Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"500 manat verdim, amma videonu mənə vermədilər"
Media adı ilə "reketlik"də itiham olunan şəxslərin məhkəməsində zərərçəkmişlər ifadə verib

"Hikmət mənimlə telefonda kobud danışırdı. Surxay isə çox mədəni şəkildə 2 min manat istədi, mən də 500 manat verdim ki, bayram qabağı xanımına hədiyyə alsın". Bizim Yol xəbər verir ki, bunu Pirşağıdakı dövlət poliklinikasında baş həkim işləmiş Ramidə İbrahimova "reketlikdə" təqsirləndirilən şəxslərin məhkəməsində deyib. Şantaj və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, "İlk xəbər" saytının baş redaktoru Gülbəniz Əliyeva, işçiləri İlahə Qasımova, Sevinc Məmmədsalayeva və "Kriminal" qəzetinin baş redaktoru Marif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Ramidə İbrahimova zərərçəkmiş qismində ifadə verib. O bildirib ki, baş həkim işləyən zaman Hikmət Nəcəfli ona zəng edərək barəsində qəzetdə yazılar yazılacağını deyərək,hədə-qorxu gəlib. Qəzetdə poliklinikanın fəaliyyəti ilə bağlı bir neçə dəfə yazı da çap edilib və bundan sonra Ramidə İbrahimova Surxay Əliyevlə görüşərək 500 manat, ardınca isə 200 manat verib.

Söügedən polikninikanın əməkdaşı olmuş Təranə İbrahimova söyləyib ki, onun barəsində də rüsvayedici yazılar yazılsa da, onlara pul verməyib.

"Gülbəniz yanıma gələndə pulu iki dəfəyə verə biləcəyimi dedim"

Aərbaycan Həmkarlar İtifaqları Konfederasiyasının Respublika Turizm və Ekskursiyalar üzrə Şurasının sədri Fikrət Nuriyev zərərçəkmiş kimi ifadəsində Surxay Əliyev və Gülbəniz Əliyevanı tanıdığını deyib. " Surxay mənimlə görüşdə barəmdə faktlar olduğunu desə də, heç nə tələb etmədi. Nömrəsini verdi ki, mətbuatla bağlı nəsə olsa zəng edim. Bir neçə gün sonra mənə zənglər gəldi və barəmdə yazılar yazılacağını dedilər. Surxaya zəng elədim ki, kömək edəcəyini deyərək, əvvəlcə həmin adamların 2-5 min istədiyini bildirdi, 600 manata razılaşdılar. Gülbəniz yanıma gələndə pulu iki dəfəyə verə biləcəyimi dedim və 300 manat olmaqla iki dəfə pul verdim".

Surxay Əliyev isə Fikrət Nuriyevə qarşılıqsız kömək etdiyini, F.Nuriyevin Gülbənizə hörmət etmək üçün pulu verdiyini deyib.

"Metodistimiz valideynə söyləyib ki, 300 manat verməsə bağçaya uşaq götürməyəcəklər"

Xırdalandakı dövlət bağçasının müdirəsi Könül İbrahimova da zərərçəkmiş kimi ifadəsindədeyib ki, Hikmət Nəcəflinin onu telefonda kobud şəkildə şantaj edərək bağçanın fəaliyyəti ilə bağlı yazılar yazacaqlarını bildirib. O qeyd edir ki, kobud danışıqdan əsəsbiləşərək, "nə edirsənsə et" cavabını verib. Surxay isə zəng edərək, mülayim və mədəni danışıb. "Bir gün sonra bir xanım zəng edi ki, sizin bağçada rüşvət alınması ilə bağlı video var. Gülbəniz Əliyeva məni nəşriyyata dəvət etdi".

Müdirə söyləyib ki, həqiqətən də rüşvətlə bağlı video olub. "Metodistimiz valideynə söyləyib ki, 300 manat verməsə bağçaya uşaq götürməyəcəklər. Mənə dedilər ki,bunu yaysaq bağçanın nüfuzuna xələl gətirəcək. Mən də bunu düşünüb videonu almaq üçün nəşriyyata gedib Gülbənizlə görüşdüm. Əli ilə 5 göstərdi. 5Soruşdum 50 manat, fedi ki, 50 yox, 500 manat. Mən də verdi, amma videonu vermədi".

"Surxay hər yerdə adamının olduğunu dedi"

Bakıda fəaliyyət göstərən "Leon" kafesinin inzibatçısı olmuş Şəfiqə Balaşova zərərçəkmiş kimi ifadəsində bildirib ki, Surxay Əliyevin redaktoru olduğu qəzetdə kafenin əxlaqsızlıq yuvası olduğu yazıblar. Bununla bağlı Surxay Əliyevə zəng edəndə isə, 500 manat verməsə, yazıların davam etdəcəyini deyib. "Mən dövlət qurumlarına məlumat verəcəyimi deyəndə Surxay hər yerdə adamının olduğunu dedi. Sonra Hikmətlə danışanda da məndən 500 manat istədilər. Surxayın da gəldiyi maşında 500 manatı onlara verdim".

Surxay Əliyev isə zərərçəkmişdən pul almadığını bildirib. Digər zərərçəkmiş Hikmət Nəcəfli isə zərərçəkmişin insan alverinə görə məhkumluq həyatı yaşadığını söyləyib.

Qeyd edək ki, məhkəmədə ifadə verən bütün zərərçəkmişlər şikayət və tələblərinin olmadıqlarını deyiblər.

İtiham

Təqsirləndirilən şəxslər ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində saxlanılıblar. Aparılan araşdırmalarla “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.

İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub.

Sevinc Məmmədsalayeva daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, DTX əməkdaşlarının keçirdiyi əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli saxlanılıb. Məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

H.Vəliyevin cinayət işi də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »