Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda dağ adamları çox yaşamırmış... Ölkədə kişilərin 47 faizi pensiya görmədən həyatdan köçür
Azərbaycanda dağ adamları çox yaşamırmış... Ölkədə kişilərin 47 faizi pensiya görmədən həyatdan köçür

Azərbaycanda rəsmi rəqəmlər deyir ki, orta ömür müddəti uzanıb. Ətrafda baş verənlərə nəzər salanda heç belə təəssürat yaranmır. Təkcə bir faktı qeyd etmək həmin rəqəmləri etibarsız saymağa yetir. Ölkədə kişilərin 47 faizi pensiya üzü görmədən həyatdan köçür. Bu mənada statistikaya şübhə ilə yanaşmaq da mümkündür.

Bizimyol.info xəbər verir ki, ayrı-ayrı rayonlar üzrə orta ömür uzunluğunun açıqlanması daha bir mifi darmadağın edir. Ölkədə həmişə inam olub ki, dağ adamları daha çox yaşayır. Amma rəqəmlər heç də belə demir. Təsəvvür edin, qadınlar arasında gözlənilən orta ömür uzunluğunun ən yüksək olduğu rayon Abşerondur (orta ömür uzunluğu – 79,8). Kişilər arasında Culfa qeydiyyatında olanlar fərqlənib (orta ömür uzunluğu – 76,7). Əlbəttə, Naxçıcan Muxtar Respublikasının bu rayonunun müəyyən hissəsi dağlıq əraziyə düşür. Amma Culfa heç vaxt xüsusi dağ rayonu kimi seçilməyib. Qadınlarda Zərdab, Saatlı kimi aran rayonları ilk beşliyə düşüb. Kişilərin statistikasında Qubadlı gözə dəyir. Amma aydın məsələdir ki, statistikada köçkün düşmüş vətəndaşların göstəriciləri nəzərə alınıb. Qubadlıda doğulub ev-eşiyini tərk edənlərin nəzərəçarpan hissəsi indi Sumqayıtda yaşayır. Yəni dağ adamlarının həyat tərzindən söhbət gedə bilməz.

Kişilərin statistikasında təkcə Lerik xüsusi dağ rayonu kimi qeyd edilə bilər. Burada güclü cinsin nümayəndələrinin gözlənilən orta ömür uzunluğu 75,6-dır.

Dağ rayonu kimi tanınanlardan Yardımlının, Gədəbəyin, Astaranın, Qubanın, Qusarın, Daşkəsənin adlarını liderlər qrupunda görmürük. Əksinə, Daşkəsən autsayderlər qrupunda gözə dəyir. Bu rayonun həm kişiləri, həm də qadınları az yaşayır. Hər halda, Qazax da aran rayonu sayılmır. Amma kişilər arasında orta ömür uzunluğu aşağıdır.

İqtisadçı Rövşən Ağayev hələ bir neçə il əvvəl müfəssəl statistika hazırlamışdı. Buradan aydın olurdu ki, aran rayonunun camaatı dağlıq ərazilərdə yaşayanlardan daha çox ömür sürür.

Əslində, 21-ci əsrin gerçəkliyi başqadır. Uuznömürlülərin əksəri Qərb dövlətlərində, Yaponiyada yaşayır. Həmin ölkələrdə aran insanı, dağ adamı bölgüsü yoxdur. Sadəcə, vətəndaş keyfiyyətli ömür sürür. Sirr deyil ki, Azərbaycanda insanlar paytaxta yaxınlaşdıqca müəyyən qədər gün görür. Bu amil statistikada da özünü göstərir. Dağda məskunlaşmaqla uzunömürlü olmurlar. Hər şeydən əvvəl həyat keyfiyyəti yüksək olmalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »