Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İşğaldan azad edilmiş torpaqlarımızda tətbiq olunan güzəştlər ölkə iqtisadiyyatının inkişafında rol oynayacaq"
"İşğaldan azad edilmiş torpaqlarımızda tətbiq olunan güzəştlər ölkə iqtisadiyyatının inkişafında rol oynayacaq"

2020-ci ilin noyabr ayında Azərbaycan Silahlı Qüvvələri, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 il işğal altında qalmış Azərbaycan torpaqlarını düşmən işğalından azad etdi. Bu, Azərbaycan xalqı üçün əlamətdar hadisə idi. Bu gün isə əsas prioritet işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin öz doğma torpaqlarına qayıtmasıdır. Bu ərazilərdə normal yaşayış üçün hər cür şərait yaradılmalıdır. Bunun üçün isə, ilk növbədə azad edilmiş ərazilərin iqtisadiyyatını bərpa etmək lazımdır. Bu ərazilər zəngin mədəni və tarixi irsə malikdir. 44 günlük müharibədə qələbədən sonra bərpa işlərinə başlanıldı. Azad edilmiş ərazilərin bərpası unikal şəkildə həyata keçirilir. Bütün sahələrdə müasir texnologiyalar, “yaşıl” enerji zonasının yaradılması, yeni qəsəbələrin “ağıllı” şəhər və “ağıllı” kəndin tikintisi həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün müəyyən güzəştlər tətbiq edilir.

Bu gün iqtisadçı Əli Kərimzadə bu güzəştlərlə bağlı Bizimyol.info xəbər portalı oxucularını məlumatlandırıb.

iqtisadçı Əli Kərimzadə Əli Kərimzadə

- Əli bəy, iqtisadi fəallığın stimullaşdırılması üçün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən son güzəştlər barədə nə deyə bilərsiniz?

- Məlum olduğu kimi işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və biznes mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanmışdır. Belə ki, 2023-cü il yanvarın 1-dən işğaldan azad edilmiş ərazilərin rezidentləri olan fiziki və hüquqi şəxslər mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən 10 il müddətinə azad edilir. Bu güzəşt bölgə daxilində həyata keçirilən fəaliyyətdən əldə edilən satışdan kənar gəlirlərə də aiddir. Bundan əlavə, rezidentlərin müəyyən edilmiş müvafiq iqtisadi fəaliyyət sahələri üzrə idxal etdikləri texnoloji avadanlıq, qurğular, habelə xammal və materiallar on il ərzində ƏDV və gömrük rüsumundan azad edilib.

- Vergi təşviqi proqramı azad edilmiş ərazilərdəki səhmdarlara və hüquqi şəxslərə necə şamil edilir?

- Azad edilmiş ərazilərdə rezident olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri 2023-cü il yanvarın 1-dən etibarən vergidən 10 il müddətinə azad edilir.

- Otel xidmətləri üçün ƏDV-nin qaytarılması prosesi və onun turizmə təsiri barədə ətraflı məlumat verə bilərsinizmi?

- İşğaldan azad olunan ərazilərdə turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur. Bu stimul turizmin inkişaf etdirilməsini, ümumilikdə həm vətəndaşların, həm də sahibkarlıq subyektlərinin marağının artırırılması məqsədini daşıyır.

- İşğaldan azad edilmiş ərazilərdə vergi güzəştləri hansı sektorları əhatə edir?

- Vergi Məcəlləsinə edilən dəyişikliklər real sektorun bütün sahələrini, o cümlədən ticarət, xidmət, istehsal, tikinti, hasilat sənayesi və digər sahələri əhatə edir. Bu güzəştlər işğaldan azad edilmiş ərazilərdə müxtəlif təsərrüfat fəaliyyəti üçün əlverişli biznes və investisiya mühitinin yaradılmasına hesablanıb.

- Hökumət kreditlər və kredit faizlərinin subsidiyalaşdırılması baxımından sahibkarlara necə dəstək olur?

- Hökumət 500 milyon manatlıq kredit portfelini 450 milyon manata qədər dövlət zəmanəti ilə verir. Sahibkarlıq subyekti üçün dövlət zəmanəti ilə verilmiş kreditlərin ümumi məbləği illik faiz dərəcəsi 15 faizdən çox olmayan 5 milyon manatdan çox olmamalıdır. Kreditin müddətinin maksimum 7 il müddətində olması və 36 aya qədər faiz dərəcələrinin subsidiyalaşdırılması müəyyən edilmişdir.

- Məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması nədir və müddəti nə qədərdir?

- 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək məcburi dövlət sosial sığorta haqqının 100%-dən 40%-ə qədər mərhələli subsidiyalaşdırılması həyata keçiriləcəkdir.

- Əli bəy, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün kommunal xidmətlər necə həll olunur?

- İşğaldan azad edilmiş ərazilərdə istehsalat fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində kommunal xidmətlərə (elektrik, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə aylıq ödənişlərinin 20%-ni əhatə edən maliyyə yardımı veriləcəkdir.

- Əli bəy, bəs, işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislər üçün hansı xüsusi yanaşmalar və dəstəklər nəzərdə tutulub?

- Bu ərazilərdə çalışan mütəxəssislərə əlavə imtiyazlar, o cümlədən 5 təqvim günü əlavə məzuniyyət, aylıq vəzifə maaşına əlavələr və 600 manat birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur.

- Nəhayət, hökumət bu sahələrdə ekoloji cəhətdən təmiz texnologiyalar və bərpa olunan enerji mənbələrini necə dəstəkləyir?

- Hökumət ekoloji cəhətdən təmiz texnologiyalar qəbul edən və işğaldan azad edilmiş ərazilərdə “yaşıl inkişafa” töhfə verən investorları dəstəkləməyi planlaşdırır. Bura bərpa olunan enerji mənbələrindən istifadə və davamlı təcrübələrin tətbiqi üçün stimullar daxildir.

- Əli bəy, işğaldan azad edilmiş ərazilərdə hökumətin yaşayış binaları və özəl tərəfdaşlıqlarla bağlı səyləri barədə nə deyə bilərsiniz?

- Hökumət azad edilmiş ərazilərdə yaşayış binalarının tikintisini özəl tərəfdaşlıq (PPP) vasitəsilə yerli tikinti şirkətlərinə həvalə etmək üzərində fəal işləyir. Bu təşəbbüs sahibkarlar üçün əlverişli şərait yaratmaq və onların regionun inkişafında iştirakını təşviq etmək məqsədi daşıyır.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.

Son xəbərlər
Bütün xəbərlər »