İstanbulda, Çağlayanda, İstanbul Ədalət Sarayının C qapısının qarşısındakı polis bölməsinə silahlı hücuma cəhd edilib. Ədliyyə binasına giriş-çıxışlar bağlanarkən, hadisə yerinə çoxlu polis və tibbi qruplar göndərilib.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, daxili işlər naziri Əli Yerlikaya bu gün saat 11.46-da İstanbul Çağlayan Ədliyyəsinin C qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsinə hücuma cəhd edildiyini açıqlayıb.
Hücum cəhdinin qarşısı alınıb, 2 terrorçu zərərsizləşdirilib. Hücumda 1 vətəndaş ölüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb. Yerlikaya, zərərsizləşdirilən E.Y. və P.B.-nin DHKP/C terror təşkilatının üzvü olduqları müəyyən edilib.
"Qəhrəman polislərimizi təbrik edirəm. Yaralılarımıza acil şəfalar diləyirəm. Baş verənləri ictimaiyyətlə paylaşmağa davam edəcəyik", - deyə nazir qeyd edib.
Hücumdan sonra ədliyyə binası giriş-çıxışlara bağlanıb, İstanbul Respublika Baş prokuroru Şaban Yılmaz və baş prokuror müavinləri hadisə yerində gəliblər.
İlkin əldə edilən məlumatlara görə, terrorçulardan birinin yanındakı çantada terror təşkilatına aid parça və bayraqlar tapılıb. Terrorçuların hücumdan sonra bayraqları açmağı planlaşdırdıqları təxmin edilir.
Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Ebubekir Şahin İstanbul 1-ci Sülh Cəza Məhkəməsinin Çağlayanda İstanbul Ədliyyəsi qarşısında törədilən terror aktı ilə bağlı yayımın qadağan edilməsinə qərar verdiyini bildirib. Şahin sosial media hesabından verdiyi açıqlamada: "İstanbul 1-ci Sülh Cəza Məhkəməsi Çağlayan Ədliyyəsində törədilən terror aktı ilə bağlı "yayım qadağası" tətbiq edilməsinə qərar verib. Nəşriyyatçılarımız qərarı həssaslıqla icra etməlidirlər. İctimaiyyətə açıqlanır. hörmətlə", - deyə qeyd edib.
Qadir, Bizimyol.info