"2021-ci ilin 30 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “TAMMETRAJLI BƏDİİ FİLM LAYİHƏLƏRİNƏ DƏSTƏK – 2022” layihəsinin nəticələri ilə bağlıdır.
Məlumat üçün bildirim ki, 2021-ci il, 30 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin veb səhifəsində elan olunan layihənin keçirilməsində məqsəd –“milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq” idi.
2022-ci il 18 mart tarixində Azərbaycan Dövlət Film Fondunda pitçinq keçirilib və bu pitçinq Fondun “YouTube” səhifəsində də canlı yayımlanıb. 8 aprel 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin veb səhifəsində və bir çox rəsmi və özəl xəbər portallarında yekun nəticələr elan olundu. Qalib gələn 7 layihə bu günə kimi reallaşdırılmayıb. Bu da kinematoqrafçılar arasında narazılığa gətirib çıxarır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən rəsmən elan olunan, büdcəsi açıqlanan və xeyli vaxt sərf edərək hazırlaşıb iştirak etdikləri layihənin 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq nə üçün yekunlaşmadığı, müqavilələrin bağlanmasının nə üçün gecikdiyinin araşdırılması və problemin həll olunması üçün dəstəyinizi əsirgəməyəsiniz"
Kinematoqrafçılar: Türkan Hüseyn, Tahir Tahirovic, Emin Əfəndiyev, Natiq Rəsul, Nicat Dadaşov, Ayşad Səfərov, Vidadi Rüstəmov, Fehruz Şəmiyev