Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Fazil Mustafaya sui-qəsddə ittiham olunan şəxs: "3-4 il idi bu işin üstündə işləyirdim"
Deputat Fazil Mustafaya sui-qəsddə ittiham olunan şəxs: "3-4 il idi bu işin üstündə işləyirdim"

Milli Məclisin üzvü Fazil Musatafaya qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin - Azər Səricanov, Rəşad Əhmədov, Elşad Əsgərov, Səbuhi Şirinov və Emin Əliyarovun məhkəməsi davam edir. Onların mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, fevralın 16-da hakim Elnur Nuriyevin sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərdən ikisi – Azər Səricanov və Rəşad Əhmədov dindirilib.

Azər Səricanov ötən məhkəmə iclasında ifadə vermişdi, bu dəfə isə o, prokurorun, vəkillərin və zərərçəkmiş Fazil Mustafanın nümayəndəsinin suallarını cavablandırıb.

Azər Səricanov ifadəsində bildirmişdi ki, Fazil Mustafanı dini mövzuda yaydığı fikirlərə görə cəzalandırmaq qərarına gəlib. Prokuror ondan soruşub ki, niyə məhz həyatına qəsd etmək yolunu seçib? O, cavabında bildirib ki, milli-mənəvi dəyərləri tapdalayanlar cəzalandırılmalıdır, başqaları da bundan dərs çıxarmalıdır: “Elə şeylər var ki, bizim qırmızı xəttimizdir”.

O, digər təqsirləndirilən şəxsləri özünün istiqamətləndirdiyini bildirib: “Mənə nə cəza verilsə, razıyam. Çıxışlarından birində deyir ki, Məhərrəm ayında ulaşmaq olmaz. Mən bunu necə götürüm? Belə fikirlərinə görə 3-4 il idi bu məsələnin üstündə işləyirdim”.

Zərərçəkmişin nümayəndəsi isə sual-cavab zamanı təqsirləndirilən şəxsdən Fazil Mustafanın nə vaxt, harada belə fikirlər səsləndirdiyinin sübutunu istəyib. Azər Səricanov bildirib ki, onun sosial şəbəkələrdəki yazılarında və video-çıxışlarında belə fikirlərinə rast gəlib.

Azər Səricanov deyir ki, Fazil Mustafanı cəzalandırmaq istəyiblər. O, əməlindən peşman olmadığını da əlavə edib.

Daha sonra təqsirləndirilən Rəşad Əhmədov ifadə verib. Əhmədov da dövlətə xəyanət, dövlət xadiminin həyatına sui-qəsd cəhdi etməkdə, həmçinin narkotik dövriyyəsində ittiham edilir. Lakin müttəhim özünü yalnız qanunsuz silah saxlamaqda təqsirli bilir. O, bildirib ki, hadisədən dərhal sonra İstanbula gedib. Ordan da İrana keçib. İranda 10 gün qaldıqdan sonra isə Azərbaycana qayıdıb, bir neçə gün sonra da həbs edilib:

“Mən burdakılardan ancaq Azər Səricanovu tanıyıram, digərlərini görməmişəm. Azər mənə silah vermişdi. Tapşırmışdı ki, saxlayım, lazım olanda gəlib götürəcək. Amma Azərin həbsindən sonra gözüm qorxdu. Əvvəl İstanbula, oradan da Tehrana getdim. 10 gün orada qaldım, geri qayıtdım”.

Bundan sonra təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı verdiyi ifadəsi elan edilib.

Əhmədov istintaqda deyib ki, uşaqlıq dostu Valeh İsmayılov uzun illər əvvəl Suriyaya gedib. Orada müharibədə iştirak edib. Müharibədən sonra isə İrana köçüb, həmin vaxtdan orada yaşayıb:

“Valehlə sosial şəbəkələrdə danışırdıq. Bir dəfə Qumda Valehlə görüşümüz oldu. Həmin vaxt Valehə Azər Səricanovun Fazil Mustafanı öldürmək planı olduğunu dedim. Valeh də bu işdə maraqlı oldu. Sui-qəsd cəhdinin icra edilməsi üçün mənə 30 min dollar verdi. Pulu ondan alıb Azər Səricanova verdim. Amma pulu alanda Valeh şərt qoymuşdu ki, iş alınmasa pulu qaytarmalıyam, tutulmasaydım İrana qayıdıb yaşayacaqdım. Bundan başqa Valeh mənə Azərbaycandakı strateji obyektlərin fotolarını çəkməyi tapşırdı. Məndə dediyi yerlərin şəklini çəkib atdım”.

Millət vəkilinə qarşı sui-qəsdlə bağlı məhkəmə prosesi martın 1-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) və 277-ci (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək) maddələrilə ittiham irəli sürülüb. Bəzilərinə əlavə olaraq, Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə), 234 (narkotik əldə etmə, saxlama) və 274-cü (dövlətə xəyanət) maddələrilə də ittiham verilib.

Fazil Mustafaya qarşı sui-qəsd martın 28-də axşam saat 22.00 radələrində baş verib. Millət vəkili Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Araşdırmalar zamanı deputata “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açıldığı müəyyənləşdirilib. Hadisə nəticəsində Fazil Mustafa sağ çiyin qurşağı və sağ ayağından güllə yaraları alıb.

Hadisədən sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanıb, millət vəkilinə qarşı baş verənlər terror aktı kimi qiymətləndirilib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »