Son zamanlar azərbaycanlı tələbələrin Türkiyədə yaşamaq üçün icazə almaqda çətinlik çəkdikləri ilə bağlı məlumatlar alırıq. Bizimyol.info xəbər portalına da bir qrup tələbə bununla bağlı müraciət etmişdi. Qeyd edilirdi ki, Türkiyədə Köç idarəsi tələbələrdən ayrı-ayrılıqda kirayə müqaviləsi və kommunal abonentlik, yəni "fatura" tələb edir. Tələbələr isə çox zaman bir evdə 3-4 nəfər yaşadığı üçün ayrı-ayrılıqda kirayə müqaviləsi və fatura təqdim edə bilmirlər.
Türkiyə-Azərbaycan Mədəniyyə Evinin rəhbəri Hikmət Elp Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, belə problem Türkiyəyə gələrək turist oturum izni aldıqdan sonra qaçaq duruma düşənlərlə bağlı ola bilər. Onlar ölkədən xaric edilə bilər.

“Burada o oturumu aldığı zaman onunla bir müqavilə imzalanır ki, o Türkiyənin qanunlarına, hüquqlarına və nizamnamələrinə riayət edəcək. Ancaq riayət etməyib qaçaq vəziyyətinə düşdüyü zaman əlbəttə ki, elə bir vəziyyətlə üzləşir. Ancaq tələbələrin problemləri ilə bağlı danışdıqda, tələbələrin normalda Türkiyədən göndərilməsi ilə bağlı bir qərar yoxdur. Tələbələr problemlərlə üzləşərsə, bizə İstanbul-Azərbaycan Mədəniyyət evi-nə müraciət etsinlər. Biz kömək edə bilərik”-deyə Hikmət Elp vurğulayıb.
Hikmət Elp tələbələrin ən çox üzləşdiyi problemdən - ev problemindən də söz açıb.
“Azərbaycanlı tələbələrin ev müqaviləsi ilə bağlı ciddi sıxıntıları var. Bununla bağlı sistem hələ Türkiyədə tam yerini almayıb. Son 10 ildə Köç idarəsində belə bir sahə yox idi. Yeni sahə yaradıldı. 60 mindən çox işçi alındı. Onların hamısı ekspert deyil. Bu işi bilən, bilməyən bir çox insan var. Oxuduğunu təhlil etdikləri zaman belə, düzgün təhlil edə bilmirlər. Həmin şəxslərin işi öyrənməsi zaman tələb edir.
Məsələn; mənim yaxından tanıdığım bir adam var, evində xəstədir. Onu tələbə ordan gedib gətirməlidir ki, notariusa orada imzasını alsın. Ancaq o gəliş-gediş maliyyəti o qədər yüksək olur ki. Biz bu tələbələrlə bağlı bu problemlərin qarşısının alınması üçün də, görüşmələr etmişik. Bilmirik hələ necə olacaq. Biz rəsmi qurum deyilik. Biz sadəcə, burdaki insanlarımızın pis vəziyyətdə qalmasını istəmədiyimiz üçün bu işləri könüllülük çərçivəsində edirik. QHT-nin səlahiyyəti çərçivəsində kömək edirik”,- deyən Hikmət Elp vurğulayıb ki, bu kimi problemlərin yaranmasının iki tərəfi var. Birinci tərəfi Köç idarəsinin kadrlarının birdən-birə genişləndirilməsi və peşəkar kadrların olmamasıdır. Amma eyni zamanda tələbələr də bəzən səhlənkar davrana bilir.
“Köç idarəsində doğru-dürüst oturmamış sistem var. 3 ay əvvəl bir qanun çıxarıldı, 3 ay sonra bir qanun daha çıxdı. Belə bir vəziyyət var. Problemləri olan tələbələr bizə müraciət etsin. Bu mövzuda biz əlimizdən gələni edə biləcəyimizi söyləyə bilərik.
Köç idarəsinə bizim təklifimiz var. Evi tutan bir tələbə, onun səlahiyyətləri çərçivəsində oraya gələn digər tələbənin məsuliyyətini öz üstünə götürməlidir. Belə olan halda orada hər hansı yarana biləcək problem olsa, bu tələbənin imza atması ilə aradan qaldırıla bilər. O tələbə zamin ola bilər”,- deyən Elp vurğulayıb ki, yaşamaq üçün icazə ala bilməyən tələbələr deportasiya edilə bilməz.
Hikmət Elp xatırladıb ki, Türkiyədə 30 mindən artıq tələbə var. Gələn tələbələrin çoxu ailədən dəstək alır və imkanlı ailələrin uşaqları deyil. Buraya gəlirlər, həm oxuyurlar, həm də işləmək məcburiyyətindədirlər. Özləri öz problemlərini həll etmək məcburiyyətində qalırlar. Bu zaman isə tələbələr çoxlu sayda problemlərlə qarşılaşır.
Hikmət Elp vurğulayıb ki, Türkiyədə tələbələr hər hansı bir problemlə üzləşdikləri zaman İstanbul-Azərbaycan Mədəniyyət evinə müraciət etsinlər. QHT rəhbəri təşkilatın mümkün qədər tələbələrin problemlərini həll edəcəyini bildirib.
İradə Cəlil, Bizimyol.info