Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sən saydığını say..." - Statistika Komitəsinin "saydığı" işsiz sayısı real deyil, "səfalətli" indeksdə işıq yoxdur
"Sən saydığını say..." - Statistika Komitəsinin "saydığı" işsiz sayısı real deyil, "səfalətli" indeksdə işıq yoxdur

Ölkədə işsizliyin, yoxsulluğun səviyyəsi ilə bağlı hökumətin təqdim etdiyi rəqəmlərə həmişə şübhə ilə yanaşmaq lazım gəlir. Çünki həmin statistika gerçəkliyi əks etdirmir. Elə Dövlət Statistika Komitəsinin açıqladığı ayrı-ayrı hesabatlar yalanı ortaya çıxarır. Məlum olur ki, ölkədə göstəriləndən xeyli çox işsiz var. Üstəlik, əhalinin real gəlirlərinin yalnız azaldığı, sosial vəziyyətin pisləşdiyi üzə çıxır.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda səfalət indeksi sürətlə artır. Məsələn, son 5 ildə 3 dəfə artım müşahidə edilir. 2018-ci ildə səfalət indeksi 7,2 idisə, 2022-ci ilin yekunlarına görə, 19,7 olub. Keçən il göstəricinin bir az da artdığı bildirilir.

Səfalət indeksi, xüsusilə ölkələrin iqtisadi vəziyyətini və əhalinin rifah səviyyəsini ölçmək üçün istifadə olunur. İndeks həm işsizlik, həm də inflyasiya faizinin toplanması ilə hesablanır. İşsizliyin çoxalması gəliri olmayan insanların sayının artdığını, inflyasiyanın yüksəlməsi isə həyat bahalılığını göstərdiyi üçün indeksin yüksəlməsi səfalətin artmasını göstərir. Yəni indeks gerçək sosial-iqtidadi mənzərəni ortaya qoyur. İşsizlik, qiymətlər artırsa, başqa nəticə ola bilməz.

Əhalinin sosial vəziyyəti xüsusilə son bir ildə çox ağırlaşıb. Hökumət etiraf etmək istəməsə də, inflyasiya iki rəqəmlə ifadə olunub. Əvəzində məvaciblər artırılmır. Təsəvvür edin, işləyən kəsimin yarıdan çoxunun heç 500 manat maaş almadığını hökumət özü də boynuna almalı olur.

Səfalət bir az da artacaq. Çünki gələcək daha işıqlı görünmür. Əhali devalvasiya panikası yaşayır. Neft hasilatı son illər ərzində 1,7 dəfə azalıb. Bu istiqamətdə gəlirlərin də kəskin azalması büdcəyə ağır zərbə vurur. Təbii qaz istehsalı ilə çox öyünməyə dəyməz. Əmtəəlik qazın təxminən 40 faizi yerli istehlaka yönəldilir. Qalan hissənin müəyyən qismi güzəştli şərtlərlə yaxın ölkələrə satılır. Heç hökumət özü də təbii qaz istehsalının artacağı proqnozunu verməyə tələsmir. Deməli, bizi heç yaxşı gələcək gözləmir. Səfalət indeksi qarşıdakı illərdə daha kədərli mənzərəni ifadə edəcək.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »