Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının "tale yolları"nda əriyən ömür... Bakıda yaşayanlar "tıxacda gözləmə rekordu"na doğru gedir
Bakının "tale yolları"nda əriyən ömür... Bakıda yaşayanlar "tıxacda gözləmə rekordu"na doğru gedir

Ölkədə avtomobillərin sayı 1,8 milyona çatır. Hər il say artır. Buna uyğun olaraq tıxacların miqyası da böyüyür. Əlbəttə, paytaxt tıxaclarında əsas rolu təkcə avtomobillərin sayı oynamır. Amma sayı da əhəmiyyətsiz amil adlandırmaq olmaz.

Bizimyol.info xəbər verir ki, Milli Məclisin deputatı İltizam Yusifov tıxaclardan danışıb. O, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında Bakı sakinlərinin küçələrdə necə əziyyət çəkdiyini rəqəmlərlə ifadə etməyə çalışıb. Onun fikrincə, paytaxtda yaşayan hər kəs ömrünün ilyarımını tıxaclarda keçirir.

“Əgər hesab etsək ki, bir insan səhər 10-15, axşam da 10-15 dəqiqə tıxacda qalsa, bu ildə 7,6 gün edir. Azərbaycanda orta ömür həddinin 73 il olduğunu nəzərə alsaq, belə məlum olur ki, Bakıda yaşayan bir nəfər ömrünün 1,5 ilini tıxaclarda keçirir. Bu, həddindən artıq böyük rəqəmdir”.

Deputat nə dərəcədə haqlıdır? Həqiqətənmi Bakı sakinləri tıxacda böyük zaman itirir?

Əlimizdə konkret və rəsmi statistika yoxdur. Çünki dövlət qurumları bu haqda danışmağı çox da sevmirlər. Müşahidələr göstərir ki, İltizam Yusifov ümumi situasiyanı şişirtmir. Yəni hər sürücünün gün ərzində yollarda 20-30 dəqiqə tıxacda qalması mümkündür.

Bir müddət əvvəl avtomobil səhifələrinin birində sorğu da keçirilmişdi. Məlum olmuşdu ki, fikir bildirən sürücülərin əksəri son illər eyni məsafə qət etdiyi yollarda 10-15 faiz daha çox vaxt keçirməyə başlayıb.

Dünyada bu istiqamətdə vəziyyət necədir?

Araşdırmalar Los-Ancelesin tıxacın ən çox yaşandığı şəhər olduğunu ortaya çıxarıb. ABŞ şəhərində sürücülər ildə azı 102 saata tıxacda keçirir. Moskva və Nyu-Yorkda göstəricinin 91 saat olduğu bildirilir. Londonda sürücülər yollarda azı 74 saatını itirir.

Deputatın iddiası, Bakıda durumun daha acınacaqlı olduğunu göstərir. Belə çıxır ki, paytaxt sürücüləri 180 saatdan çox tıxacda qalır. İltizam Yusifov iki dəfə artıq rəqəm söyləyəcəyi halda belə, Bakıda vəziyyətin yaxşı olmadığını görərik. Günün az qala bütün saatlarında küçələrdə sıxlıqdır. Paytaxt eybəcər tale yaşamağa başlayıb. Yollardakı mənzərə böyük təəssüf doğurur. Atılan addımlar yalnız kosmetik xarakter daşıyır. Yolu bağlamaqla, avtomobilləri növbə ilə buraxmaqla problem həll etmirlər. Küçələrin genişləndirilməsi də çıxış yolu deyil. Köklü islahatlara, qəti addımlara ehtiyac var. Bunu əvvəllər də yazmışıq, Bakıda əsir həyatı yaşayan bölgə camaatı yaxşı şərtlərlə ev-eşiyinə qayıtmalıdır. İnsanlar bir parça çörək üçün yurdundan didərgin düşüb.

Bakı indi, bəlkə də, dünyanın ən tıxaclı şəhərlərindəndir. İnsan ömrünün bir neçə ili yollarda keçməməlidir. Buna heç bir halda imkan vermək olmaz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »