Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prezident İlham Əliyev 30 illik məğlub xalq sindromunu sındırmaqla, milli qürurumuzu bərpa etdi"
"Prezident İlham Əliyev 30 illik məğlub xalq sindromunu sındırmaqla, milli qürurumuzu bərpa etdi"

Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvimə əsasən, növbədənkənar prezident seçkilərində təbliğat kampaniyası davam edir. Ölkənin şəhər və rayonlarında, yaşayış məntəqələrində seçki mühiti hiss olunur. Namizədliyi qeydə alınmış şəxslərin hər biri üçün bərabər şərait yaradılmışdır.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yanvar ayının 15-dən bəri, Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili olaraq, Balakən rayonunda prezidentliyə namizəd İlham Əliyevin təbliğat kampaniyasında iştirak edir.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“Rayonun qəsəbə və kəndlərində, cəmiyyətin seçki hüququna malik müxtəlif təbəqələri ilə görüşlərdə bir daha əmin olursan ki, cənab Prezidentin fəaliyyəti hər kəsə bəllidir. Əldə olunan tarixi qələbələr, ölkənin hərtərəfli inkişafı və beynəlxalq nüfuzu barədə kifayət qədər məlumatlıdırlar. İndiki, informasiya kommunikasiya texnologiyaları üçün məkan anlayışı yoxdur. Dünyanın istənilən nöqtəsində baş vermiş hadisələr barədə məlumatlar sayılı saniyələr ərzində ən ucqar kəndlərə çatır. Bu baxımdan, kimin harada yaşaması fərq etmir”-deyən deputat vurğulayıb ki, seçki marafonunda yeddi nəfər iştirak edir. Və xalq təbii ki, hər bir namizədin cəmiyyətdəki çəkisi barədə məlumatlıdır. Deputatın fikrincə, bu səbəbdən də, İlham Əliyevin təbliğatını aparmaq olduqca asandır. Eyni zamanda şərəflidir.

“İlham Əliyev itirdiyimiz torpaqları işğaldan azad edən, dünya erməniliyinə və onlara havadarlıq edən güclü lobbi təşkilatlarına qalib gələn yeganə liderdir. Mən seçiciləri dünyada gedən mürəkkəb və çoxpilləli geosiyasi oyunlar barədə məlumatlandırıram. Dövlətin başında güclü liderin, beynəlxalq münasibətlər və təhlükəsizlik sistemini peşəkarcasına mənimsəmiş diplomatın olmasının gələcəyəmiz üçün təminatçı olduğunu qeyd edirəm”-deyə deputat əlavə edib.

Nəsib Məhəməliyev qeyd edib ki, İlham Əliyev, 30 illik məğlub xalq sindromunu sındırmaqla milli qürurumuzu bərpa etdi. Qalib xalq statusuna malik olduq. Deputat hesab edir ki, özünə hörmət edən hər kəs üçün böyük xoşbəxtlik ola bilməz.

“Bizim də, vahid xalq olaraq, cənab Prezidentə vəfa borcumuz var. Fevral ayının 7-də 10 milyonluq xalqın öz liderinin arxasında olduğunu dünyaya göstərməliyik. Güclü liderə, güclü mandat verməliyik. Xalqın verdiyi güclü mandat, növbəti 7 il üçün Azərbaycanın dövlət və milli maraqlarının beynəlxalq müstəvidə daha effektiv şəkildə müdafiəsini təmin edəcəkdir. Dünya, öz prezidentinin arxasında yumruq kimi birləşmiş 10 milyonluq xalqı görməlidir”-deyə deputat vurğulayıb.

P.S. 2020-ci il 44 günlük Vətən müharibəsindəqələbə qazanmaqla Azərbaycanın 30 illik işğalı, əzilmişliyi başa çatdı. Ötən il isə, 23 saatlıq lokal antiterror əməliyyatı ilə Qarabağımıza qovuşduq. Qalibiyyətimizdən 3 il tam keçib. Artıq işğaldan azad edilmiş torpaqlarımızda bərpa quruculuq işləri aparılır. Birinci Qarabağ müharibəsi və işğal dövründə öz dədə-baba torpaqlarından didərgin düşmüş şəxslər hissə-hissə, bərpa edilmiş bölgələrə köçürülür. Bir zamanlar işğal altında olan, dağıdılan və yağmalanan ərazilərimizdə yeni bir həyat başlayır. Bu azadlığı, bu qüruru hər bir Azərbaycanlı hiss etməlidir. Artıq müxtəlif ölkələrdə olan azərbaycanlılar qürurla “mən azad Azərbaycanın vətəndaşıyam” deyə bilir. Bu qüruru, bu azadlığı bizə, cənab ali baş komandan İlham Əliyev yaşadıb. Onun uzaqgörən siyasəti nəticəsində, Qarabağ, işğal altında olan torpaqlarımız erməni tapdağından azad edilib.

Yadıma gəlir, 30 il boyunca xalqın Qarabağla və itirilmiş torpaqlarla bağlı ümidsizliyi.. Və ümidsizliyi İlham Əliyev aradan qaldırdı, cəmi 44+1 günə…

Qarşıdan 7 fevral prezident seçkiləri yaxınlaşır. Səsvermə hüququ olan hər bir azərbaycanlı bu hüququndan istifadə etməlidir. Unutmamalıyıq, tarixi xalq yazır seçdiyi ilə, güvəndiyi ilə. Azərbaycan xalqı da tarixini özü yazacaq qüdrətə sahib bir xalqdır. Bu seçki hər bir azərbaycanlının rifahı üçün, hər bir azərbaycanlı gəncinin gələcəyi üçün çox önəmli və böyük əhəmiyyət kəsb edən bir seçkidir. Bu səbəbdən də, gənclər öz gələcəklərinə səsverməyə qürurla getməlidir…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.

Son xəbərlər
Bütün xəbərlər »