Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti 91 saylı binanın sakinləri Bizimyol.info xəbər portalına onları narahat edən məsələ ilə bağlı müraciətlərinin işıqlandırılmasını istəyiblər.
Sakinlər bildirib ki, binalarına bitişik olan Azadlıq prospekti 89-a saylı binanın birinci mərtəbəsindəki mənzilin onların məhəlləsinə tərəf olan pəncərəsi yerinə qapı açılır. Sakinlər bildirir ki, mənzil sahibi hansısa məmurla iş birliyi qurduğunu iddia edərək, onların müraciətini heçə sayır və obyektə çevirmək istədiyi mənzilə giriş üçün pilləkən tikintisini davam etdirir
“Bununla bağlı heç bir rəsmi icazə sənədi olmadan məhəlləyə daş töküb beş kvadtratmetr ərazidə pilləkən inşa etsə də, rəsmi qurumlara-DİN-nin və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə, xüsusən də Bakı şəhər İcra Hakimiyyətinə sakinlərin müraciətindən sonra Bakı ŞİH-nin əməkdaşlarının fədakarlığı sayəsində tikintinin qarşısı alınmış oldu. Tikinti dayandırıldı və ərazi təmizləndi. Lakin biz sakinlərin narahatlığı davam etməkdədir. Çünki mənzil sahibi ərazidə nəyin bahasına olursa-olsun mənzilin məhz həmin pəncərəsinin qapı edəcəyini deyir. Şəhərin mərkəzində, intensiv hərəkətli bir yerdə, ümumi istifadədə olan məhəllənin əsas hərəkət zolağını zəbt edərək obyekt üçün pilləkən inşa edilməsi biz sakinlərə ciddi şəkildə narahatlıq yaradıb. Bu addım atılması sakinlərin gediş-gəlişinə həm də problem yarada bilər”-deyə sakinlər bildirib.
Bina sakinləri eyni zamanda prezident aparatına, Nəsimi Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və başqa qurumlara da müraciət ediblər.
Xahiş edirlər ki, onların müraciəti diqqətdən kənar qalmasın. Onlar istəyir ki, Azadlıq prospekti 89-a saylı binanın birinci mərtəbəsində küçəyə tərəf olan pəncərənin qapıya çevrilməsinin qarşısı birdəfəlik alınsın.
Qeyd edək ki, mövzu ilə bağlı rəsmi qurumların mövqeyini bölüşməyə hazırıq.
İradə Cəlil, Bizimyol.info