"Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvəsi mühüm əhəmiyyət kəsb edir. Yeni geosiyasi reallıqlar çərçivəsində Türk Dövlətləri Təşkilatı da genişlənib və yeni bir çalar qazanıb. Şuşada belə irimiqyaslı zirvə toplantısının keçirilməsi də həm yeni, həm də xüsusi önəmə sahib bir hadisədir".
Bu barədə Bizimyol.info xəbər portalına politoloq İlyas Hüseynov danışıb. Politoloq qeyd edib ki, Türk Dövlətləri Təşkilatında üzv dövlətlərlə yanaşı, müşahidəçi dövlətlər iştirak edir. Məsələn, Macarıstan Avropa İttifaqı və NATO-nun üzvüdür və Türk Dövlətləri Təşkilatının müşahidəçi statusunda iştirak edən bir dövlətdir. Eyni zamanda Şimali Kipr Türk Cümhuriyyəti də artıq burada müşahidəçi statusundadır. Və Şimali Kipr Türk Cümhuriyyətinin də Şuşada Zirvə toplantısında iştirakı gözlənilir.
“Türk Dövlətləri Təşkilatının hərəkətlənməsi və güclənməsi, mütəşəkkil şəkildə formalaşması baxımından yeni bir gedişat qazanır”-deyən politoloq vurğulayıb ki, Şuşa zirvə toplantısı əlaqələrimizin daha da dərinləşməsi ilə yadda qalacaq.
İlyas Hüseynov, İlham Əliyevin Türkiyə səfəri haqqında danışarkən bildirib ki, bu səfər yeni naliyyətlərlə və yeni razılıqlarla daha da dolğunlaşıb.
“Türkiyə-Azərbaycan universiteti bizim gələcəyimizə qoyulan sərmayə və gələcəyimiz üçün atılan çox doğru addımdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində, biz bundan sonra da gözəl gələcəyə hesablanmış böyük bir dövrü əhatə edəcək planların, layihələrin şahidi olacağıq. Şuşa Zirvə toplantısı da tarixə belə düşəcək”-deyə politoloq əlavə edib.
İradə Cəlil, Bizimyol.info