Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarizma simvolu yoxsa nəzərdən qoruyan... Önündən keçən qara pişik nə edə bilər? - Batil inanclar silsiləsi
Xarizma simvolu yoxsa nəzərdən qoruyan... Önündən keçən qara pişik nə edə bilər? - Batil inanclar silsiləsi

Mövhümat və yaxud batil inanclar insanın Allaha olan inamının tam olmamasından irəli gəlir. Yəni insan onu Yaradana olan güvənində az da olsa əksiklik hiss edərsə, bu zaman batil inanc onun beynində özünə yer edir. Batil inanclar, biz insanların ona yüklədiyi enerji nəticəsində "reallaşır".

Bu gün sizlərə məşhur “qara pişik” batil inancından danışacağıq.

Demək olar ki, bütün dünyada “qara pişik” mövhumatı var. Məhz buna görə də, hər il dünyada yüz minlərlə qara pişik ölür və yox olur. Qara pişiklərin sığınacaqlardan götürülmə ehtimalı digərlərindən daha az olur.

Öncə onu qeyd edək ki, pişiklər ən qədim müqəddəs heyvandır. Ancaq bəzi xalqlar üçün qara pişiklər bədbəxtlik simvolu hesab olunur. Qədim dövrlərdən bəri onlara sehrli xüsusiyyətlər aid edilib, onları pis ruhların təcəssümü və cadugərlərin və sehrbazların köməkçiləri adlandırıblar. İnsanlar qara pişikləri qaranlıq, qeyri-adi bir qüvvə ilə əlaqələndirirlər, çünki onların qeyri-adi görünüşü var. Və tədricən qara pişiklər bədbəxtlik və ölüm atributuna çevrildi. Bu gün məlum olan müxtəlif əlamətlər zaman keçdikcə yaranıb. Orta əsrlər geridə qalsa da, qaranlıq xurafatlar hələ də yaşayır.

Bəzi insanlara görə, qaranlıq qüvvələr qara pişik şəklini alır. Müxtəlif ölkələrin folklorunda qara pişik şeytana, və ya cinə çevrilə bilir. Yaponlar onun pis məxluqun reinkarnasiyası, vampir xüsusiyyətlərinə malik canavar olduğuna inanırlar.

Qara bir pişik yoldan keçdiyi zaman bunu uğursuzluq adlandıranlar var. Bu əlamət, bəlkə də hamıya məlumdur. Və mövhumatçı olmasanız belə, yolunuzdan keçən pişiyi görəndə bir anlıq dayanıb düşünürsünüz.

Bəzi inanclara görə, “qara pişik” bədbəxtlik və maddi zərər deməkdir. Bəzi inanclara görə, xəstənin otağına qara pişik girərsə, xəstə öləcək.

Hər halda “qara pişik” ilə bağlı müsbət inanclar da var. Məsələn; evə qara pişik gəlirsə, bu, dəli bir sevginin başlanğıcı deməkdir. Qara pişiklərin ehtiras və xarizmanı simvollaşdırdığına inanılır.

Bəzi inanclara görə isə, “qara pişik” evi və onun sakinlərini pis gözdən və zərərdən qoruyur.

Batil inanclara inanmaq və ya inanmamaq hər kəsin öz seçimidir. Biz seçimlərə qarışmırıq. Ancaq yenə də “qara pişiyin” rənginin dominant gendən başqa bir şey olmadığını xatırlamağa dəyər. Qarşınızdan “qara pişik” keçirsə, sadəcə qəbul edin ki, pişik də sizin kimi yol gedir...

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »