Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müştəri "ov"u bitən banklar keşbek faizlərində "endirim" edir, kartdakı "plastik" pullar "yox"a çıxır...
Müştəri "ov"u bitən banklar keşbek faizlərində "endirim" edir, kartdakı "plastik" pullar "yox"a çıxır...

Bankların əksəri ili xeyirlə başa vurur. Adətən, müəyyən zərərlə işləyən maliyyə müəssisəsi tezliklə sıradan çıxır. İş orasındadır ki, zərərlə işləmək bankların fəaliyyətini dayandırmaq üçün heç də həmişə əsas amil rolunu oynamır. Məsələn, “Muğan Bank” müştərilərə milyonlarla manat kredit verdiyi halda tarixin yaddaşına qovuşdu. Prinsipcə, maliyyə hesabatları bankın bağlanacağından xəbər vermirdi. Müştərilərin əmanətləri 100 milyon manata çatırdı. Buna baxmayaraq, “Muğan Bank” 2024-cü ilə çıxa bilmədi.

Bizimyol.info xəbər verir ki, banklar müştəri “ovlamaq” üçün həm də keşbek (“cahsback) istiqamətindən istifadə edir. Yəni müştərinin müxtəlif istiqamətlər üzrə xərclədiyi vəsaitin bir hissəsi geri qaytarılır. Bəzən faiz 10-dan yüksək olur. Xüsusilə 2023-cü ildə banklar müştəriləri cəlb etmək üçün bu yola üstünlük verirdi. Plastik kartların “Google Pay” sisteminə əlavə olunması bankları xüsusi maraqlandırırdı. Müştərilər də keşbek xatirinə maliyyə müəssisələrinin nazı ilə oynayırdı.

Banklar niyə xərclənən vəsaitin bir hissəsini geri qaytarırdı? Təbii ki, ortada maraqlar vardı. Banklar toplanan vəsaitdən müəyyən fayda götürürdü. Yəni cari hesablarda və kart hesablarında olan pullar işə yarayırdı. Məsələn, həmin vəsaitlər hesabına başqa müştərilərə kreditlər verilirdi. Bundan başqa, müştərilərin fəallığına görə ayrı-ayrı qurumlarla əməkdaşlıq banklara pul gətirirdi. Amma fevraldan ümumi mənzərə dəyişməyə başlayıb.

Keşbeklər nəzərəçarpan dərəcədə azalıb. Daha ərzaq mağazalarında alış-verişə görə vəsaitin 5 faizini geri qaytarmaq mümkün olmayacaq. Halbuki əvvəllər ən azı iki bank belə təklif irəli sürürdü. Yanacaqdoldurma məntəqələrində 10 faiz keşbek belə mümkün idi. İndi isə ən yaxşı halda banklardan biri vəsaitin 5 faizini geri qaytarmağa hazırdır.

Nə məlum oldu? Banklar müştəriləri cəlb etmək üçün keşbek tələsindən istifadə edirmiş. Heç də həmişə müştərilərə həmin pulları verməyi düşünmürlərmiş. Təsəvvür edin, bankların heç birinin şərtləri 1 ilə çatmır. Müştəri ovu uğurla başa çatan kimi faizləri aşağı salırlar.

Üstəlik, hesablarla bağlı nə qədər problemlərin qaldığı məlumdur. Müştərilərin hesablarından pullar yoxa çıxır və geri qaytarmaq problemə çevrilir. İnsanlar məhz xərclədikləri vəsaitin müəyyən hissəsini geri qaytarmaq üçün banklara üz tutmuşdu. Belə görünür ki, tezliklə daha aşağı təkliflər işə düşəcək. Müştərilərə isə təkcə müxtəlif banklardan aldıqları plastik kartlar qalacaq.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »