Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son 3 ildə 3 dəfə naziri dəyişilən Mədəniyyət Nazirliyi 7 qalib layihənin vəsaitini ödəyəcəkmi?
Son 3 ildə 3 dəfə naziri dəyişilən Mədəniyyət Nazirliyi 7 qalib layihənin vəsaitini ödəyəcəkmi?
Mədəniyyət Nazirliyinin yeddi qalib film proyekti ilə əlaqədar üç yüz min manat civarındakı vəsaiti layihə rəhbərlərinə hələ də nə üçün ödəməməsi barədə suallara sirli susqunluğu davam edir. Belə ki, qurum nə mətbuatın, nə də bu problemlə əlaqədar Nazirliyə məktub göndərən proyekt sahiblərinin heç bir sualını cavablamır, bu barədə açıqlama verməkdən imtina edir. İndi hər kəsi maraqlandıran bu sual cavabsız qalıb: Mədəniyyət Nazirliyi qalib proyektlərə ayırmalı olduğu üç yüz min manatı niyə vermir? Yaxud, bu vəsait hara "buxarlanıb"?

Artıq bir neçə gündür mövzu ilə yaxından maraqlanıb, mətbuat orqanı olaraq, adıçəkilən quruma öz sorğumuzu göndərmişik. Buna rəğmən, problemlə əlaqədar hələ ki, Mədəniyyət Nazirliyi ictimaiyyətə dolğun məlumat vermir. Kinematoqrafçılar isə Nazirlik özünü "tərpədənə qədər" prosesin üzərinə getməyə və haqlarını tələb etməyə davam edirlər. Bu barədə ötən günlərdə yazıçı, rejissor Nicat Dadaşov xəbər portalımıza geniş müsahibə vermişdi.

Bugünkü müsahibimiz isə rejissor və ssenarist Türkan Hüseyn oldu. O da digər həmkarları kimi Mədəniyyət Nazirliyinin bu etinasız, laqeyd münasibətindən əziyyət çəkir və bildirir ki, problem öz həllini yaxın zamanlarda tapmalıdır. Onun qeyd etdiyinə görə, məsələ ilə bağlı artıq Nazirlikdən müsbət açıqlama da verilib.

rejissor və ssenarist Türkan Hüseyn rejissor və ssenarist Türkan Hüseyn

Bizimyol.info rejissorla müsahibəni oxucularına təqdim edir:

- Sonuncu dəfə vəsait ödənilmədiyinə görə narazı qalan kinematoqrafçılardan birinin Mədəniyyət Nazirliyinə dəvət olunduğu barədə bir məlumat paylaşılmışdı. Həmkarınıza qurumdan hansı açıqlama verilib? Bu açıqlamanı bizimlə bölüşə bilərsinizmi?

- Bəli, Tahir Tahiroviç Nazirlikdə olub və bildirib ki, əgər yeddi qalib proyektlə bağlı vəsait ödənilməsə, bu işi məhkəməyədək davam etdirəcəyimizi qeyd edib. Nazirlikdən ona bu vəsaitin ödəniləcəyi söylənilib. Biz də hal-hazırda gözləyirik. Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Orxan Fikrətoğlu və rəhbərlik etdiyi qurum tərəfindən qeyd olunan vəsait ödənilməlidir.

- Nazirliyin belə laqeyd münasibətini nə ilə əlaqələndirirsiniz?

- Burada Nazirliyin daxilində olan problemlər və qanunvericilikdə olan boşluqlar əsas amildir. Mən belə hesab edirəm. Son üç il ərzində üç dəfə mədəniyyət naziri dəyişilib. Üstəlik, kinematoqrafiya ilə bağlı qanunvericilikdə sonuncu dəyişiklik 1997-ci ildə olub. Bu dəyişiklik sovet qanunlarına uyğun şəkildə qəbul edildiyi üçün artıq müasir standartlara da cavab verə bilmir, eyni zamanda bütün iş prosesini ləngidir.

- Proyektiniz haqda danışa bilərsinizmi? Bu günədək neçə proyektiniz olub? Uğurlu proyektlərinizə qarşı Nazirlik tərəfindən əvvəllər də belə laqeyd münasibət var idimi?

- İndiyədək Nazirliklə heç bir layihəm olmayıb. Bundan öncə üç qısa filmim olub və hər üçü də beynəlxalq festivallarda premyera edib. Bu layihəm isə tammetrajlı bədii filmdir. Layihə Sarayevoda "Pack and pich" film festivalının talant proqramında təqdim olunub. Hazırda biz həmin filmin xaricdəki marketinqi ilə məşğuluq. Bu, əslində Nazirliyin dəstək proyektidir. Rejissor özüməm, prodakşın "Ultraproduction"dır. İndiyə qədər mənim Nazirliklə əməkdaşlığım olmadığına görə, filmlər hamısı mənim öz müstəqil filmlərimdir.

- Film sahəsində dəyişilməsi zəruri olan və müasir dünya ilə uyuşmayan hansı ciddi problemlərin olduğunu düşünürsünüz? Azərbaycan filmlərinin inkişafının qarşısını sizcə, nə(lər) alır?

- Az öncə qeyd etdiyim kimi, Azərbaycan filmlərinin inkişafının qarşısını öncəliklə qanunvericilik, daha sonra dövlətin yetərincə dəstək göstərməməsi alır. Bizdə film fondu yoxdur. Bu işə yeni başlayan tələbələrə, gənclərə maddi dəstək azdır. Hesablama Palatası, Nazirlər Kabinetinin qəbul etdiyi qanunlar və sair kimi amillər bürokratik olaraq, inkişafı ləngidir.

- Prezidentliyə namizəd Razi Nurullayev deyir ki, əgər O, prezident seçilsə, "Hollywood"-un iştirakı ilə "Şuşa Fatehləri" adlı film çəkdirəcək. Siz bir rejissor kimi, bunun baş tuta biləcəyinə inanırsınızmı? "Hollywood"da Azərbaycan filmləri tanınırmı?

- Məncə, Razi Nurullayevin ümumiyyətlə film prosesindən anlayışı yoxdur deyə, sadəcə səs qazanmaq xatirinə hər bir siyasətçinin etdiyi kimi populizm edib. Ümumiyyətlə, elə bir fikir absurddur.

- Hər dəfə filmlərdən qısa nostalgiya videoları sosial şəbəkələrdə yayımlananda, insanlar köhnə filmlərin "daha bərəkətli, urvatlı" olduğunu deyib, indikiləri məzəmmət edirlər. Siz də onlara haqq verirsinizmi? Həqiqətənmi indiki filmlərimiz sovet dövründə çəkilən filmlərimizlə müqayisədə sönük qalır?

- Mən bu fikirlə razılaşmıram. Nəzərə alınmalıdır ki, müasir filmlərimizlə bağlı əgər Azərbaycan kinoları hələ də ayaqda durubsa, bu, müstəqil rejissorların fədakarlığı nəticəsindədir. Sovet filmləri sovet hökumətinin hər il ayırdığı pullarla filmlər çəkilib, hər rayonda, kənddə kinoteatrlar olub, bu sahəyə dövlət ciddi maliyyə yatırdığından, o dövrün film adamları üçün rahatlıq olub. Amma indi heç nə olmadan, Azərbaycan gəncləri Azərbaycan kinosunu ayaqda saxlayır. Düşünürəm ki, bu, sovet dövründəkindən qat-qat ağır bir işdir. Məncə yeni filmlərimizi məzəmmət edənlər kulis arxasını, Azərbaycan kinosunun hal-hazırda beynəlxalq platformada necə, hansı əziyyətlərlə təmsil olunduğunu bilmirlər.

- Aktyora, rejissora, ümumiyyətlə film sahəsinin insanlarına cəmiyyətimiz tərəfindən verilən qiymətdən razısınızmı? Sizcə, cəmiyyətimiz öz incəsənət xadimlərini, xüsusilə aktyorları, rejissorları layiqincə qiymətləndirə bilirmi?

- Bu, bilirsiniz necədir? Məncə, axı cəmiyyət nə qiymət verməlidir ki? Cəmiyyət məcburdurmu ki, rejissoru götürüb, çiynində daşısın? Rejissor filmini çəkər, cəmiyyət də baxar, bəyənər, yaxud əksinə. Mənə elə gəlir ki, bu, pafoslu sovet yanaşmasıdır. Mən rejissoram, işim film çəkməkdir. Burda məsələ cəmiyyət deyil.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »