Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ölkəmizdə artan infrastruktur investisiya ehtiyacını qarşılamaq üçün dövlət-özəl tərəfdaşlığı önəmlidir"
"Ölkəmizdə artan infrastruktur investisiya ehtiyacını qarşılamaq üçün dövlət-özəl tərəfdaşlığı önəmlidir"

"Artan əhali sayı və urbanizasiya, o cümlədən də, ərazilərimizin işğaldan azad edilməsi infrastruktur investisiyalarına daha çox ehtiyac yaranmasına səbəb oldu. İnvestisiya layihələrinə ayrıla biləcək dövlət resurslarının məhdud olması, bir çox ölkələrin “dövlət-özəl sektor əməkdaşlıq” (public private sector cooperation) modelinə yönəlmələrinə gətirib çıxardı".

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova hesab edir ki,

ölkəmizdə də artan infrastruktur investisiya ehtiyacını qarşılamaq üçün, dövlət resurslarına əlavə olaraq alternativ maliyyələşdirmə modelləri, xüsusilə də, dövlət-özəl sektor tərəfdaşlıq modelləri istifadə oluna bilər.

iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova iqtisadçı-alim, beynəlxalq hüquq üzrə mütəxəssis Vüsalə Əhmədova

Alim qeyd edib ki, bu modellər üzrə ilk təşəbbüs Böyük Britaniya tərəfindən həyata keçirilmişdi və modelin İngiltərədə uğurlu tətbiqindən sonra bir çox ölkə tərəfindən tətbiq edilməyə başlandı. Dövlətdən başqa heç kimin edə bilməyəcəyi, yəni, özəl sektorun dövlətin iştirakı olmadan təkbaşına öhdəsindən gələ bilməyəcəyi və o cümlədən də, dövlətin tamamilə özəl sektora təhvil vermək istəmədiyi xidmətlərdə özəl sektorun iştirakını təmin etmək modelin əsas fəlsəfəsidir. Ümumi mənada, dövlət və özəl sektor arasında layihənin xərclərinin, risklərinin və gəlirlərinin bölüşdürülməsi yolu ilə müqavilə əsasında investisiya və xidmətlərin həyata keçirilməsi prosesidir.

“Xüsusilə inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrinin reallaşdırılması üçün bu modelə üz tutulur. Bu üsulu klassik üsullardan fərqləndirən ən mühüm xüsusiyyət, özəl sektorla əməkdaşlığın təkcə inşaat mərhələsində deyil, həm də istismar mərhələsində davam etməsidir. Məsələn, Türkiyədə geniş istifadə olunan “qur-işlət-transfer”, “qur-işlət”, “əməliyyat hüquqlarının transferi” və “qur-icarə ver” kimi modellər dövlət-özəl sektor əməkdaşlıq tətbiqlərinə misaldır. Dövlət-özəl sektor tərəfdaşlığının tətbiqi təkcə infrastruktur sahəsi ilə məhdudlaşmır, demək olar ki, əhaliyə xidmət üçün nəzərdə tutulan bütün sahələri əhatə edir”-deyə vurğulayan iqtisadçı bildirib ki, bunlar, tikinti, müxtəlif xidmətlərin göstərilməsindən tutmuş telekommunikasiya, məktəblər, xəstəxanalar və hətta həbsxana xidmətlərinə qədər geniş sahələri əhatə edir. Eynilə, enerji istehsalı və paylanması, su paylama şəbəkələri və kanalizasiya sistemləri, su kanalları və suvarma sistemləri, xəstəxanalar, təhsil oyektləri, həbsxanalar, stadionlar, rabitə və nəqliyyat, yollar, turizm, kənd təsərrüfatı, istehsal, mənzil tikintisi və digər sahələrdə model uğurla tətbiq oluna bilər.

“Məsələn, “qur-işlət-təhvil ver” modelində necədir? Dövlətə ait hər hansı bir xidmət sahəsi və ya ictimai işlər özəl müəssisə tərəfindən investisiya qoyularaq qurulur. Daha sonra, müəyyən müddət fəaliyyət göstərərək qoyulmuş kapitalın amortizasiyası və mənfəət əldə edildikdən sonra, obyekt və onun idarə edilməsi əvəzsiz olaraq müvafiq dövlət orqanına təhvil verilir. Lakin dövlət-özəl sektor tərəfdaşlığı modelində isə, dövlət heç bir zaman layihə üzərində nəzarəti itirmir. Məsələn, həmin xidmət sahəsi tam olaraq özəl sektorun təşəbbüsünə buraxılmadan, fəaliyyəti administrasiyanın tərtib etdiyi ənənəvi audit və məsuliyyət çərçivəsində həyata keçirilir”-deyə o əlavə edib.

Alimin sözlərinə görə, Avropada dövlət-özəl sektor əməkdaşlığının müxtəlif nümunələri mövcuddur. Son illərdə nəqliyyat sektoru, məktəblər, xəstəxanalar və həbsxanalar kimi binaların tikintisi və işlədilməsi dövlət-özəl sektor əməkdaşlığı ilə qurulur. AB ölkələrinin fərdi göstəricilərinə nəzər salsaq, modelinin tətbiqi baxımından Fransa, İspaniya və Almaniyada, eləcə də Böyük Britaniya öndədir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »