Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Piyada da, sürücü də dərd "olur"... Artan qəzalarla "həyəcan" siqnalı verən yollarda səs siqnalını "kəsirlər"
Piyada da, sürücü də dərd "olur"... Artan qəzalarla "həyəcan" siqnalı verən yollarda səs siqnalını "kəsirlər"

Bir neçə gün əvvəl Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi səs siqnallarından istifadə qaydaları barədə məlumat yayıb. Qeyd edilib ki, son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə olunması, digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olur. Həmçinin qanun xatırladılıb, bildirilib ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən səs siqnallarından yalnız bu hallarda istifadə oluna bilər: 1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda; 2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. Bu hallardan başqa, səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır".

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yollarımızdan və sürücülərimizdən, hətta piyadalarımızdan da xəbəri var...

Sağa dönəcəyi halda sol işıq siqnalını yandıran, yolun sol zolağında sürət həddi saatda 90 km olan yolu 60-la gedən, hərəkətdə ikən qəfil dayanan, yol sənin olduğu halda avtomobilinin başını yoluna dürtməyə çalışan, yolun hərəkət hissəsində sanki belə olmalı imiş kimi avtomobilini arxa-arxaya sürən, piyada keçidi olmayan yerdə piyadaya yol vermək "şərəf"i yaşamaq istəyib, xəbərdarlıq işığını yandırmadan dayanan, işıq yandırmaq əvəzinə barmağını, əlini, bəzən işarə verən texnoloji cihaz kimi sol qolunu bütövlüklə yola çıxaran, yağışlı havada yaxın məsafədə ötmə edən, istismar müddəti bitmiş avtomobillərlə yola çıxan, özünü Formula 1 yarış ərazisində hiss edən və daha bahalı avtomobillərin altına dürtməyə çalışan, qaranlıqda işıqlarını yandırmadan hərəkət edən sürücülər bir kənara...

...Qaranlıq saatlarda yolun hərəkət hissəsində borclu-borclu dayanan, piyada yolu olmadığı halda sürətli yollarda özünü yolun hərəkət hissəsinə atıb yolu keçməyə çalışan, avtomobilin sürət həddini nəzərə almadan özünü və uşağını təhlükəyə atan, yolun ortası ilə hərəkət edən, gecə saatlarında qara geyim geyinib yol keçən, özünü bilərəkdən sənin avtomobilinə sürtüb qəza səhnəsi yaratmağa çalışan... Hələ bu harasıdır? Yolu sözün əsl mənasında burcuda-burcuda, telefonla danışa-danışa, qulaqcıqla musiqi dinləyə-dinləyə keçməyə cəhd edən piyadaların "hərəkət" etdiyi yollarda əlimizi səs siqnalından çəksək nə olar?

Bəs çəkməsək nə olar? Bu da maraqlı sualdır...

Bircə əimizdə səs siqnalları var ki, yollarımızda olan yol hərəkəti qaydalarından xəbərsiz və yaxud qaydaları bilib, özünü bilməzliyə vuran, başqalarını zərərə salmaq üçün ciddi cəhdlə "çalışan" sürücü və piyadaları xəbərdar edək. Və yaxud elə siz düşündüyünüz kimi…

Bunu da əlimizdən almaq və nəqliyyatın sakit-səssiz hərəkətini təmin etmək istəyirsinizsə, o zaman bir qayda olaraq piyadalara da protokollar tərtib edilsin. Piyada səhvindən baş verən qəzalarda sürücülər məsuliyyətə cəlb edilməsin, qərarlar daha ədalətli verilsin.

Əlini, qolunu, başını - bədənindəki beyindən başqa bütün orqanlarını yola çıxarıb yol istəyən sürücülər haqqında da tədbirlər görülsün. Yolun hərəkət hissəsində qəfildən dayanıb sərnişin götürən və qəzaya səbəb ola biləcək vəziyyət yaradan sürücülər nəzərdən qaçmasın. Yolun hərəkət hissəsində avtomobilini saxlayıb gedən sürücüləri də siyahıya əlavə edin, cənablar...

Cinsindən, rəngindən, geyimindən, vəzifəsindən "asılı" olmadan... Qısası, fərq qoyulmadan… Mümkündürmü?

Bir də yollarımızda o qədər “baltalı əhmədkimilər” var ki, biz bu səs siqnalları olmasa, nə edərik?

Məsələn; bir müddət əvvəl Gənclik metrosu ərazisində avtomobilinin vurulmayan tərəfi qalmamış bir “Xəzər” sürücüsü, mənim sağ tərəfimdən ötmə əməliyyatı etməyə çalışırdı. Yəni yol iki zolaq olduğu halda sağımdan keçməyə cəhd edirdi. Yol verdim ki, çıxıb getsin. Bu "xəstə" ruhlu sürücü avtomobilini qarşımda saxlayıb qəza işıqlarını yandırdı. Arxadakı sürücülər düşüb adamla mübahisə etdikdən sonra mən yoluma davam etdim.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi səslənirəm: Nə qədər ki, yollarda "həyəcan siqnalı" səslənmir, öncə özünüzün də şahidi olduğunuz qayda pozuntusu hallarının qarşısını alandan sonra səs siqnalları ilə bağlı qərarı xatırlatma edərsiniz…

Heç bir "ağlı başında" olan sürücü səbəb olmadan və məcbur qalmadığı halda səs siqnalından istifadə etmir…

Sürücü namizədlərini sürücülük vəsiqəsi ilə təmin edərkən tələb edilən şərtləri dəyişdirmək üçün bəlkə siz də "səs" verəsiniz...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »