Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qrossi: "İran yüksək zənginləşdirilmiş uranın istehsal sürətini azaldıb"
Qrossi: "İran yüksək zənginləşdirilmiş uranın istehsal sürətini azaldıb"

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarının yaradılması tempini əhəmiyyətli dərəcədə azaldıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə “The New York Times” qəzetinə müsahibəsində bildirib.

Qrossinin dediyinə görə, yüksək zənginləşdirilmiş uran istehsalının artımı çox güman ki, azalıb. Bununla belə, MAQATE-nin baş direktorunun sözlərinə görə, İran zənginləşdirilmiş uranın yığılmasını 60%-ə çatdırmaqda davam edir ki, bu da gələcək zənginləşdirmə ilə nüvə silahı yaratmaq üçün istifadə oluna bilər: “Bir qədər yavaşlama var. Onlar hələ də tədarükləri artırırlar, lakin daha yavaş templə”, - deyə MAQATE-nin baş direktoru bildirib.

Qəzetin yazdığına görə, Tehran nüvə sazişi üzrə ABŞ-la danışıqları bərpa etmək səyləri çərçivəsində belə addımlar atıb.

Dekabrın 26-da "Reuters" agentliyi MAQATE-nin hesabatına istinadən xəbər verib ki, İran uranın zənginləşdirilməsi sürətini ayda 3-dən 9 kq-a qədər olmaqla 60%-ə çatdırıb. Bu məlumatlara görə, İslam Respublikası noyabrın sonundan uranın zənginləşdirilməsi sürətini artırmağa başlayıb. Daha əvvəl "Reuters" agentliyi MAQATE-nin məxfi hesabatına istinadla bildirmişdi ki, İranda 60%-ə qədər zənginləşdirilmiş uranın var ki, sonrakı zənginləşdirmə ilə bu, üç atom bombası yaratmaq üçün kifayət edəcək. MAQATE-nin təsnifatına görə, silah istehsal etmək üçün uranın 90%-ə qədər zənginləşdirilməsi lazımdır və nüvə yükü yaratmaq üçün təxminən 42 kq material “nəzəri cəhətdən kifayətdir”. İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bu məlumatları təkzib edib.

Dekabrın 19-da “Avrotroyka” ölkələri (Fransa, Almaniya və Böyük Britaniya) MAQATE-nin məlumatlarına istinadən bildiriblər ki, İranın yüksək zənginləşdirilmiş uran ehtiyatları (60%-ə qədər) Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə müəyyən edilmiş 202,8 kq səviyyəsindən 22 dəfə çoxdur. Bununla bağlı üç ölkənin nümayəndələri qeyd ediblər ki, İran 4 ildən artıqdır ki, BMT Təhlükəsizlik Şurasının JCPOA-nı təsdiq edən 2231 saylı qətnaməsində göstərilən öhdəlikləri pozur.

2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya Tehranın nüvə proqramı ətrafında böhranı aradan qaldırmaq məqsədi ilə İranla JCPOA imzalayıblar. ABŞ-ın əvvəlki prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib. Amerika administrasiyasının hazırkı rəhbəri Co Bayden Vaşinqtonu nüvə sazişinə qaytarmağa hazır olduğunu dəfələrlə bəyan edib. Bununla belə, JCPOA-nın bərpası ilə bağlı danışıqlar tam şəkildə pozulub. 2022-ci ilin noyabrında Bayden Demokrat seçiciləri ilə qapalı görüşdə İranın nüvə sazişinin faktiki olaraq öldüyünü etiraf edib, baxmayaraq ki, Vaşinqtonun bu mövqeyini ictimaiyyətə açıqlamaq niyyətində olmadığını söyləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »