Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
5 günlük "ömrü" olan sənədə görə "gecikən" çağırışçılar vaxtı "dayandıra bilmir" - Xəstəxanadan açıqlama
5 günlük "ömrü" olan sənədə görə "gecikən" çağırışçılar vaxtı "dayandıra bilmir" - Xəstəxanadan açıqlama

Rayon hərbi komissarlıqları çağırışçıları yoxlanış üçün Zərifə Əliyeva adına Göz xəstəxanasına yönləndirirlər. Xəstəxananın fəaliyyət vaxtı saat 15:00-da bitdiyi üçün rayondan paytaxta uzun yol gələn çağırışçılar, onların valideynləri bir də ya sabah, ya da başqa bir vaxt dilimində gəlməyə çalışırlar. Bəzən olur ki, onlar yenə həkimin qəbuluna girə bilmirlər və vaxt məhdudiyyəti ucbatından yenidən geri dönməli olurlar. Bəzi vətəndaşlar paytaxtda yaşayan qohumlarının evində bir neçə gün qonaq olsa da, bir çoxunun burada heç kimi olmadığından, ya otellərdə, ya avtomobildə gecələməli olur, ya da həmin gün yenidən rayonun yolunu tuturlar. Yoxlanış üçün hərbi komissarlıqdan çağırışçılara verilən sənədin "ömrü" beş gün olduğundan, beş gün ərzində xəstəxanada yoxlana bilməyən, həkim qəbuluna düşə bilməyənlər yenidən rayona qayıdaraq, təzə yoxlanış sənədi alıb, bir daha paytaxtın yolunu tutmağa məcbur olurlar.

Çağırış müddəti başlayanda, Zərifə Əliyeva adına xəstəxananın qarşısında sıxlıq yaranır. Çağırışçıların yoxlanılması üçün ikinci alternativ xəstəxana yoxdur, yaxud da varsa, ora yox, məhz Zərifə Əliyeva adına Göz Xəstəxanasına yönləndirilirlər. Burada da saat 15:00 olan kimi həkimlər iş yerlərini tərk edib, gedirlər. Əziyyəti isə yoxlanmağa gələn vətəndaşlar çəkirlər.

  • Adıçəkilən xəstəxananın fəaliyyət müddəti niyə məhz saat 15:00-a qədər təyin olunub?
  • Səhiyyə Nazirliyi yaranmış vəziyyəti nəzərə alaraq, xəstəxananın günlük fəaliyyət vaxtını uzada bilərmi? Bu yöndə zəruri addımların atılması - vətəndaşların alternativ xəstəxanalara göndərilməsi, yaxud qeyd olunan xəstəxanada məhdud vaxtın bir neçə saat da uzadılması istiqamətində yeniliklər edilə bilməzmi?

Suallarla əlaqədar Milli Oftalmologiya Mərkəzindən Bizimyol.info xəbər portalına verilən məlumatda qeyd olunur ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gözün Tibbi Ekspertiza şöbəsində Hərbi-həkim komissiyasında müayinədən keçən çağırışçıların qəbulu səhər 7:30-dan başlayır və komissiyaya sənəd qəbulu saat 10:00-a qədər həyata keçirilməkdədir: "Komissiyaya qəbul edilən çağırışçıların müayinəsi növbə qaydasında həyata keçirilərək bir və ya ekspertizanın qaydalarına uyğun olaraq iki iş günü ərzində aparılmaqdadır.

Qeyd etmək istərdik ki, mərkəzdə mürəkkəb differensial diaqnostika zərurəti ilə əlaqədar hərbi ekspert müayinəsinə cəlb edilən gənclərin müayinəsi prosedur qaydalarına uyğun olaraq bir sıra təkmilləşdirilmiş əlavə diaqnostik müayinələrin aparılmasını zəruri edir. Bu müayinələrdən keçən gənclərin sağlamlıq vəziyyətlərinin düzgün qiymətləndirilməsi məqsədi ilə həkimlər bir çox hallarda fəaliyyətlərini iş qrafikindən artıq, hətta bir neçə saat əlavə olaraq da davam etdirirlər. Qəbul saatlarından bir neçə saat sonra və ya iş günün sonunda müraciət edən vətəndaşların hərbi ekspertizadan müayinəsi növbət iş gününə və ya vətəndaşa uyğun olaraq həftə içi müvafiq iş gününə uyğun səhər saatlarına təyin edilməkdədir.

Qeyd olunan məsələ ilə əlaqədar bildirmək istəyirik ki, rayon və bölgələrdən müraciət edən çağırışçıların müayinə üçün təyin edilən gəbul saatlarından gec müraciət etməməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinə bir neçə dəfə məlumat verilib. Onu da qeyd etmək istəyirik ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə ancaq mürəkkəb differensial diaqnostika zərurəti yarandığı hallarda göndərişlərin verilməsi, regionlarda fəaliyyət göstərən poliklinika və tibb mərkəzlərində mürəkkəb diaqnostik zərurəti yaratmayan hallarda müayinələrin aparılması bu problemin həllində öz rolunu oynayacaqdır" - deyə, Milli Oftalmologiya Mərkəzindən bildirilib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »