Azərbaycanda avtomobillərin sayı hətta 2024-cü ildə də 2 milyona çata bilər. Ölkəyə avtomobil idxalının yükü hər il artır. Keçən il Azərbaycana 88 mindən çox minik maşını gətirilib. Beləcə, say 1,8 milyona çatıb. 2022-ci ildə cəmi 68 min 684 avtomobil idxalı qeydə alınmışdı.
Bizimyol.info xəbər verir ki, Azərbaycana avtomobil gətirmək bahalaşıb. 2022-ci ildə ölkəyə gətirilən maşınlara görə 845 milyon dollar ödənmişdi. Keçən il məbləğ 1,5 milyard dolları aşıb. Təkcə məbləğ iki dəfəyə yaxın artmayıb, həm də bir avtomobilə xərclənən vəsait çoxalıb. Bir avtomobil 12,3 min dollara başa gəlirdisə, indi 17,2 min dollar ödəmək lazım gəlir.
Ölkəyə avtomobil gətirmək niyə bahalaşıb?
Hər şeydən əvvəl yaşı 10 ildən çox olan avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağa öz işini görüb. İstər-istəməz indi gətirilən maşınların qiyməti daha baha alınır. Çünki ən azı 2014-cü ildə istehsal olunmuş maşınlardan söhbət gedə bilər. Bundan başqa, elektromobillərə tətbiq edilən vergi güzəştləri aradan qaldırılıb. Nəzərə almaq lazımdır ki, bu nəqliyyat vasitələrinə maraq çox yüksəlib. Son bir ildə ölkəyə gətirilən elektromobillərin sayı 6 dəfədən çox artıb.
Hökumət nə fikirləşir?
Hökuməti daha çox ölkədən çıxan pullar qayğılandırır. Sanki köhnə maşınların gətirilməsi ürəyincə deyil. Həm ölkə maşın qəbiristanlığına çevrilir, həm də avtosalonlardakı təzə avtomobillərin satılması yubanır. Hökumət yerli istehsal barədə az düşünmür. Amma bunu həyata keçirmək heç bir konsepsiyası olmayan idarəçilər üçün problemdir. Başqa dövlətlərdən gətirilən hissələrin Azərbaycanda yığılıb avtomobilə çevrilməsi istehsal anlamına gəlmir. Ən azı bu strategiya ilə müştəri cəlb etmək olmaz. Ölkədə yerli istehsala onsuz da böyük inamsızlıq vardı. Avtomobil istehsalına insanlar, ümumiyyətlə, isti yanaşmır.
Hökumətin utilizasiya xərcləri tətbiq etməsi də köhnə maşınlara yaxşı baxmamasına görədir. Guya yeni avtomobil alınması təşviq olunur. Təbii ki, əsas sözü sosial şərtlər deyir. İnsanlar daha çox xidmət sektorunda fəaliyyət göstərmək, çörəkpulu qazanmaq üçün köhnə maşınlara üz tutur. Qiyməti qaldırmağa hesablanmış müxtəlif addımlar əhalinin sosial vəziyyətinin yalnız ağırlaşmasına xidmət edir.
Aytən, Bizimyol.info