Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gələcəkdə həm "Bayraktar", həm də "Akıncı"ların arsenalımızda istifadəsi ilə yanaşı, ixracı da mümkündür"
"Gələcəkdə həm "Bayraktar", həm də "Akıncı"ların arsenalımızda istifadəsi ilə yanaşı, ixracı da mümkündür"

Səlcuq Bayraktar Azərbaycana növbəti dəfə səfər edib və Hərbi Hava Qüvvələrimizin istifadəsinə yeni verilmiş "AKINCI" PUA-larla bağlı öz tviter hesabında ordumuza xeyir-dua arzulayıb. Ölkə rəhbəri də bu yeni vasitələrin saxlandığı anqarları ziyarət edib. Gələcəkdə Azərbaycanda bu PUA-ların lisenziyalı istehsalına başlanıla bilərmi? "Baykar" şirkəti Azərbaycanda "Bayraktar", "Akıncı" və digər bu kimi pilotsuz uçuş aparatlarının istehsalına start verə bilərmi? Ümumiyyətlə, ordumuzda bu istiqamətdə vəziyyət hal-hazırda nə yerdədir?

Hərbi ekspert Elxan Şıxəliyev Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

"Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanandan sonra Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin mini modelinə keçidinin yol xəritəsi qəbul olundu və bundan sonrakı mərhələdə milli ordumuzla türkiyəli hərbçilərin texniki əməkdaşlığı daha da dərinləşəcək.

Biz bilirik ki, 44 günlük Vətən Müharibəsi ərzində "Bayraktar TB-2" PUA-ları Türkiyənin Baykar şirkəti tərəfindən arsenalımıza daxil edilməsi müharibənin rəsmini dəyişdi. Yeni nəsil müharibələrdə yaxud bizim müharibəmizdə bəlkə də ilk dəfə olaraq müharibələr tarixində kütləvi şəkildə pilotsuz uçuş aparatlarının tətbiq edilən müharibə şəkli ilə yekunlaşdı. Bizim müharibəmizdə bu PUA-ların nə qədər effektiv olduğunu görən digər ölkələr PUA-ların öz arsenallarına daxil edilməsi yönündə Baykar şirkətində növbəyə yazıldılar. İndiki mərhələdə 20 ölkə ilə əməkdaşlıq davam edir. Amma "Akıncı" PUA-ları öz sinfində taktiki-texniki xüsusiyyətlərinə görə ən yüksək səviyyədə planlanmış və istehsal olunmuş PUA sayıla bilər. Nəzərə alsaq ki, 12 km yüksəklikdə uçan və 24 saat havada qala bilmə xüsusiyyətli, üzərində ton yarıma qədər raket və bombaları daşıma xüsusiyyətinə malik olması, eyni zamanda saatda 360 km/sürətlə hərəkət etməsi, kəşfiyyat məlumatları toplaması, hava-hava, hava-yer zərbələri endirə bilməsi, düşmənin rabitə sistemlərinin radiomaneə qurğularını aşkar edə bilməsi kimi bir çox zəngin funksiyaları ilə öz sinfə ən çox tələbə malik pilotsuz uçuş aparatı olaraq tarixə keçdi. Bu silah ilk dəfə olaraq Azərbaycanın silahlanmasına daxil edildi.

Cənab Prezidentin Baykar şirkətinin Azərbaycandakı təsislərinə ziyarəti və "Akıncı" ilə yaxından tanışlığı, onun idarə edilməsində iştirakı bizimlə Türkiyə hərbi sənaye şirkətləri arasındakı güclü əməkdaşlığa, bundan sonra iç-içə keçirəcəyimiz fəaliyyətlərə bir işarə idi. Baykar şirkəti Azərbaycanda artıq öz nümayəndəliyini yaradıb. "Akıncı"ların da silahlanmamıza daxil olması ilə heyətlərin yetişdirilməsi üzərinə bu nümayəndəlik həm də bir beyin mərkəzi olacaq.

Azərbaycan gələcəkdə Türkiyə ilə birlikdə intellektual mühəndis potensialını ortaya qoyacaq, "Akıncı"nın və "Bayraktar"ın komplektləşdirici hissələrinin istehsalı və satışını da həyata keçirmək üzərə bir əməkdaşlığımız baş tutacaq. Hal-hazırda bu yöndə infrastruktur hazırlanır. Düşünürəm ki, Azərbaycanın hərbi-texniki intellektual mühəndis potensialı da var. Xüsusilə indi 4-cü, 5-ci nəsil texnologiyaları, onların proqramlarını, idarəetməsini, planlanmasını və istehsalını həyata keçirə biləcək yeni, gənc nəslimiz də mövcuddur. Gələcəkdə Türkiyə ilə bərabər digər PUA-ların istehsalı, silahlanmaya daxil edilməsi mümkün olacaq. Bunun üçün hər iki ölkənin siyasi istəkləri ortadadır. Xüsusilə, müdafiə sənayesi şirkətləri bu inteqrasiyaya başlayıb. Gələcəkdə həm "Bayraktar", həm də "Akıncı"ların təkcə arsenalımızda istifadəsi yox, həm də onların ixracı da ölkə üzrə nəzərdə tutula bilər. Ona görə də bu yöndə çalışmaların mütəmadi davam etdiriləcəyini izləməliyik" - deyə, hərbi ekspert qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »