Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vətəndaşın müasir "qorxu"su: "Qurban olum, yoxlama"... - “Tərləmək”lə işimizi həll edə bilirik...
Vətəndaşın müasir "qorxu"su: "Qurban olum, yoxlama"... - “Tərləmək”lə işimizi həll edə bilirik...

İllərdir ki, yazırıq, şikayət edirik ki, müxtəlif sahələrdə korrupsiya, rüşvət baş alıb gedir. Son illərdə doğrudan da görürük ki, rüşvətin qarşısının alınması üçün dövlət tərəfindən ciddi tədbirlər görülür. Lakin yenə də bir çox müəssisələrin və ya dövlət qurumlarının qapısından içəri girəndə əl də cibə girir. Bəlkə də bunun günahı biz vətəndaşlardadır. Heç özümüz də bilmədən, ciddi bir xəstəliyə məruz qalmışıq. Əlimizi cibimizə atmasaq, sanki nəsə əskik qalır.

Bir nümunə çəkəcəyəm. Valideyn olanlar bilir ki, uşaq poliklinikalarında vəziyyət əvvələr və indi necədir. Əvvəllər dövlətin tabeliyində olsa da, valideynlər xəstəxana işçilərini "dolandırırdı". Daha sonra maaşlar artdı, TƏBİB-in tabeliyinə keçdi və s. gözlə görüləsi dəyişikliklər edildi. Lakin dəyişilməyən bir şey var. Deməli, bu dövlət müəssisələrinin qapısını açandan bağlayana kimi əlin cibində gəzirsən. Çaşıb cibindən əlini çıxartsan, vay sənin övladının halına...

Birdən elə bilərsiniz, əli cibində gəzirik ki, həkim övladımızı yaxşı yoxlasın. Xeyr, əzizlərim. Həkimlərə şirinlik veririk ki, övladımızı, ümumiyyətlə, yoxlamasın. Bəli, düz oxudunuz. Yoxlamasın. Hansısa xarici vətəndaş bunu oxusa, lap biabır olarıq. Gəl, indi yazığa başa sal ki, bizim bu poliklinikadakı həkimlərin yoxlamamağı yoxlamağından daha yaxşıdır.

Hələ ən dəhşətlisi də odur ki, biz “anası ölmüş”lər axı bilirik ki, uşağın barmağını deşib qanını almaqla deyil. Nəticələr nə halda çıxacaq. Ona görə də elə əvvəldən 2-3 manatımızdan keçib deyirik: “başına dönüm, yaz kağızı, ver!” Əlbəttə ki, "biz" deyəndə hamını nəzərdə tutmuruq. Necə deyərlər, kiminsə babalını yumayaq, əstəğfürullah.

Düşünməyin ki, bu problem təkcə səhiyyədədir. Yox, bir çox sahələrdə yoxlanmamaq üçün elə “şirinlik”ləri işə salırıq. Məsələn, başqa bir nümunə çəkim: Maşınları yoxlanışdan keçirmək vaxtı çatanda hər bir azərbaycanlı bilir ki, yaxşıca “tərləməlidir”. Yəni əlin ənənəvi olaraq cibində olmalıdır. Bəlkə də yeganə ölkəyik ki, “tərləmək”lə” işimizi həll edə bilirik. Bu sahədə də həmçinin pulumuzu veririk ki, “qurban olum, yoxlama”.

Maşından danışdıq, yadıma sürücülük vəsiqəsi düşdü. Biz ölkə olaraq, sürücülük vəsiqəsini imtahan verərək alan şəxs görəndə ilk sualımız bu olur: “həqiqətən, özün almısan, sən canı, düzünü de?”

Yollarda maşını yaxşı idarə edə bilməyən sürücü görəndə də elə ilk andaca ona “prava” verəni yad edirik. Çünki bilirik ki, sürücülük vəsiqəsini necə alıb.

Bu kimi yoxlanmamaq üçün pul verdiyimiz sahələri say-say bitməz. Məncə, bu qədər kifayət etdi. Bir sözlə, rüşvət verməyin bambaşqa bir “level”ini yaşayırıq. Allah dadımıza çatsın!

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »