Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir ailənin "məhv"ini çəkən də, yayanlar da bütün cəmiyyətin psixologiyasını pozub cəzasız qalırlar"
"Bir ailənin "məhv"ini çəkən də, yayanlar da bütün cəmiyyətin psixologiyasını pozub cəzasız qalırlar"

Bir neçə gündür uşaqlarımın psixologiyası sözün əsl mənasında pozulub. Gecələri dəfələrlə qalxıb, evin qapısını yoxlayır, bağlı olub-olmadığına nəzarət edir. Sonra yuxulu-yuxulu otağıma keçib, məni səsləyib yaxşı olub-olmadığı ilə maraqlanırlar.

Dünən kiçik oğlum əlində burqacla qapının kilidini sıxmağa çalışırdı. Deyir ki, “ana kilid xarab olub, qırıb evə girmək asan olar”... Böyük oğlum isə, bir müddət odun doğramaq üçün aldığı baltanı otağına götürüb qapının arxasına qoydu. Səbəbini soruşanda isə, “evə kimsə girsə, özümüzü qorumağa” dedi...

Qısası, iki-üç gündür uşaqlarımın əsəbləri pozulub. Yəqin ki, mənim uşaqlarım kimi yüzlərlə yeniyetmənin, gəncin, ahılın əsəbləri alt-üst olub...

Gələk, o dəhşətli səbəbə...

Bir neçə gün bütün Azərbaycan 25 yaşlı Əhməd Əhmədovun ailəsini qətlə yetirməsi hadisəsi ilə sarsıldı. Yaxınlarının ruhi xəstə adlandırdığı Əhmədin törətdiyi cinayətin bir neçə videosu sosial şəbəkələrdə yayılıb. Videoların biri mənzillərin birinin “gözlüyü”ndən çəkilib. Yaxşı görünməsə də, səslər eşidilir.

“Anamı öldürmə, anam yazıqdır” deyir Əhmədin qardaşı... Baltalı qatil də “Ay bala, sən narahat olma” deyərək, balta zərbələrini endirməyə davam edir... İkinci videoda isə, Əhmədin öldürdüyü anası və qardaşının parçalanmış başları öz əksini tapıb. Ətraf qan gölməçəsinə dönüb, uşağın başının bir tərəfi dağılıb, qadının üzü parçalanıb... Və bu videolara sosial şəbəkələrdə yayılıb. Dəhşətlidir... Bu videonu çəkə bilənlər, çəkdikdən sonra sosial şəbəkələrdə yayanlar da elə potensial qatildir. Sadəcə onlar əlinə balta alıb, kiminsə başını parçalamırlar. Onlar çəkdikləri videolarla yüzlərlə, minlərlə insanın beynini, əsəblərini məhv edirlər.

  • Sadəcə mənə çox maraqlıdır, bununla bağlı hüquq mühafizə orqanlar niyə ölçü götürmür?
  • Bu videolar cinayət törətməyə sövq etməzmi?
  • Bu videolar potensial qatilləri tətikləməzmi?

    Bu videolar hüquq mühafizə orqanlarına təqdim edilməli deyildimi?

  • Yoxsa, bu videoları çəkib paylaşanlar bu dəhşətli, qanlı hadisə üzərindən reytinq qazanmaq niyyətindədirlərmi?

Hər bir insanın içində potensial bir qatil var. Hər bir insanın sevmədiyi, onu incidən insanlar var. Bu kimi videolar əsəbləri poza bilər, qıcıq yarada bilər, kimisə qatil edə bilər. Və yaxud kiminsə əsəblərini poza bilər. Elə mənim uşaqlarımın əsəblərini pozduğu kimi...

Yaxşı olar ki, hüquq mühafizə orqanlar bu videonu çəkib paylaşanlar haqqında xüsusi bir ölçü götürsün. Bir ruhi xəstənin törətdiyi cinayətdən bütün cəmiyyət zədələnməməlidir. Onsuz da, sıralarımızda kifayət qədər, şizofren, psixopat, gizli ruhi xəstələr var...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »