıydı.
Günlərin birində Xocalı soyqırımı ilə bağlı tədbirdə çıxışımı dinləyən oğlum da söylədiyim faktlara inanmayıb evdə mənə etiraz etmişdi: İnsan necə belə vəhşi ola bilər ki? Hələ tədbirin keçirildiyi orta məktəbin direktor müavininin mənim çıxışıma sonradan tutduğu irada baxın: Niyə görə uşaqlara bu vəhşiliklərdən açıq-aydın danışırsınız?
Elə buna görə də Sumqayıt hadisələrindən sonra İrəvana köçən erməni ailəsini geri qaytarmaq üçün "Sumqayıt" qəzetinin redaksiyasına az qala göz yaşları içərisində müraciət edən azərbaycanlı qadının məktubunu oxuyanda əsla təəccüblənməmişdim. 5 yaşlı Orxanın anası yazır ki, oğlum bağça yoldaşı Vazgen gedəndən sonra yemir, içmir, yatmır, bağçaya getmək belə istəmir, xahiş edirəm bizə kömək edin.
Bəlkə kimsə bu cümlələri oxuyub ananın sadəlövhlüyünə güləcək. Amma gülmək yox, ağlamaq lazımdır.
Biz insanlığa sevgi ilə böyüdük. Amma ermənilər insanlığın düşmənidirlər. Qarabağlı bir tanışım danışır ki, dünyanın düz vaxtı erməni uşağı milçək öldürəndə fəxrlə hesabat verirmiş ki, bu qədər türk öldürmüşəm.
Yadımdadır, bizdən xeyli sonra binamıza köçən erməni Slavikin 10 yaşlı qızı o vaxt atamın eyvanımızın qarşısında saldığı balaca bağçanı göstərib hər dəfə mənə acıq verirdi: " Bu, bizim bağımızdır!"
O balaca bağçadan başlanan iddia sonralar gözümün qarşısında daha böyük əraziyə- Qarabağa yönəldi.
Orta məktəbdə Anarın "Macal" adlı povestini oxumağa macal tapmamış (məktəb kitabxanasından evdə oxumaq üçün almışdım) erməni əsilli müəllim kitabı partanın üzərindən götürüb qeyzlə necə cırmışdısa, illər sonra həmin müəllimin varisləri bütöv kitabxanalarımızı, mədəniyyət abidələrimizi amansızsacına məhv etdilər.
Biz isə ayağımızın altını qazan ermənilərin hərəkətinə məhəl qoymayıb qonşuluğumuzu davam etdirirdik.
Çox, özü də çox humanist xalqıq.
Müharibədən qalib çıxsaq da, olanları unutmamalıyıq. Əks halda, bizdən sonra gələn nəsillər də yaşadığımız acıları yaşayacaq.
Başımıza gələn faciələri yazmalıyıq, şifrəsiz, açıq- aydın yazmalıyıq, mütləq yazmalıyıq! Erməni müəllifləri son 30 ildə babalarından qalmış ənənələrinə sadiq qalıb əleyhimizə nə qədər əsərlər yazıblar. Biz də onların bu yalanlarını ifşa etməli, elmi və bədii əsərlərlə düşmənə cavab verməliyik. Qoy atalarımız məni bağışlasın, bu yerdə "İt hürər, karvan keçər" məsəli heç yerinə düşmür. Təki sülh, əmin-amanlıq olsun, təki yazdıqlarımız aktuallığını itirsin, amma başımıza gətirilənlər qan yaddaşımızdan itməsin.
Bir vəzifə kürsüsüyçün yüz cür dona bürünənlər,
Şahinlərə kəc- kəc baxıb ilan kimi sürünənlər
Əvvəl- əvvəl həqiqəti camaatdan gizlətdilər,
Xocalıda iki nəfər öldürülüb söylədilər.
Yalana bax, bu ki lap ağ yalan oldu!
Demədilər Xocalıda necə bir qətliam oldu!
Demədilər ermənilər, ruslar dönüb qorxunc divə,
Bir gecədə Xocalıda od qoydular neçə evə.
Körpələri süngülərdən keçirdilər,
Vampir kimi türk qanını içirdilər...
Ta əzəldən ermənilər həris olmuş türk qanına,
Daim yağlı tikə kimi baxmış Azərbaycanıma.
Sağalmamış sinəsindən Vətənin Gülüstan dağı,
Bu yandan da ermənilər gəlib aldı Qarabağı.
Qadir Allah, özün gördün nələr çəkdi mənim xalqım.
Bu yəqindir, qiyamətə qalmayacaq intiqamım.
Şəhidlərin al qanından, anaların göz yaşından dəryalar yaransa belə,
Ulu Dədəm Qorqud demiş, hələ varıq, olacağıq!
Biz düşməndən Xocalının qisasını alacağıq!
Yalnız o gün xocalılar göz yaşını siləcəkdir,
Kim haqlıymış, kim haqsızmış, bütün dünya biləcəkdir!
P.S. Şükür, 32 il əvvəl yazdığım kimi qisas qiyamətə qalmadı. Xocalı şəhidlərinin ruhu şad olsun! Seyidağa Mövsümovun ruhu şad olsun!
Allah bizə qələbə gününün sevincini yaşamağı nəsib etdi.
Şəhər və kəndlərimiz abadlaşıb əvvəlkindən də gözəl olacaq, Xocalıda toy şənlikləri, ad günü məclisləri qurulacaq. Səbəbkarlara təbrik üçün istədiyiniz hədiyyəni aparın, təkcə Xocalıda bitən çiçəklərdən başqa. Çünki neçə illər keçsə də yurddaşlarımızın qətl olunduğu Xocalı torpağında bitən çiçəklər həmişə qan qoxuyacaq.
Tərlanə Əliyeva