Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ isminin YİYƏLİK halı
Qarabağ isminin YİYƏLİK halı

Nədir axı bu yaşadıqlarımız? İsmini nə qoyaq?! Bu, hansı qəddar isimlərin hansı eybəcər sifətlərlə bizə sırıdığı hansı qorxulu feillərdir belə?!"

Bu sualları "Səksəkəli qalibiyyət, təntənəli məğlubiyyət" adlı essemdə vermişdim. Özümə və hər kəsə.

Bu cümlələri o zaman qurmuşdum ki, bütün torpaqlarımızda suverenlik səltənətimiz hələ qurulmamışdı; ərazilərimiz hələlik qismən azad olunmuşdu, qələbəmiz hələ ki yarımçıq idi. Xankəndinə hələ də Şuşadan baxırdıq. Mən də ötən yay Xankəndinə Şuşadan bir əsgərin binoklu ilə baxmışdım.

Uzaqdan, həm də çox yaxındakı... uzaqdan baxmışdım.

Heç üstündən bir payız keçmədi: heç yay bitməmiş separatçı xuntanın payızı gəldi. Daha doğrusu, ordumuz "ikinci erməni dövləti" kol-kosunun kökünü bir günün içində qurutdu...

Bəli, ötən yay Xankəndinə uzaqdan baxırdım. Ancaq indi Bakıda otursam da, Xankəndinə çox yaxındayam. Daha doğrusu, şəhərin "içindəyəm; balaca-böyük - fərq etməz, bütün ekranlarda Xankəndi var, Şuşa var...

Səsimiz artıq Ağdam, Füzuli şəhərlərinə çatıb. Kəlbəcərin, Laçının, Ağdərənin dağlarına da. Xocalının səsinə səs veririk. Xankəndində səs veririk. Qarabağda, Şərqi Zəngəzurda seçki keçiririk, səs veririk.

Çox uzaq tarix deyil: üç il bundan əvvələ qədər Xankəndində, Qarabağda bizsiz "seçki" keçirilirdi. Bizsiz, daha doğrusu, bizim əleyhimizə "səs verilirdi". Bizim əleyhimizə "prezident", "deputat", "bələdiyyə" "seçirdilər". Biz də adını "qondarma" qoyurduq, "qanunsuzdur" deyirdik. Tanımırdıq. Dünya da tanımırdı və özümüzü bununla ovudurduq. Ancaq için-için yanıb qovrulurduq, ovulurduq, içimizdə kül olub sovrulurduq.

Amma indi!

İndi o bizsiz "seçki" keçirənlər, bizim əleyhimizə "seçilmiş" "prezident"lər paketlənib, cələklənib gətirilib Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasına. Mötəbər mənbələrdən aldığım məlumata görə, hamısı bir nəfər kimi istintaqda "dil-dil ötür". Arayik Arutyunyan isə, hətta: "Azərbaycan vətəndaşlığını qəbul etmək istəyirəm, seçkidə səs vermək istəyirəm" deyə bülbül kimi cəh-cəh vurmuşdu.

Gəncəyə raket atan, seçki qutumuza səs atmaq istəmişdi (ki, istəməz!)

Bütün bu etirafçı Qarabağ "bülbüllər"i - bir düjün saxta "prezident" oturub AzTV-dən Xankəndindəki əsl seçkiyə tamaşa edirlər. Ölkənin birinci şəxsi də Xankəndində səs verib ki, prezidenti necə seçmək lazım olduğunu dost da, düşmən də görsün. Bu, axı Qarabağın tarixi boyu ilk seçkidir. Və möhtəşəm tarixi hadisədir. Bəlkə hadisələrin içindəyik deyə tam da idrak edə bilməmişik. Bir daha xatırladım: bütöv-bütöv müsəlman ölkələrinin çökdürülüb işğal edildiyi, bölüşdürülüb parça-parça edildiyi bir Dünyada biz yeganə müsəlman ölkəyik ki, öz ərazimizi işğaldan azad edə bilmişik. Kiminsə bizə "vurma, bölmə" əməllərinə yol vermədik, toplandıq və onları öz torpağımızdan çıxardıq. O miskin Qarabağ "bülbülləri"nin o şaqraq "müstəqillik" ədəbiyyatına biz artilleriya riyaziyyatı ilə son qoymuşuq.

Kimsə bu sətirləri oxuyub anlar, kimsə qeydsiz qalar bəlkə, kimsə dodaq büzər. Ancaq gerçək dəyişməz: bizim SƏSimiz artıq Vətənimizin hər nöqtəsinə yetir. Damarımızda axan qan bədənimizin hər kapilyarına, hər hüceyrəsinə qədər gedib çatır.

Artıq "Qarabağ" isminin adlıq halı da bizik, yiyəlik halı da, yönlük, təsirlik, yerlik... halları da. İşğalçılara da, separatçılara da, "vasitəçi" adı ilə bölgəyə burun soxmağa çalışan geopolitik maklerlərə, geostrateji brokerlərə də başa salmışıq ki, onlar, olsa-olsa, Qarabağ isminin çıxışlıq halıdırlar, vəssəlam!

P.S. Bir zaman köhnə, çox köhnəlmiş zehniyyət xaric notda belə bir xaric xal vurmuşdu: "Qarabağlıların səsi var, getsinlər, muğam oxusunlar, siyasətə qarışmasınlar".

Bəli, Qarabağlıların səsi var. Bu gün bütün Qarabağın səsi var. Ölkə siyasətində, dünya siyasətində. Və bu gün o "SƏS" Xankəndində ucadan və çox ucada eşidildi.

Artıq bu günün Qarabağına - son üç ilin yekununa "səksəkəli qalibiyyət" deyə bilmərəm, "təntənəli qabiliyyət" deyirəm.

Siz nə deyirsiniz-deyin...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »